NATO-nun 10 illik təhlükəsizlik strategiyası müəyyənləşdirilir

NATO-nun 10 illik təhlükəsizlik strategiyası müəyyənləşdirilir

ABŞ prezidenti Barak Obama ilə digər NATO üzvləri Əfqanıstan müharibəsi və Avropada yerləşdirmək istədiyi raketdən müdafiə sistemi haqqında bu gün Portuqaliyanın paytaxtı Lissabonda mühüm qərarlar qəbul edəcəklər. SİA-nın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, 11 Sentyabr hücumlarından indiyə kimi Əfqanıstanda 2200-dən çox əsgər itirən NATO Əfqanıstandan geri çəkilmənin yaxın tarixini müəyyən etməyə çalışacaq.

 

Ümumilikdə NATO-nun 28 üzvünün müzakirə edəcəyi mövzular aşağıdakılardır:

 

- Gələn ildən etibarən, Əfqanıstandakı koalisiya qüvvələrinin mərhələli olaraq geri çəkilməyə başlaması, 2014-cü ildə isə ölkədə idarəçiliyin tamamilə yerli hakimiyyətə təhvil verilməsi.

 

- Bütün Avropanı əhatə edəcək və NATO ölkələrini qoruyacaq raketdən müdafiə sistemi üçün son hədəflərin müəyyən olunması və Rusiyanın bu layihə ilə bağlı narahatlığının aradan qaldırılması.

 

- NATO daxilində islahatların aparılması və blokun idarə mərkəzlərinin Əfqanıstan kimi uzaq ölkələrdəki əməliyyat bölgələrinə nəzarət edəcək vəziyyətə gətirilməsi.

 

- NATO-nun XXI əsrdə qarşılaşacağı təhlükələrə qarşı necə hərəkət edəcəyini müəyyən edəcək yeni bir "strateji anlayış"ın yaradılması.

- NATO-nun yaradıldığı 1949-cu ildən indiyə kimi iştirak etdiyi ən uzunmüddətli müharibə olan Əfqanıstan müharibəsinin başa çatdırılması üçün üsulların müəyyən olunması.

 

NATO liderləri Avropanı ballistik raketlərdən qorunmaq üçün raketdən müdafiə sistemini yaratmaqda israrlı görünür. Layihənin həyata keçirilməsində isə əsas əngəl Türkiyə hesab edilir. Türkiyə NATO üzvü olduğundan onun razılığı raketdən müdafiə sistemi ilə bağlı qərarın qəbul olunmasında həlledici rol oynayacaq. Türkiyə isə layihədə İranın başlıca təhlükə olaraq yer almasını istəmir. ABŞ və bir sıra qərb ölkələri isə iddia edir ki, Avropa üçün əsas təhlükə məhz İrandır.

 

NATO-nun baş katibi Anders Foq Rasmussen Lissabon zirvəsi ərəfəsində NATO-nun Əfqanıstan müharibəsində səhvlərə yol verdiyini etiraf edib. Rasmussen "Expresso" qəzetinə verdiyi açıqlamasında "keçmişə baxdığımızda Əfqanıstanda icra edilən əməliyyatlarda kifayət qədər ehtiyatlarımızın olmadığını görməməzliyə vurduğumuzu, bir sözlə səhvlər etdiyimizi söyləyə bilərik" deyib. Rasmussen artıq doğru yolda olduqlarını və zirvəni müsbət qərarlar qəbul edərək başa çatdıracaqlarını bildirib.

 

Barak Obama isə hərbçilər və Konqresdə üstünlük qazanan Respublikaçılar Partiyanın təzyiqi altındadır. ABŞ Müdafiə Nazirliyi isə dünən verdiyi açıqlamasında bildirib ki, 2014-cü il Əfqanıstanın yerli güclərə təhvil verilməsi üçün konkret bir tarix deyil, ancaq bu tarix məqsədlərə çatmaq üçün hədəf ola bilər. Açıqlamada bildirilir ki, 2014-cü ildən sonra Əfqanıstanda az sayda hərbçinin saxlanılması lazım ola bilər.

 

Həftə içində Əfqanıstan prezidenti Həmid Kərzai NATO əməliyyatlarının azaldılmasının vacibliyini söyləyib. Əfqanıstan prezidentinin istəyini isə ABŞ müdafiə naziri Robert Qeyts "Həmid Kərzai 30 il davam edən müharibədən sonra bir ölkənin səbrsizliyini ortaya qoyur" şəklində qiymətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə