Partiyanın növbəti qurultayı ərəfəsində vəziyyət gərginləşib
Müsavat partiyasının daxilində yaranmış gərginlik davam edir. Belə ki, bu gərginliyin əsas səbəbi daha öncələr də olduğu kimi, qurultay məsələsidir. Daha doğrusu, hələ 2014-cü ildə baş tutmuş qurultayın səsi-sədası hazırda da davam edir. Bu reallıq isə belə deməyə əsas verir ki, sabiq başqan İsa Qəmbərin saxtakarlıq yolu ilə öz yerinə Arif Hacılını təyin etməsi və bunun ardınca yaranan narazılıqlar səngiməyib, əksinə artıb. Təbii ki, istefaları, ya da istefa verənlərin əksəriyyətinin ayrı-ayrı təşkilat və hərəkatlarda birləşmələrini də buraya əlavə edərsək, Müsavatın qarşıdan gələn qurultayı söz yox ki, daha qalmaqallı keçəcək.
Yadigar Sadıqlının Müsavat rəhbərliyinə qarşı çıxışları ilk dəfədir ki, deyil
Xüsusilə, partiyanın Divan üzvü Yadigar Sadıqlının başqanlığa namizəd olacağı ilə bağlı irəli sürdüyü iddiası da bu cür düşünməyə vadar edir. Artıq bu məsələ Müsavat partiyasının bağlı qrupunda ən çox danışılan mövzuya çevrilib. Hətta A.Hacılının müavini Səxavət Soltanlı sətiraltı ifadələri ilə Y.Sadıqlını və tərəfdarlarını təhqir edərək onları “murdar”, “savadsız” və s. adlandırıb. Bu barədə saytımızda daha geniş və müfəssəl məlumatlar verilib və həmin yazını təqdim olunan linkdən oxuya bilərsiniz. http://sia.az/az/news/politics/753559.html
Lakin bu arada onu da xatırlatmaq olar ki, əslində, Y.Sadıqlının Müsavat rəhbərliyinə qarşı çıxışları ilk dəfədir ki, deyil. Məsələn, bir müddət öncə, bu ilin aprelində Müsavat Divanının üzvü partiya başqanına qarşı sərt ittihamlarla çıxış edib və həmin çıxışını “Facebook” sosial şəbəkəsindəki səhifəsində ictimailəşdirib.
Yadigar Sadıqlı bir müddət əvvəl yazmışdı: “Arif Hacılının xeyir-duası ilə məni satqın, öyrədilmiş, Müsavatı parçalayan elan etmək uğrunda yarış gedir”
Y.Sadıqlı, A.Hacılını partiya daxilində yaranmış avtoritar idarəçiliyi, səriştəsizliyi etiraf etməyə çağırsa da, Hacılı qruplaşması ona qarşı hücuma keçərək onu təhqir edib, aşağılayıblar. Y.Sadıqlı onu da yazmışdı ki, A.Hacılı söz verdiyi kimi mübarizəni müxalifət daxilindən çıxarıb, amma hakimiyyətə qarşı deyil, partiya daxilinə yönəldib. Sadıqlının haqlı iradlarına qarşı çıxış edən Hacılı qruplaşması isə əvəzində onu satqın, xəyanətkar adlandırıblar. SİTAT: “Müsavat partiyası üzvlərinin sosial şəbəkədəki qapalı qrupunda başqan Arif Hacılının xeyir-duası ilə məni satqın, öyrədilmiş, Müsavatı parçalayan elan etmək uğrunda yarış gedir. Kimlərin etdiyini soruşmayın, əksəriyyətini heç tanımazsınız, profillərində hakimiyyət əleyhinə söz tapmazsınız”.
Bu arada, Y.Sadıqlının və tərəfdarlarının Müsavatın Divan toplantısında sonuncu xəbərdarlıq almaları suyu daha da bulandırıb. Onlar partiyadaxili mübarizələrini daha da artıracaqlarını, A.Hacılının Müsavat partiyasını şəxsi əmlakı kimi istifadə etməsinə imkan verməyəcəklərini bəyan ediblər. Onu da qeyd edək ki, Y.Sadıqlı hələ bir müddət əvvəl müsavatdaxili rejimə etiraz edərək, partiya başqanının müavini vəzifəsindən də istefa vermişdi. İndi isə, onun tərəfdarları ilə birgə daha barışmaz və ardıcıl hücumlar edəcəyini istisna etmək olmaz. Hər halda, baş verənlər göz qarşısındadır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB