Məlahət İbrahimqızı: “Prezidentin uğurlu siyasəti “5-ci kolon”u ciddi narahat edir” AÇIQLAMA!

Məlahət İbrahimqızı: “Prezidentin uğurlu siyasəti “5-ci kolon”u ciddi narahat edir” AÇIQLAMA!

"İsa Qəmbərin anti-Azərbaycan ruhlu çağırışlar etməsi, ölkəmizdə süni ajiotaj yaratmağa cəhd etməsi və puç olmuş, heç bir əhəmiyyət kəsb etməyən primitiv siyasi şüarlarla yenidən "aktivləşməsi" radikal müxalifəti daha dərin uçuruma yuvarlayacaq. Bu admalar iqtidarda olduqları müddətdə ölkəmizə şok yaşatdılar, rayonlarımız işğal olundu, dövlət büdcəsi talan olundu, ölkədə vətəndaş müharibəsi başladı. İndi bu adamlar 25 ildən sonra "dirçəl"iblər, inkişaf etmiş, dünya arenasında özünəməxsus yer qazanmış Azərbaycanı yenidən uçuruma aparmağa çalışırlar. Ancaq bu arzu onların ürəklərində qalacaq. Təbii ki, bu cür sapı özümüzdən olan baltaları dəstəkləyən bəzi xarici dairələrin ölkəmizlə bağlı hazırladıqları planlar alt-üst olacaq. Necə ki, belədir". Bu fikirlər SİA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı bildirib.

İ.Qəmbərin M.Ə.Rəsulzadənin abidəsi önündə etdiyi çıxışa münasibət bildirən M.İbrahimqızı onu da vurğulayıb ki, Azərbaycan xalqı bu adamlara inanmır, etibar etmir: "Bunlarla hətta öz qohum-əqrabaları belə danışmır, öz ailələri belə bunlara inanmır. Azərbaycan xalqı seçimini edib və bu seçim dövlətimizin bundan sonrakı inkişafının da qarantıdır. Azərbaycanda xalqı-iqtidar birliyi mövcuddur. Eyni zamanda Cənab Prezidentin apardığı uğurlu siyasət bu cür anti-Azərbaycan qrupları ciddi narahat edir. Onlar dövlət başçısının günbəgün artan nüfuzunu və ölkəmizin inkişaf yolunu həzm edə bilmirlər. Hesab edirəm ki, bu adamlar nə qədər çağırışlar etsələr də xeyiri yoxdur. Məmməd Əmin Rəsulzadənin adından istifadə edib öz doğma vətəninə qarşı çirkin planlar hazırlamaq onlara başucalığı gətirməyəcək. Rəsulzadənin rəhbərlik etdiyi Milli Şura ilə bunların yaratdığı qondarma "Milli Şura" arasında yerlə-göy qədər fərq var".

Bütün xəbərlər Facebook səhifəmizdə