Bu gün, birmənalı tərzdə demək olara ki, aparılan uğurlu və mütərəqqi siyasət nəticəsində, Azərbaycanda bütün sahələrdə mühüm nailiyyətlər əldə olunub. Dahi Öndəri, Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi sayəsində, yüksək iqtisadi göstəricilərin əldə olunması ilə yanaşı, həm də qlobal transmilli enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşmasına, balanslaşdırılmış daxili və xarici siyasətin həyata keçirilməsinə nail olunub. Söhbət etdiyimiz müsahiblərimiz 15+1-in Azərbaycan tarixinin mühüm və əhəmiyyətli dövrü olduğunu bildiriblər.
Nəriman Əliyev, millət vəkili:
- Azərbaycanın yeni əsrdə yeni Lideri olan Cənab İlham Əliyevin prezident seçilməsindən 16 il ötür. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76,8 faiz səsini toplayaraq, Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev xeyirli, gərəkili siyasəti ilə Azərbaycanı misilsiz inkişaf yoluna çıxarmağa nail olub. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanın beynəlxalq miqyasda mövqelərini daha da möhkəmləndirib.
Dövlətimizin başçısının ölkəyə rəhbərlik etdiyi illərdə minimum aylıq əməkhaqqının məbləği 14,4 dəfə, orta aylıq əməkhaqqının məbləği 6,8 dəfə, əmək pensiyasının orta aylıq məbləği 11,3 dəfə artıb. Ötən 16 ildə, ardıcıl olaraq, həyata keçirilmiş tədbirlər, icra edilən proqramlar sayəsində əhalinin aztəminatlı təbəqəsinin ümumi əhali nisbətində xüsusi çəkisi azalıb, yoxsulluq 49 faizdən 5 faizə düşüb. Hələ 1994-cü ildən ölkəmizdə gedən ən mühüm iqtisadi və ictimai-siyasi proseslərdə yaxından iştirak edən Cənab İlham Əliyev neft və qaz, idman sahələrində, eyni zamanda, parlamentdə, Avropa Şurasında və Baş nazir kimi fəaliyyəti dövrlərində hər zaman Ulu Öndər Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirmiş, xalqın böyük rəğbətini və dəstəyini qazanmışdı. 16 illik Prezidentliyi dövründə Cənab İlham Əliyev xalqın etimadını əməli fəaliyyəti, xeyirli, gərəkli işləri ilə doğruldub. Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində, orta aylıq əməkhaqqı 7, minimum əməkhaqqı isə 6,5 dəfə artıb. Təbii ki, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqəsinin, şəhid ailələrinin, əlillərin, qaçqın və məcburi köçkünlərin problemləri daim diqqət mərkəzində saxlanılıb. Prezident İlham Əliyevin, ötən il keçirilən prezident seçkilərində qələbə qazandıqdan sonra, imzaladığı ilk Fərmanın şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi haqqında olması deyilənlərin əyani sübutudur. Ölkə başçısının 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən, şəhid hərbi qulluqçuların vərəsələri birdəfəlik ödəmələrlə təmin edilir. İlk olaraq, 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub. Yanvarın 28-də ölkə başçısının imzaladığı daha bir Fərmanla birdəfəlik ödəmələrin verilməsi 2725 nəfər çox olmaqla, 12 min 268 şəhidin vərəsələrini əhatə edib, bu məqsəd üçün, ümumilikdə, 135 milyon manat vəsait ayrılıb. Onlardan 3 min 758 şəhid üzrə 5 min 144 vərəsəyə həmin ödənişlər verilib. Onu da vurğulamaq lazımdır ki, bütün şəhid vərəsələrinə birdəfəlik ödənişlərin verilməsi prosesi bu il ərzində başa çatdırılacaq. Bütün bu nailiyyətlərlə yanaşı, məcburi köçkünlər üçün, son illər ərzində, yüzdən çox şəhərcik və qəsəbə tikilib. Təkcə keçən il 5800 məcburi köçkünə mənzillər və fərdi evlər verilib. Bu günə qədər isə 300 min məcburi köçkün yeni evlərlə təmin edilib. Bir sözlə, Azərbaycanın sosial-iqtisadi sahdə əldə etdiyi uğurlar, onu deməyə əsas verir ki, uğurlar sosial siyasətin genişlənməsinə yeni imkanlar yaradır. Bütün bunlar ölkə əhalisinin sosial vəziyyətlərinin yaxşılaşmasına və özlərini güvənli hiss etmələrində daha geniş imkanlar yaradır.
Muxtar Nağıyev, YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini:
- Azərbaycan coğrafi baxımdan kiçik əraziyə malik olsa da, həyata keçirdiyi qlobal layihələr sayəsində dünyanın humanitar, siyasi, enerji, nəqliyyat, kommunikasiya, idman mərkəzlərindən birinə çevrilib. Bütün bu uğurlar Prezident İlham Əliyevin apardığı düzgün və məqsədyönlü siyasəti nəticəsində əldə olunub. 2003-cü il oktyabrın 1-də Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək, öz namizədliyini siyasi varisi Cənab İlham Əliyevin xeyrinə geri götürdüyünü elan edərək bildirmişdi: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram.
O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". 2003-cü il avqustun 15-də prezidentliyə namizəd, Baş nazir İlham Əliyev ABŞ-ın «Assoşieyted Press» agentliyinin müxbirinə müsahibəsində demişdi: "Ölkəmizin əksər vətəndaşları üçün də, ən başlıcası, indiki siyasətin davam etdirilməsi, indiki vəziyyətin qorunub saxlanmasıdır. Əgər bu gün məni bunun üçün lazımlı adam hesab edirlərsə, bu məsuliyyəti üzərimə götürməyə hazıram". Azərbaycan xalqı Cənab İlham Əliyevi Prezident seçməklə həm də Ulu Öndər Heydər Əliyevə, Onun siyasi kursuna sadiqliyini nümayiş etdirdi. Bu, xalqımızın Ümummilli Liderə sevgisinin və sonsuz inamının bir daha təsdiqi oldu. Prezident kimi fəaliyyətə başlayan Cənab İlham Əliyev də andiçmə mərasimində Ona göstərilən etimada görə xalqa minnətdarlığını bildirdi, Heydər Əliyev siyasətinə sadiq qalacağını bir daha bəyan etdi. 16 il ölkə iqtisadiyyatında qazanılan misilsiz uğurlarla da xarakterikdir. Bu illər ərzində, Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb, qeyri-neft ixracı 4,1 dəfə çoxalıb. Azərbaycanın 2004-cü ildə 1,8 milyard dollar olan valyuta ehtiyatları bu gün 46 milyard dollara çatdırılıb. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada irimiqyaslı layihələrin təşəbbüskarı və uğurlu icraçısı kimi tanınır. Belə ki, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilib, 2014-cü ildə Avropanın enerji təhlükəsizliyində böyük rol oynayacaq «Cənub Qaz Dəhlizi»nin təməli qoyulub. 2018-ci il mayın 29-da Bakıda «Cənub Qaz Dəhlizi»nin, iyunun 12-də isə, onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib. TAP layihəsi ilə bağlı işlər isə uğurla davam etdirilir. Həmçinin, "Əsrin müqaviləsi" 2050-ci ilə qədər uzadılıb. Əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətin də son vaxtlar Prezidentin imzaladığı fəqman və sərəncamlar inqilabi dəyişikliklərdir. 2019-cu il fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə keçirildi və müşavirədə dövlət başçısının çıxışı, bir daha təsdiqlədi ki, əhalinin sosial müdafiəsinin, davamlı olaraq, gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir. Cənab Prezident həmin müşavirədə problemli kreditlərlə bağlı məsələnin də həll olunacağını bildirmişdi. Cəmi üç gün sonra bu Fərman imzalandı. Ümumiyyətlə, ölkəmizdə əhalinin sosial rifahının yüksəldilməsi üçün lazımi addımlar atılır. Əməkhaqları, pensiya təminatı sahəsində aparılan ciddi islahatlar, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən geniş proqramlar, şəhid ailələrinə göstərilən qayğı, sosial sahə ilə bağlı qəbul olunan çoxsaylı qanunlar və s. cəmiyyətin rifah halının yaxşılaşmasına yönəlmiş tədbirlərdir. Söz yox ki, bu uğurlar davamlı xarakter daşıyacaq. Çünki Ulu Öndərimiz tərəfindən qoyulan və ölkə Prezidenti tərəfindən davam etdirilən siyasətin ana xəttini xalqın daha fiaravan, xoşbəxt və təhlükəsiz yaşaması təşkil edir.
Mehdi Balabəyov, YAP Şabran rayon təşkilatının sədri:
- Tam qətiyyətlə və əminliklə demək olar ki, Azərbaycanın həm daxili, həm də beynəlxalq mövqelərinin güclənməsi, social-iqtisadi uğurlara nail olması Prezident İlham Əliyevin adı ilə bağlıdır. Qısaca onu demək olar ki, Cənab İlham Əliyevin 16 illik Prezidentlik dövrü millətimiz üçün uğurlu olub. Dövlət başçısının Azərbaycana rəhbərlik etdiyi 2003-2019-cu illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olub. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artmış, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşmışdır. Müqayisə edilən illərdə xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi 6 dəfə artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əldə olunan nailiyyətlər, ölkədə sistemli şəkildə həyata keçirilən islahatlar nəticəsində, iqtisadi inkişaf modelinin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi sayəsində mümkün olub. Əhalinin nominal gəlirləri 8,6 dəfə, minimum əməkhaqqı 12,9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. Hər 100 ailəyə 53 avtomobil düşür, 1958 400 yeni iş yeri açılıb, 326,6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9,2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,4 faizə enmiş, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunmuşdur. Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin sosial-məişət problemlərinin həll ediləmsi istiqamətində mühüm addımlar atılıb, sərəncamlar imzalanıb. Qarabağ müharibəsi iştirakçılarının, əlilərinin və şəhid ailələrinin mənzillərlə təmin edilməsi üçün 75 milyon manat vəsait ayrılıb. Ötən il 626 ailə mənzillə təmin edilib, bu il daha 800-dən artıq ailə mənzillərə sahib olacaq. Həmin təbəqədən olanlara ötən il 250 avtomobil verilib, bu il daha 170-180 nəfər avtomobillə təmin ediləcək. I, II və III qrup Qarabağ və Çernobıl əlilləri, müvafiq olaraq, hər ay 182, 158 və 121 manat məbləğində müavinət alırlar. Milli qəhrəmanlara verilən müavinətlər 1500 manata çatdırılıb, onların övladlarının ödənişsiz təhsil almaq hüququ var. Bir sözlə, dövlətimizin başçısı İlham Əliyevin 16 illik Prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır. Həm də, Azərbaycanın bütün sahələrdə qazandığı bu misilsiz uğurlar Dahi Öndərimiz Heydər Əliyev siyasətinin təntənəsidir. Bütün bunlar hamısı, məhz İlham Əliyev Cənablarının hər zaman olduğu kimi, sözü ilə əməlinin tam üst-üstə düşməsinin reallığıdır. Ölkə Parezidenti İlham Əliyev Cənablarının dediyi kimi: "Hər bir vətənpərvər insan öz ölkəsi ilə, bugünkü Azərbaycan ilə haqlı olaraq fəxr edə bilər".
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB