Oqtay Əsədov İran səfiri ilə görüşüb

Oqtay Əsədov İran səfiri ilə görüşüb

Fevralın 2-də Milli Məclisin sədri Oqtay Əsədov İran İslam Respublikasının ölkəmizdəki səfiri Cavad Cahangirzadə ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, sədr görüşdə yeni təyin olunmuş səfirə gələcək işlərində uğurlar diləyib. O, əmin olduğunu bildirib ki, diplomatik fəaliyyəti dövründə qonaq ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafı işinə öz dəyərli töhfəsini verəcək. Qeyd edilib ki, Azərbaycan və İran dost və qardaş ölkələrdir. Xalqlarımız arasında mövcud olan tarixi, mədəni və dini bağlılıq münasibətlərimizin qarşılıqlı anlaşma üzərində qurulmasına şərait yaradır. Qeyd edilib ki, dövlət başçılarımızın qarşılıqlı səfərləri, aparılan danışıqlar münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə qaldırıb. Ötən ilin avqustunda Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşləri təkcə ölkələrimiz deyil, region üçün də mühüm əhəmiyyət kəsb edir.

Siyasi əlaqələrimizlə yanaşı, iqtisadi münasibətlərimiz də inkişaf etməkdədir. İran şirkətinin Bakıda əczaçılıq zavodunun inşasındakı fəaliyyəti təqdirəlayiqdir. Dövlətlərimiz arasında Müştərək Komissiya iqtisadi, ticarət və humanitar münasibətlərimizin inkişafına müsbət təsir göstərir.

Sədr bildirib ki, dövlətlərarası münasibətlərimizin inkişafında parlamentlərimizin özünəməxsus rolu var. Hər iki ölkə parlamentində dostluq qruplarının fəaliyyət göstərməsi, deputatların qarşılıqlı səfərləri ümumi məqsədlərə xidmət edir. Beynəlxalq təşkilatlar çərçivəsində prinsipial məsələlər barədə aparılan fikir mübadiləsi xalqlarımızın xeyrinədir.

İran İslam Respublikasının ölkəmizdəki səfiri Cavad Cahangirzadə ünvanına söylənilən xoş sözlər üçün minnətdarlığını bildirib, iki ölkə arasında münasibətlərin daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini ifadə edib. O, bildirib ki, İran yaxın qonşusu Azərbaycan ilə həyatın bütün sahələrində münasibətlərin daha da dərinləşməsində maraqlıdır. Siyasi, iqtisadi, mədəni, humanitar sahələrdəki münasibətlərimiz günbəgün güclənməkdədir. Biz gələcəkdə iqtisadi əlaqələrimizi daha da dərinləşdirmək niyyətindəyik.

Səfir əlaqələrin inkişafında parlamentlərin rolunu xüsusi qeyd edib, deputatlardan ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini önəmini vurğulayıb. Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə