Əli Əhmədov: “YAP müxalifət partiyaları ilə dailoqun tərəfdarıdır və heç zaman bundan yaxasını kənara çəkməyib” - MÜNASİBƏT

Əli Əhmədov: “YAP müxalifət partiyaları ilə dailoqun tərəfdarıdır və heç zaman bundan yaxasını kənara çəkməyib” - MÜNASİBƏT

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar siyasi partiya nümayəndələrinin hər birinin mövqeyi üst-üstə düşür. Mən bunu ayrıca vurğulamaq istəyirəm və hesab edirəm ki, bu, Azərbaycanın siyasi partiyalarının vətənpərvərlik mövqeyində dayandğının bariz ifadəsidir". Bunu YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalisin Azərbaycandakı siyasi partiyaların rəhbərləri ilə görüşünə münasibət bildirərkən deyib. O, qeyd edib ki, görüşdə siyasi proseslərlə əlaqədar siyasi partiyalar özlərinin düşüncələrinə və baxışlarına uyğun olaraq fikirlərini ifadə ediblər: "ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis səfərinin mahiyyəti və məqsədləri ilə əlaqədar məlumat verdi. Görüşdə iştirak edən siyasi partiyaların təmsilçiləri siyasi proseslərlə əlaqədar öz mövqelərini bildirdilər. İlk növbədə onu vurğulamaq istərdim ki, bizim baxışlarımız müxalifət nümayəndələrinin baxışlarından kəskin şəkildə fərqlənir. Amma bu normal bir haldır. Azərbaycanın reallıqlarını olduğu kimi qavrayırıq, görürük və dəyərləndiririk. Başqa birisi isə bunu tamam başqa cürə dəyərləndirir. Bunu da normal qəbul etmək lazımdır. Tərəflər öz mövqelərini ortaya qoydular, münasibətlərini bildirdilər və maraqlı bir görüş keçdi".

 

"Yeni Azərbaycan Partiyası müxalifət partiyaları ilə ATƏT-in təşkilatçılığı ilə təşkil olunması nəzərdə tutulan dəyirmi masaya hazırdırmı" sualına cavabında Əli Əhmədov: "Bilirsiniz ki, müxtəlif məsələlərlə əlaqədar görüşlərdə bir yerdə oluruq. Fikirlərimizi ifadə edib, diskussiyalarımızı aparırıq. Bunun özü də dialoq kimi bir şeydir. Amma prinsip etibarı ilə dialoqun tərəfdarıyıq, heç zamanda bundan yaxamızı kənara çəkməmişik. Bu gün də mövqeyimizdə dəyişiklik yoxdur"- deyə cavablandırıb.

 

Qeyd edək ki, bu gün Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalisin Azərbaycandakı siyasi partiyaların rəhbərləri ilə görüşü keçirilib. ATƏT-in Bakı Ofisinin rəhbəri Ali Bilgə Cankorelin də iştirak etdiyi görüşdə YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Ədalət Partiyasının sədri İlyas İsmayılov, BAXCP sədri Qüdrət Həsənquliyev, Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, ALP sədri Əvəz Temirxan və Ümid Partiyasının sədri İqbal Ağazadə iştirak edirlər.

 

ATƏT sədri çıxışında Azərbaycanın Avropada və regionda vacib ölkə olduğunu bildirib. O, ölkədə demokratik islahatlar aparılmasının vacibliyini vurğulayıb . A.Ajubalis Azərbaycanda partiyaların həm parlamentdə, həm də parlamentdən kənarda normal fəaliyyət göstərə bilməsinin vacibliyinə toxunub. O, Azərbaycanın seçki qanunvericiliyinə müəyyən dəyişikliklər edilməsinin zəruriliyini və Azərbaycanın demokratiya yolunu seçdiyini vurğulayıb.

 

Daha sonra görüş media təmsilçilərinin iştirakı olmadan davam etdirilib. Qeyd edək ki, dəvətli olan AVP, VBP, BQP sədrləri və AXP nümayəndəsi Pənah Hüseyn görüşə qatılmayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə