Alis Uels: “Prezident Əliyevə Əfqanıstana yardımlar istiqamətdə apardığı rola və liderliyinə görə təşəkkür edirəm”
Məlum olduğu kimi, iyunun 28-də Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı keçirilib. Tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, Əfqanıstan xarici işlər nazirinin müavini Hikmət Kərzayi, ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini, xanım Elis Uells və 60-a yaxın ölkədən nümayəndə iştirak edib. Eyni zamanda, tədbirə Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri də qatılıb. O cümlədən, Əfqanıstanla birlikdə Almaniya Federativ Respublikası Beynəlxalq Təmas Qrupunun həmsədri rolunda çıxış edir.
Azərbaycan sülhün carçısı olaraq müxtəlif münaqişələrin həlli rolunda təşəbbüskar ölkə olaraq dəyərləndirlilməkdədir
Ümumiyyətlə, Azərbaycanda bu kimi tədbirlərin keçirilməsi bir daha təsdiq edir ki, ölkəmiz beynəlxalq aləmdə sülhün bərqərar olması istiqamətində ən mütərəqqi və münbit məkandır. Baxmayaraq ki, ölkəmizə qarşı işğalçı Ermənistanın təcavüzü davam edir, torpaqlarımızın 20 faizi hələ də işğal altındadır, bütün bunlara rəğmən, Azərbaycan sülhün carçısı olaraq müxtəlif münaqişələrin həlli rolunda təşəbbüskar ölkə olaraq dəyərləndirlilməkdədir. Məhz bu baxımdan, Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısının keçirilməsi qeyd edilən fikirləri təsdiqləməkdədir.
Amerikalı rəsmi: “Biz Bakı görüşündə də sülhə və prezident Qaninin sülhün bərqərar olunmasına dair fəaliyyətinə güclü dəstəyimizi ifadə etdik”
O da əbəs deyil ki, Əfqanıstan üzrə danışıqların təşkili üçün ABŞ-ın rəsmi siyasi dairələri Prezident İlham Əliyevə təşəkkür edib. Belə ki, ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini, xanım Alis Uels Azərbaycana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupuna 50-dən çox dövlətin təmsilçiləri daxildir. “Onlar Əfqanıstan sülh prosesinə və prezident Əşrəf Qaninin bu sahədə gördüyü işlərə dəstək verir. Biz Bakı görüşündə də sülhə və prezident Qaninin sülhün bərqərar olunmasına dair fəaliyyətinə güclü dəstəyimizi ifadə etdik"-deyə amerikalı rəsmi vurğulayıb.
“Bakının görüş yeri seçilməsi faktı bu ölkənin oynadığı rolun təzahürüdür”
A.Uels onu da bildirib ki, Əfqanıstandakı mülki əhali və "Taliban" tərəfindən bu kimi təşəbbüsə dəstək verilib və yaxşı qarşılanıb. O, ölkəsi adından Azərbaycana və Azərbaycan hökumətinə Əfqanıstandakı fəaliyyətinə və hərbi mövcudluğuna görə təşəkkürünü bildirib: "Hərbi mövcudluq vacibdir. Lakin digər təşəbbüs iqtisadi cəhətdən əməkdaşlıq edərək Əfqanıstanın inkişafına təkan verməkdir. Azərbaycan bu sahədə müstəsna rol oynayır. Azərbaycan iqtisadi təşəbbüslər baxımından bölgənin ürəyində yerləşir. "Lapis lazuri" Əfqanıstanın inkişafına təkan verən təşəbbüsdür, Azərbaycan da bu təşəbbüsdə iştirak edir. ABŞ və Azərbaycanın Əfqanıstan məsələsində əməkdaşlığı Azərbaycanla münasibətlərimizin dərinləşməsinə ciddi zəmin yaradan amillərdən birini təşkil edir. Azərbaycan hökumətinə bu dəstəyi üçün təşəkkür edirik. Bakının görüş yeri seçilməsi faktı bu ölkənin oynadığı rolun təzahürüdür. Azərbaycan Əfqanıstan məsələsində vacib rol oynayır. Prezident Əliyevə Əfqanıstana yardımlar istiqamətdə apardığı rola və liderliyinə görə təşəkkür edirəm".
Beləliklə, Azərbaycan beynəlxalq arenada növbəti uğura imza atıb və bu uğurun əldə edilməsində ölkə Prezidenti İlham Əliyevin danılmaz fəaliyyəti mövcuddur. Eyni zamanda, ölkəmizin sülhpərvərlik missiyasından çıxış etməsi dünyanın siyasi arenasında müsbət qarşılanır və dəstəklənir.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB