2019-cu ildə mətbuat nə qazandı? RƏYLƏR-ÖZƏL

Artıq ilin sonuna sayılı günlər qalıb. Açıqlanan statistik rəqəmlər 2019-cu ilin ölkəmizin hərətərəfli inkişafında mühüm əhəmiyyət kəsb etdiyini deməyə əsas verir. Ekspertlər tərəfindən açıqlanan rəylərdə də bu ilin uğurlu, əlamətdar, xoş hadisələrlə yadda qaldığı vurğulanır. Əldə olunan nailiyyətlərin işıqlandırılması, ictimaiyyətə çatdırılmasında mətbuatın əvəzsiz rolu var. Belə olan halda, bəs görəsən 2019-cu il mətbuata nələri qazandırdı?

Bu il nə ilə yadda qaldı?

Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov söyləyib ki, media bütün çatışmazlıqlarına rəğmən mütərəqqi ruhlu, dövlətçilik prinsiplərinə sadiqdir. O bildirib ki, Azərbaycan mediası cəmiyyətin istək və arzularının ifadə olunduğu etibarlı tribunadır: “2019-cu il də bu baxımdan yadda qalan oldu. Mediamız cəmiyyətdə baş verən dəyişikliklərə adekvat münasibət ortaya qoymağı bacardı. Hesab edirəm ki, bu münasibət böyük ölçüdə peşəkar idi. Peşəkarlıq isə yalnız sırf jurnalistika prinsiplərinə riayət etməklə bağlı deyil, həm də mütərəqqi niyyət göstəricisidir”.

Şura sədri vurğulayıb ki, media ictimai institut kimi özünü təsdiqləməklə təkcə Azərbaycanla deyil, bütövlükdə Cənubi Qafqaz regionu ilə bağlı etibarlı informasiya mənbəyidir: “Hesab edirəm ki, 2019-cu ildə də bunun konkret nümunələrini gördük. Biz bilirik ki, Kütləvi İnformasiya Vasitələrimizin ölkənin reklam bazarında təmsilçiliyi zəifdir. İqtisadi cəhətdən özünü təmin edə bilməmək istər-istəməz onların müstəqilliyinə mənfi təsir göstərir. Əlbəttə, Azərbaycanda mediaya sistemli dövlət qayğısı var və bu, dövlət siyasətimizin mühüm tərkib hissəsidir. Ancaq onu da nəzərə alaq ki, bu siyasətin məqsədi KİV-lərin tam müstəqilliyinə nail olmaqdır. Deməli, məsələyə daha sistemli baxış həm də reklam məsələlərinə ciddi yanaşmadan keçməlidir”.

Mediadan gözləntilər...

Ə.Amaşov mediadan gözləntilərinin də böyük olduğunu dilə gətirib: “Əlbəttə, mediadan gözləntilər böyükdür. Məsələni iki aspektdən dəyərləndirmək mümkündür. Birincisi, jurnalistika cəmiyyət üçün hər zaman əlahiddə peşə kimi qəbul olunub. Buna görə də hər kəs onu, xüsusi bir yanaşması olmadan da, daha fərqli və rəngarəng görmək istəyir. Digər tərəfdən, məsələyə peşəkar baxış var. Biz vəziyyəti bilirik. Problem və çatışmazlıqları da həmçinin. Media qanunvericiliyi baxımından da həlli vacib məsələlər var. İnternet medianın hüquqi statusunun müəyyənləşdirilməsindən tutmuş, diffamasiya haqqında qanunun qəbulunadək bir çox məqamları qeyd edə bilərik”.

Zəruri atılmalı ADDIMLAR

KİV sahəsindəki fəaliyyətlə bağlı hüquqi tənzimləmələr ehtiyac olduğunu deyən Milli Məclisin deputatı vurğulayıb ki, KİV-lərin təkrar qeydiyyatının aparılmasını zəruridir: “Bilirsiniz ki, hazırda Ədliyyə Nazirliyinin reyestrindəki 5250 rəqəmi media fəaliyyətinin göstəricisi baxımından real deyil. Buna görə KİV-lərin təkrar qeydiyyatı aparılmalıdır. Onların qeydiyyatında qanunla müəyyənləşdirilmiş qaydada KİV yaratmaq hüququnun yeni mexanizmləri tətbiq edilməlidir ki, müəyyən nizam yaranmış olsun.

Ümumən görüləcək işlər yetərincədir. İnanıram ki, ölkəmizdə bütün sahələrdə həyata keçirilməkdə olan islahatlar medianın yuxarıda qeyd etdiyim problemlərinin həllinə müsbət təsirini göstərəcək. 2020-ci ildən gözləntilərim də bununla bağlıdır”.

İdeoloji sahədə medianın etdikləri

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev vurğulayıb ki, 2019-cu il də mediamızın tarixində pozitiv əlamətlərə malik illərdən biri kimi qalacaq: “Buna çoxsaylı ciddi əsaslar var. Media həm peşəkar informativ fəaliyyət müstəvisində, həm də müstəqil dövlətçiliyə və azərbaycançılığa ideoloji təminat yaratmaq sahəsində öz missiyasını ləyaqətlə yerinə yetirdi. Bu il Azərbaycanın dünyadakı yerini daha da möhkəmləndirən bir sıra beynəlxalq tədbirlərin Bakıda uğurla keçirilməsi, ilk növbədə dövlətimizin və şəxsən Prezidentin liderlik gücünün təzahürü oldu, eyni zamanda bu tədbirlərin əsl mahiyyətinin müxtəlif qarayaxma qruplarının qəsdindən qorunması və təbliğ olunması məhz dövlətçi və vətənpərvər mediamızın üstün səyləri ilə başa gəldi. Dövlətçi və peşəkar medianın güclü dövlətçiliyin əsas şərt və əlamətlərindən biri olduğu 2019 -cu ildə bir daha sübuta yetirildi”.

Mətbuat dövlət dəstəyindən necə bəhrələndi?

Baş redaktor söyləyib ki, 2019-cu il mediamıza dövlət dəstəyinin özünü ardıcıl şəkildə doğrultduğu növbəti illərdən biri kimi tarixdə qalacaq: “Mediaya dövlət dəstəyinin qaralanması səylərinin uğursuzluğa düçar olmasını da 2019-cu ilin əlamətdar göstəricilərindən biri saymaq olar. İlimiz çap medianın dövlət tərəfindən maliyyələşdirilməsi sahəsində nəzərəçarpan islahatlarla da tarixə düşür və bu islahatlar seçılmış yolun əsas prinsip və qaydaları saxlanılmaqla yəqin davam etdiriləcək. Üstəlik elektron medianın dövlət maliyyələşmə mexanizmlərinin ilk əsaslarının yaradılmasına doğru müəyyən uğurlu müzakirələrin də aparıldığını qeyd etmək lazımdır. Mediamıza dövlətin dəstəyi Prezidentin dövlətçilik siyasəti ətrafında geniş ictimai həmrəyliyin ən səmərəli təminat mexanizmidir. Yola saldığımız il bunun təsdiqi baxımından Prezident-media münasibətlərində çoxsaylı faktlarla əlamətdar oldu. Azərbaycan dövlətinin media siyasətini nüfuzdan salmaq cəhdləri təəssüf ki, səngiməyib və onun uğursuz təzahürlərini 2019-cu ildə də zaman-zaman gördük”.

Neqativ hallar azaldımı?

A.Quliyev qeyd edib ki, 2019 -cu il çap və elektron media sahəsində neqativlərin azalmağa yön aldığı il kimi də xarakterikdir: “Azərbaycan cəmiyyətinin cari və analitik informasiyalara tələbatının ödənməsində, habelə daxili və xarici informasiya təxribatlarının zərərsiz hala gətirilməsində milli media resurslarımızın böyük rol oynaması 2019-cu ildə bir daha sübut olundu. Proses davamlı şəkil alıb və növbəti illərdə də davam edəcəyinə möhkəm iradə və təminat var. Geniş imkanlara malik sosial şəbəkələri Azərbaycan dövlətçiliyinin əsasları əleyhinə yönəltmək səylərinin ifşa edilməsində çap və elektron medianı təmsil edən jurnalistlər ordumuzun müstəsna xidmətləri özünü bu il də göstərdi. 2019-cu il çap və elektron media təmsilçilərinin ictimai və dövlət həyatında getdikcə öz fəallığını artıran peşə qrupuna çevrildiyini daha qabarıq göstərmək baxımından da əlamətdardır. Hazırda Milli Məclisə seçkilərdə jurnalistlərin nisbi üstün fəallıq göstərməsi də təsadüf deyil və demoqrafik proseslərdə peşə aktivliyi reytinqinə görə jurnalistlərimizin yaxşı mənada daha pozitiv iddialı qüvvəyə çevrilməsinin göstəricisidir. Bütün bunların dövlətimiz və onun rəmzi olan şəxsən Prezidentin qanuni dəstəyi və himayəsi altinda gedən proses olduğu şübhəsizdir. Media və jurnalistlər ordusu Azərbaycan dövlətinin və ölkə cəmiyyətinin ayrılmaz tərkib elementi kimi daha da möhkəmləndi və inkişaf etdi”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...