"Ölkə rəhbəri hər zaman öz vətəndaşının yanındadır" MÖVQE-ÖZƏL

"Ölkə rəhbəri hər zaman öz vətəndaşının yanındadır" MÖVQE-ÖZƏL

“Ötən illər ərzində həyata keçirilən müstəqil siyasət güclü iqtisadiyyatımızın yaranmasına, beynəlxalq münasibətlər sistemində ölkəmizin yerinin və rolunun möhkəmlənməsinə gətirib çıxarıb ki, bunlar da ərazi bütövlüyümüzün bərpa olunması üçün real geostrateji şərtlər formalaşdırıb”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səllimov deyib.

O bildirib ki, əlbəttə, buna nail olmaq, ənənəvi geosiyasi balansı ölkəmizin lehinə dəyişmək hazırkı beynəlxalq şərtlər daxilində olduqca çətin bir işdir, ancaq Azərbaycan buna nail olmağı bacarıb.

Ölkə başçısının şəhid ailələrinin, müharibə veteranlarının və onların ailələrinə daim diqqət və qayğı göstərdiyini deyən deputat söyləyib ki, bunun nəticəsidir ki, Azərbaycanda xalqımızın qürur yeri olan bu ailələrin problemlərinin həlli əsas sosial prioritet kimi müəyyənləşdirilib: “Bu vaxta qədər belə vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, ötən il isə 626 mənzilin verilməsi təsadüfi deyil. Bu il həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması da nəzərdə tutulur. Şəhid ailələrinə və müharibə əlillərinə, milli qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bütün bunlar şəhid ailələrinin sosial müdafiəsinin ildən-ilə yaxşılaşmasına xidmət edir”.

E.Səlimov qeyd edib ki, Prezident İlham Əliyevin şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı imzaladığı Fərmana əsasən 10 minə yaxın şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsini nəzərdə tuturdu: “Ötən ildən başlanan proses çərçivəsində 3 mindən çox şəhid ailəsi bu vəsaitdən yararlanıb. Prezident İlham Əliyevin şəhid ailələri ilə bağlı imzaladığı yeni Fərmana əsasən isə daha çox şəhid ailəsi birdəfəlik müavinət alacaq ki, bu da şəhidin hansı statusda xidmətə çağırıldığı və hansı şəraitdə öz həyatını Vətən üçün fəda etməsindən asılı olmayaraq hər birinin Azərbaycan dövləti və xalqı üçün son dərəcə dəyərli olmasının sübutudur”.

Deputat əlavə edib ki, bir sözlə, Azərbaycan dövləti, Azərbaycan iqtidarı, ölkə rəhbəri hər zaman öz vətəndaşının, xüsusilə, onun ən həssas təbəqəsi olan şəhid ailələrinin, müharibə əlillərinin yanındadır, yanında olub və bundan sonra da yanında olacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə