Namiq Əliyev: “Arif Əliyev Qərbdəki dostlarından külli miqdarda vəsait almışdı” AÇIQLAMA
"Özünü ölkə mediasının aparıcı simalarından biri kimi təqdim edən Arif Əliyevin mətbuat orqanlarının fəaliyyət prinsipləri haqda son çıxışını oxuyandan sonra məndə suallar yarandı". Bunu SİA-ya açıqlamasında “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev deyib.
Onun sözlərinə görə, doğrudanmı A. Əliyev Azərbaycan milli mətbuatının inkişafını istəyir və bunun üçün də təhlillər aparıb, bu sahədəki çatışmazlıqların aradan qaldırılması üçün təkliflər verməyə çalışır? Məsələ burasındadır ki, A.Əliyev Azərbaycan jurnalistikasının Qərbin anti-Azərbaycan dairələrinə bağlı olan, daim onların maliyyəsi ilə fəaliyyət göstərən kəsiminə aid nümayəndələrindən hesab olunur: "Ona görə də, onun milli mətbuatın səviyyəsinin daha da yüksəldilməsinə cəhd göstərmək təşəbbüsünü səmimi qəbul etmək olmur. Vaxtilə, 2005-ci ildə özü “Gün səhər” adlı qəzet təsis etmişdi. Bunun üçün A.Əliyev Qərbdəki dostlarından külli miqdarda vəsait almışdı. Əgər səhv etmirəmsə, ona qəzet üçün ayrılan ilk tranşın məbləği 300 min dollar civarında idi (bu rəqəm o dövrdə mətbuat səhifələrində yazıldığından, biz də xəbər tutmuşduq). Cəmi 3 il sonra belə bir xəbər yayıldı ki, maliyyə problemləri səbəbindən qəzet fəaliyyətini dayandırıb. İndi sual edirik, bu şəxs mətbuat sahəsində kadr çatışmazlığından danışır, bəs külli miqdarda vəsait əlində olanda niyə özü zamanın tələblərinə uyğun jurnalistlər yetişdirmədi? Əgər sanballı jurnalistlər yetişdirə bilibsə, bəs onlar haradadırlar? Niyə ölkəmizin daxilində, yaxud xarici ölkələrdə belə jurnalistlərin Azərbaycanın dövlət maraqlarını müdafiə edən, Qarabağ həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdıran, milli mədəniyyətimizi, tariximizi təbliğ edən yazılarına rast gəlmirik. Əksinə, xaricdə məskunlaşan və özünü “hüquq müdafiəçisi” adlandıran bəzilərinin fəaliyyəti və qələminin yalnız Azərbaycanın əleyhinə yönəldiyini müşahidə edirik. Axı zaman baxımından 3 il böyük müddətdir, insanlar bu dövr ərzində az qala ali məktəbi bitirirlər... Deməli, Arif Əliyev mətbuatda kadr bazasının zəif olması haqda düşüncələrində səmimi deyil. Arif Əliyevin zəif kimi təqdim etdiyi mətbuat orqanları və orada çalışanlar ondan fərqli olaraq, həm dünən, həm də bu gün bütün fəaliyyətlərini Azərbaycan dövlətinin milli maraqlarını müdafiə etmək istiqamətinə yönəldiblər. Bəli, onlar dövlətdən vəsait alıblar və hazırda da bu yardımların hesabına ayaq üstə dura bilirlər. Lakin bu yardımları bəzilərindən fərqli olaraq xaricilərdən deyil, öz dövlətlərindən alırlar. Nəticədə də, Azərbaycan dövlətinə xidmət edirlər və bu dövlətin, o cümlədən də onun mətbuatının gələcəkdə daha səviyyəli olacağına inanırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB