Əli Əhmədov: “Azərbaycan gəncləri başqa niyyətlər üçün vasitə olması ilə razılaşmamalıdırlar” - MÖVQE

Əli Əhmədov: “Azərbaycan gəncləri başqa niyyətlər üçün vasitə olması ilə razılaşmamalıdırlar” - MÖVQE

Qara, çirkli qüvvələrə xidmətə cəlb edilən gənclər ayılmalıdırlar. SİA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

 

YAP-ın icra katibi vurğulayıb ki, Azərbaycan gəncləri başqa niyyətlər üçün vasitə olması ilə razılaşmamalı, Azərbaycan dövləti və xalqının maraqları ilə bir yerdə olmalıdırlar. O, qeyd edib ki, Azərbaycan gənclərinin bir hissəsinin çirkin qüvvələrə xidmət etməsi təəssüfləndirici olardı.

 

Ə.Əhmədov jurnalistlərə açıqlamasında ATƏT-in Sahə Qiymətləndirmə Missiyasının hesabatına da münasibət bildirib. Azərbaycanın həmsədrlərdən də, Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb olunmuş bütün qurumlardan da münaqişənin ədalətli həllini gözlədiklərini deyən YAP-ın icra katibi bildirib ki, münaqişənin törətdiyi acı nəticələrin qısa müddətdə aradan qaldırılması Azərbaycan xalqının istəyidir: "Bizim üçün ən vacibi odur ki, münaqişənin həllinə ciddi yanaşılsın. Münaqişə ədalətli həll olunsun. Son hesabatda müəyyən qədər obyektiv məqamlar da var. Bununla yanaşı, sənəddə Azərbaycanın mövqeyini və ümumiyyətlə, prosesin həqiqi parametrlərini özündə əks etdirməyən cəhətlər də əksini tapıb".

 

Ə.Əhmədov fikrincə xoşagəlməz hal onda olur ki, bu cür araşdırma komissiyaları, monitorinq qrupları münaqişənin həllinin uzadılmasına xidmət etmiş olsun: "Biz istəyirik ki, münaqişə qısa zamanda həll olunsun. ATƏT həmsədrlərinin ayrı-ayrı bəyanatları artıq 20 ildir, səslənir. Demək istəməzdim ki, bu cür bəyanatların əhəmiyyəti yoxdur, ancaq Azərbaycan cəmiyyətində belə əhval-ruhiyyə var ki, Minsk Qrupunun həmsədrləri daha çox turistlərə bənzəyirlər. Minsk Qrupu üzərinə götürdüyü missiyanı yerinə yetirmək üçün yalnız bəyanatlarla kifayətlənməməli, verilən bəyanatlar yerinə yetirilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə