Türkiyə danışıqlar prosesində düzgün addımlar atır - AÇIQLAMA

“Əvvəlcədən də proqnozlaşdırılıb ki, ümumiyyətlə, Türkiyənin Rusiya ilə bir yerdə olması inandırıcı görünmür”. Bunu SİA-ya açıqlamasında politoloq, siyasi şərhçi Arzu Nağıyev deyib.

A.Nağıyev bildirib ki, Türkiyə öz sərhədlərində Rusiya ilə partrul və Suriyadakı sözügedən ərazini qorumaq üçün birgə razılığa gəlib. “Lakin məlum məsələdir ki, Suriyada hər bir dövlətin öz maraqları var, bu istər ABŞ, istər Rusiya, istərsə də Türkiyə olsun. Lakin Rusiya Türkiyənin NATO üzvü olmasını bəzən qəbul edə bilmir və eyni zamanda Türkiyənin sərhdlərinə yaxın ərazilərdə, birbaşa özünün siyasi, iqtisadi, hərbi potensialına təsir edəcək amillər olan ərazilərdə müharibə gedir. Buna görə də tam şəkildə Rusiya ilə Türkiyənin bir yerdə qərar tutması gözlənilən deyildi”.

Siyasi şərhçi qeyd edib ki, Məhz ABŞ-ın artıq Rusiyanı lokallaşdıraraq birbaşa Türkiyə ilə bir mövqedə olması yavaş-yavaş özünü biruzə verməyə başlayıb. “Düşünürəm ki, bu proses davam edəcək. Yenidən həmin terrorçu dəstələrinin meydana gəlməsi mümkündür. İstər İsrail, istər İran, istrərsə də digər dövlətlər Suriyadan bir vasitə kimi istifadə edərək öz məram və məqsədlərini həyata keçirməyə çalışırlar. Əsas məqsəd də ondan ibarətdir ki, nəyin bahasına olursa olsun Türkiyəni bu proseslərdə daha da dərindən iştirak etməsini təmin etməkdir”.

A.Nağıyev vurğulayıb ki, məhz Türkiyənin son vaxtlar şəhid verməsi, eyni zamanda Rusiya ilə maraqlarının üst-üstə düşməməsi də bundan xəbər verir. “Əgər danışıqlar masasında marağı olan dövlətlər bu məsələyə son qoymazsa, Suriyada müharibə davam edəcəkdir. Ona görə də düşünürəm ki, Türkiyə NATO-nun üzvü olduğunu unutmadan danışıqlar prosesində düzgün addımlar atır. Təbii ki, Rusiyanın da özünün şəxsi maraqları var. Məqsədi isə özünün SSRİ zamanında Suriyada nə qədər hərbi bazaları varsa, hamısını bərpa etmək və ümumiyyətlə ərəb dünyasında əməliyyat şəraitinə nəzarəti ələ almağa çalışmaqdır”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə