Azərbaycan diasporu YUNESKO-nun baş katibinə məktub göndərib

Azərbaycan diasporu YUNESKO-nun baş katibinə məktub göndərib
İsveç Azərbaycanlıları Konqresi (İAK) YUNESKO-nun baş katibi İrina Bokovaya etiraz məktubu göndərib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, etirazın səbəbi bu təşkilatın noyabrın 15-19-da Keniyada keçiriləcək 5-ci sessiyasında "Armenian cross-stones" ("Erməni xaçkarlar") adlı məqalənin müzakirəsinin nəzərdə tutulmasıdır. Belə bir məqalənin sessiyada müzakirəyə çıxarılacağı barədə qurumun internet saytında məlumat verilib. İsveçdə yaşayan azərbaycanlıları ətrafında birləşdirən İAK sözügedən məqalənin saxta faktlar əsasında hazırlandığını xanım İ.Bokovanın diqqətinə çatdırıblar.

Məktubda deyilir ki, "Armenian cross-stones" ("Erməni xaçkarlar") məqaləsinin müəllifləri Qafqaz Albaniyası dövründən qalan qədim Azərbaycan abidələrin yaranma tarixlərini saxtalaşdırırlar. Bu isə Ermənistanın Azərbaycan tarixi abidələrini özününküləşdirməsi kimi təqdim olunmalıdır və bu, eyni zamanda xalqımızın mədəni və tarixi irsinin bir hissəsindən məhrum edilməsi kimi qəbul edilməlidir. Məktub müəllifləri yazırlar ki, məqalədə "Ermənistan tarixində xaçkarların müxtəlif dövrlər keçməsi – inkişafdan durğunluğa doğru (işğal dövrlərində), unudulması (Sovet ateizmi dövründə) və hətta məhv edilməsi (hərbi münaqişə nəticəsində)" kimi iddiaların xüsusən məyusedici və təəsüfləndiricidir. "Biz hesab edirik ki, bu cür iddalarla dolu məqalənin müzakirəyə çıxarılması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli ilə bağlı YUNESKO-nun bəyan etdiyi mövqeyinə ziddir" deyə İsveçdəki soydaşlarımız bildirirlər. Məktubda daha sonra qeyd olunur: "Nor-Jugha xaçkarların məhvi…", "xaçkarlar "erməni soyqırımı" qurbanlarına həsr edilərək…", "Artsax hərəkatının döyüşçülərinə həsr edilərək…" "Almaniya, Fransa, Livan, Dağliq Qarabağ və Ermənistanda parklarda, kilsələrdə və məzarlıqlarda ucaldılmışdır" kimi ağlasığmaz ifadələr və iddialar məqalənin mahiyyətini, saxtakarlıqlara əsaslandığını bildirən digər nümunələrdir. Azərbaycanın ayrılmaz hissəs olan Dağlıq Qarabağın müstəqil dövlətlər arasında göstərilməsi isə yolverilməzdir və bütün beynəlxalq hüquq normalarının kobudcasına pozulması deməkdir.
İsveçdəki soydaşlarımız yazırlar ki, Azərbaycanın torpaqlarının 20 faizini Ermənistanın işğal etməsi və nəticədə Azərbaycanın tarixi abidələrinin vəhşicəsinə dağıdılması məlum faktdır. Ermənilər Qafqaz Albaniyası dövründən qalmış qədim Azərbaycan abidələrinin bir qismini məhv edib, bir qismini isə özününküləşdiriblər. "Eyni zamanda bildirmək istərdik ki, ermənlərin Nor-Jugha adlandırdığı Culfa adlı Azərbaycan ərazisində hər hansı erməni tarixi və ya mədəni abidəsi olmayıb. Həmin ərazidə yerləşən daş abidələr isə Azərbaycan xalqının əcdadları olan albaniyalılara məxsusdur. Həmçinin biz xüsusilə qeyd edirik ki, "Erməni xaçkarları" məqaləsinin sessiyada müzakirə üçün təsdiq olunması Cənubi Qafqazın bütün xalqlarının tarixi həqiqətlərinin saxtalaşdırılımasına göz yummağa bərabərdir. Biz hesab edirik ki, bu cür saxta məqalələr regionda yaşayan xalqlar arasında dözümsüzlüyə gətirir və xalqlararası dialoq və əməkdaşlığa təhlükə yaradır." Məktubda belə deyilir.

İsveç Azərbaycanlıları Konqresinin YUNESKO-nun baş katibinə etiraz müraciəti bu fikirlərlə bitir: "Sizdən xahiş edirik ki, 2010-cu il noyabrın 15-19-da keçiriləcək sessiyada "Armenian cross-stones" ("Erməni xaçkarlar") məqaləsinin müzakirə olunmaması üçün səylərinizi əsirgəməyəsiniz. Eyni zamanda biz ümid edirik ki, bundan sonra Sizin rəhbərlik etdiyiniz təşkilatda Azərbaycana qarşı yönəlmiş hər hansı məsələnin qaldırılmasına və müzakirəsinə imkan verməyəcəksiniz."

Bütün xəbərlər Facebook səhifəmizdə