Qurultay öncəsi sərt və amansız ittihamlar, hətta sətiraltı təhqirlər artan xətlə inkişaf edir
Yəqin ki, Müsavatın sonuncu qurultayından sonra baş verən qalmaqallar və partiyadaxili narazılıqlar barədə çoxlarının məlumatı var. Xüsusilə, qurultay zamanı başqanlığa namizədlərin başqan seçkisi zamanı saxtakarlıqlara yol verilməsi barədə irəlin sürdükləri iddialar, bunun ardınca isə verilən istefalar hələ də söz-söhbət olaraq qalmaqdadır. Ümumiyyətlə, sabiq başqan İsa Qəmbərin öz yerini açıq-aydın şəkildə Arif Hacılıya təhvil verməsi müsavatdaxili problemlərin tükənmədiyini, əksinə artdığını isbatlayır.
Partiyanın Divanı başqanlığa iddialı Yadigar Sadıqlını və tərəfdarlarını hədəfə aldı
Bu arada, Müsavatın növbəti qurultayı yaxınlaşır və indi də həmin qurultay ətrafında kəskin polemikalara start verilib. Xüsusilə, Müsavatın Divan üzvü Yadigar Sadıqlının hazırkı başqan A.Hacılıya opponent olacağı barədə açıqlama verməsi qarışıq vəziyyətin çərçivədən çıxmasına səbəb olub. Hətta sonuncu iclasda Y.Sadıqlının özü iştirak etməsə belə, həm ona, həm də ona dəstək verən digər Divan üzvlərinə - Yafəz Həsənova, Könül Şamilqızına və Nemət Kərimliyə xəbərdarlıqlar olunub. Xəbərdarlıq Y.Sadıqlının və ona dəstək göstərən qrup üzvlərinin Müsavat daxilində qəsdən gərginlik yaratmaq cəhdlərinə görə verilib ki, qarşı tərəf bu ittihamları rədd edir.
Yadigar Sadıqlının ittihamı: “Müşahidə etdiyimiz isterik reaksiya ağızları yummaq cəhdi ya arqument çatışmazlığından doğur, ya da antidemokratik zehniyyətdən...”
O da əbəs deyil ki, Y.Sadıqlıya xəbərdarlıq ediləndən sonra o dərhal sosial şəbəkə vasitəsi ilə status paylaşıb və yazıb: “Müsavat Partiyasının növbədənkənar Divanı keçirilib. Lənkəranda olduğum üçün iştirak edə bilmədiyim iclasda partiya Nizamnaməsinə zidd qərar qəbul edilib. Seçki rəqabəti zamanı qaçılmaz olan tənqidlərə, iradlara normal reaksiya verib partiyanı müsbət mənada gündəmə gətirmək, burada plüralist mühitin, ədalətli rəqabətin olduğunu göstərmək mümkün idi. Bunun əvəzində müşahidə etdiyimiz isterik reaksiya (bunun 95%-i qapalı qrupdadır, çox şeyi ictimaiyyət bilmir), ağızları yummaq cəhdi ya arqument çatışmazlığından doğur, ya da antidemokratik zehniyyətdən. Ya da hər ikisindən”.
Başqan müavini Səxavət Soltanlı dərhal cavab verib: “İnsanlar kimin nəyi niyə görə etdiyini, murdar əməllərini duyğu sümrüsü ilə gizlətmək cəhdlərini yaxşı görür...”
Y.Sadıqlının statusu isə, A.Hacılı tərəfdarlarının qıcığına səbəb olub və onun müavini Səxavət Soltanlı dərhal cavab yazıb, onu savadsız adlandırıb, üstəlik iddia edib ki, Divanın iclasında ona və dəstəkçilərinə verilən xəbərdarlıq haqlıdır və s. SİTAT: “Müsavat Divanının son iclasında iştirak edən Divan üzvləri hamılıqla (yekdilliklə) səs verərək bir siyasi qərar verib. 4 nəfərə- əməlləri konkret göstərilməklə bəzi davranışları ilə “partiyaya zərər vurduqlarını”, onların diqqətinə çatdırmağı, “bu kimi davranışları dayandırmağın lazım olduğunu” bildirməsini nizamnaməyə zidd hesab etmək yalnız bilgisizlik (savadsızlıq) deyil. Bununla yanaşı demokratiya, səsvermə mədəniyyətinin hələ də qavranılmamasının göstəricisidir. Divanın son qərarı hansısa cəza deyil, siyasi uyarıdır. Konkret davranışlara siyasi qiymət verməkdir. Hansısa əmələ, hadisəyə siyasi qiymət vermək üçün hadisənin baş verməsi kifayətdir. Azərbaycan Respublikasının qanunlarını da, partiya nizamnaməsini və proqramını kobud şəkildə pozmaqla insanları təhqir etmək, şər-böhtan səsləndirmək, şəxslərin və partiyanın nüfuzuna zərbə vurmaq kimi əməllərə siyasi qiymət vermək nizamnamə pozuntusuymuş.
Bərk bağırmaqla haqlı görsənmək dövrü geridə qalıb. İnsanlar kimin nəyi niyə görə etdiyini, murdar əməllərini duyğu sümrüsü ilə gizlətmək cəhdlərini yaxşı görür...”
Səxavət Soltanlı Yadigar Sadıqlıya dəstək verənləri “murdar” adlandırıb
Lakin qarşılıqlı ittihamlar bununla da bitməyib. Əksinə sübut edib ki, həqiqətən də Müsavat partiyası növbəti çalxalanmalar, kütləvi istefalar ərəfəsindədir. Daha dəqiq desək, gərginlik ən pik həddə qədər inkişaf edib və hətta əlbayaxa dava-dalaşlarla da nəticələnə bilər. Əks halda, A.Hacılının müavini S.Soltanlı növbəti statusunu daha ağır və ittihamlı şəkildə ictimailəşdirməzdi: “Hansısa hərəkətinizi dəstəkləyənlərin arasında murdar adamlar, əvvəllər sizin söydükləriniz, sizi söyənlər çoxluq təşkil edirsə, bir düşünün. Heç olmasa ”Bəlkə səhv edirəm?" deyə özünüzə sual verin. Az sayda normal adamın səmimi aldanaraq sizə dəstək verməsi sizi çaşdırmasın (ürəkləndirməsin). Hərəkətlərimizin doğruluğuna tam əmin olmaq üçün yüzlərlə vicdanlı adamın, əsas hədəf kimi ləyaqətli həyat yaşamağı seçən, yaxından tanıdıqlarımızın münasibəti ilə tənzimləyək".
Beləliklə, fakt budur ki, adıçəkilən müxalifət partiyasının qurultayına zaman qalsa da, artıq onun küləyi indidən oradakıları vurur. Hətta belə nəticəyə gəlmək mümkündür ki, 2014-cü ildə keçirilmiş qalmaqallı, səsli-küylü qurultay bu dəfəkinin yanında necə deyərlər, toyagetməli olacaq. Xatırlatmaq olar ki, məhz o zaman başqanlığa namizəd olan Tural Abbaslı “Ağ Partiya” və Qubad İbadoğlu isə ADR hərəkatını yaradaraq, öz tərəfdarları ilə birgə Müsavatı tərk etmişdilər. Bütün bunlar isə Müsavat daxilində iddiaların şəxsi ambisiyalarla eyni mövqedə dayanması, o cümlədən, qrup maraqlarının bir-birlərinə heç vaxt güzəştə getməyəcəyinin göstəricisidir. Hər halda, ortada olan faktlar da belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB