Musa Qasımlı: “Qarsda türk-erməni abidəsinin sökülməsi ilə bağlı verilən qərarı düzgün hesab edirəm” - AÇIQLAMA
"İranın Azərbaycana qarşı apardığı siyasətin kökündə Azərbaycanda islam rejimini yaratmaq cəhdləri durur. İran inqilabının liderləri 1978-79-ildən bəri daim İran inqilabını ixrac etmək, islamçılıq rejimini yaratmaq cəhdlərinə baş vurublar". Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib. Onun sözlərinə görə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İran daima ölkəmizdə islamçı, fundamentalist qüvvələrə yardım göstərməyə çalışıb: "Bu gün İrandan Azərbaycana gələn ən başlıca təhlükə, islamçı rejimlərin qurulmasına edilən cəhdlərdir. Belə bir təhlükə Azərbaycanda var. Hesab edirəm ki, İslam inqilabını ixrac etmək cəhdinin qarşısı alınmalıdır. Bu işdə Qərb dövlətləri Azərbaycan dövlətinin, hakimiyyətinin yanında olmalıdırlar. Eyni zamanda, Azərbaycan ərazilərinin böyük bir hissəsi indiki İran adlanan ölkənin tərkibindədir. İran əhalisinin otuz milyondan çoxu Azərbaycan türküdür. Bu gün İranda yaşayan azərbaycanlıların ən adi hüquqları qorunmur və mütəmadi olaraq pozulur, ana dilində təhsil almaq hüquqları yoxdur. Daima İran hakimiyyəti onları sıxışdırır".
Millət vəkili həmçinin son zamanlar erməni mətbuatında gündəmə gətirilən Türkiyənin Qars şəhərində türk-erməni dostluğunun simvolu kimi ucaldılmış abidənın sökülməsinə də münasibət bildirib. O, qeyd edib ki, o vaxt bu abidənin qoyulması yalnış idi. Çünki erməni-türk dostluğu bilavasitə erməninin təqsirindən baş tutan deyil: "Bildiyiniz ki, həm Ermənistanda həm də, xaricdə yaşayan ermənilər Türkiyədən tarixdə heç olmayan uydurma soyqırımı tanınmasını tələb edirlər. Türkiyəyə ərazi iddiaları və müxtəlif səpgidə təzyiqlər edirlər. Bütün bunlara baxmayaraq Türkiyə tərəfdən Ermənistanla münasibətlərin normallaşmasında heç bir problem yoxdur. Belə bir şəraitdə abidənin qoyulması tamamilə səhv addım idi. Həmdə bu abidə Qarsın tarixini və orada mövcud olan memarlıq abidələrinə qətiyyən uyuşmur. Bunun sökülməsi ilə bağlı verilən qərarı düzgün hesab edirəm. Çünki, xalqlar arasında dostluqlar təbii köklərə dayanmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə