"Bu gün Bakıda V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının təşkilatçılığı ilə keçirilən "Gənclər sülh naminə: şiddətli ekstremizmə qarşı əks qüvvənin formalaşdırılması" plenar sessiyasında "Gənclər və mədəniyyətlərarası liderlik" mövzusu müzakirə olunub. SİA-nın məlumatına görə, sessiyanın moderatoru BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos olub.
Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib ki, gənclərin böyük bacarıq və qabiliyyətləri var: "Təhsil sadəcə, bilik və bacarıqların mənimsənilməsi deyil. Mənəvi təhsil də vacibdir. Bu baxımdan gənclərə sülhpərvərliyin aşkarlanmasında ailə də mühüm rol oynayır. Gənclərin ətraf mühitin mühafizəsində üzərinə böyük məsuliyyət düşür. Gənclərə dəstək verməklə, daha gözəl dünyanın yaradılmasına nail olmalıyıq. Biz uşaqları dinləməliyik".
Heydər Əliyev Fondunun vitse-prezidenti gənclərin ideya və innovasiyalarının planeti tamamilə dəyişə biləcəyini söləyib: "Amma əfsuslar olsun ki, dünyada 600 milyondan çox gənc təhsilsizdir. Gəlin, gənclərin enerjisini planetimizin inkişafına yönəldək. Sülhpərvər cəmiyyətin formalaşdırılmasında gənclərin böyük rolu ola bilər. Həyatda ən vacib olan insanların xoşbəxtliyidir".
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos gənclərin fəallığının vacib olduğunu vurğulayıb. Somali Stabilləşmə Təşəbbüsünün Biliyin idarə olunması və Strateji Kommunikasiyalar rəsmisi Nacma Əhməd-Hüseyn Somalidə həyata keçirilən infrastruktur layihələrində iştirakından bəhs edib. Erbildə "Malteser İnternational"-ın ictimai əlaqələr üzrə məsləhətçisi Sarah Markieviç İraqdakı durumdan, Ərbildə müxtəlif etnik qruplar arasında birgə yaşayışın təbliği, tolerantlıq istiqamətində görülən işlərdən danışıb.
Onun sözlərinə görə, İŞİD terror təşkilatının əsrlərlə birgə yaşamış etnik qruplar arasında nifaq salmağa cəhd göstərirdi. Pakistan Gənclər Alyansının "Peace Rickshaws"layihəsinin təsisçisi Syed Ali Abbas Zaidi ekstremizmin bir dinin digər din üzərində üstünlüyü kimi təqdim edilməyə çalışıldığını nəzərə çatdırıb: "Biz Pakistanda müxtəlif dinlərin təmsilçilərini bir araya gətirirdik. Bu layihə Pakistanın Lahor və digər şəhərlərində uğurla həyata keçirilib".
Zorakı ekstremizmin qarşısının alınması üzrə mütəxəssis Selim Çerkaui gənclərə inamın vacib olduğunu vurğulayıb: "Leyla Əliyeva dedi ki, biz uşaqları dinləməliyik. Bu, çox vacib məsələdir".
"Ephemerides"-in təsisçisi Fatoumata Kebe Fransada təsildən kənarda qalan miqrant uşaqlara, o cümlədən Malidə qızlara astronomiya, riyaziyyat kimi fənlərdən dərs keçdiklərini bildirib. "Şri Lanka Unites" Gənclər Hərəkatının milli direktoru Liyanaaraççig Neluni Tillekeratne bu Hərəkata 25 min gəncin qoşulduğunu, gənclər arasında dözümlülüyü təbliğ etdiklərini nəzərə çatdırıb: "10 gün əvvəl Şri-Lanks terrorizm qurbanına çevrildi, 250 insan həyatını itirdi. Minlərlə gənc "Şri-Lankada zorakılığa yer yoxdur" şüarı ilə meydana çıxdılar. Gənclər bu sınaqdan üzüağ çıxdılar".
"Emkan Education"nın məktəb və məzmun üzrə direktoru və həmtəsisçisi Sara Zaini təhsildə kurrikulum proqramlarının təkmilləşdirilməsini zəruri sayıb: "Şagirdlər ilin sonunda itahandan keçir və hər şey yekunlaşır. Uşaqların bacarıqları artırılmalıdır".
Sessiya müzakirələrlə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB