"Türkiyənin Suriyaya qarşı mümkün əməliyyatı ən pis ssenari ola bilər" Peskov

“Suriyanın qanuni hakimiyyətinə və silahlı qüvvələrinə qarşı əməliyyat ən pis haldır. Gəlin ən pis ssenarilər haqqında düşünməyək”. SİA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Prezidentinin sözçüsü Dmitriy Peskov Türkiyənin Suriyada hərbi əməliyyat başlayacağı təqdirdə Rusiyanın necə reaksiya verməsi ilə bağlı suala cavab verərkən deyib.

O bildirib ki, Rusiya İdlibdəki vəziyyətin daha da gərginləçməməsi üçün Türkiyə tərəfi ilə təmasları davam etdirəcək: “İdlibdəki vəziyyətin daha da kəskinləşməməsi üçün türk həmkarlarımızla iş əlaqələrimizdən istifadə etmək niyyətindəyik”.

Moskvanın Türkiyə ilə son razılaşmalardan məmnun qalması məsələsinə gəlincə Kremlin sözçüsü deyib: "Biz bir il bundan əvvəl Soçidə əldə edilmiş razılaşmalardan məmnun idik. Lakin suriyalı silahlı qüvvələrə və Rusiya hərbi obyektlərinə qarşı terrorçu qrupların hücumunun İdlib ərazisindən başlaması ilə məmnuniyyətimiz başa çatdı”.

Türkiyə tərəfi ilə təmasların müxtəlif səviyyələrdə davam edəcəyini bir daha vurğulayan Peskov qeyd edib ki, hazırda iki ölkə liderinin Suriya ilə bağlı telefon danışığına dair konkret planlar yoxdur: “ Lakin prezidentlər sıx təmasdadırlar. Lazım gəlsə, qısa müddət ərzində razılaşdırıla bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə