MSK-nın bugünkü iclasında daha 5 nəfərin namizədliyi qeydə alınıb
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda 7 Noyabr 2010-cu il tarixində keçiriləcək seçkilərlə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılıb. Müraciətlərin demək olar ki, hamısı dairə seçki komissiyalarının namizədlikdən imtinanı nəzərdə tutan qərarlarla bağlı olub.
Baxılan müraciətlərdən əksəriyyəti əsassız hesab edilib və namizədlikdən imtina ilə bağlı dairə seçki komissiyalarının qərarı qüvvədə saxlanılıb. Müraciətlər baxıldıqdan sonra 5 nəfərin namizədliyini qeydə alıb, 3 nəfərin müraciətinə baxılma müddəti uzadılıb. "AXCP-Müsavat" seçki blokunun namizədləri Seymur Həziyev və millət vəkili İltizam Əkbərin, eyni zamanda Azərbaycan Milli İstiqlal Partiyasının namizədi Arzuxan Əlizadənin müraciətləri əsassız hesab edilib və dairə seçki komissiyalarının qərarı qüvvədə saxlanılmaqla onların namizədlikləri qeydə alınmayıb.
"AXCP-Müsavat" seçki blokunun namizədi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Həsən Kərimov və "İnsan naminə" seçki blokunun namizədi, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxanın müraciətləri müsbət cavablandırılıb. Onların namizədliyindən imtina ilə bağlı müvafiq dairə seçki komissiyalarının qərarı ləğv edilib və hər iki şəxsin namizədliyi qeydə alınıb. Bununla da parlament seçkilərinə qatılacaq namizədlərin sayı 724-ə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB