Lökbatan seçiciləri Konstitusiyaya əlavə və dəyişiklikləri dəstəkləyirlər

"Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun növbəti görüşü Qaradağ rayonunun Lökbatan qəsəbəsinin seçiciləri ilə keçirilib
Lökbatan seçiciləri Konstitusiyaya əlavə və dəyişiklikləri dəstəkləyirlər

"Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupu sentyabrın 26-da keçiriləcək Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) ilə əlaqədar təbliğat və təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində növbəti görüş Qaradağ rayonunun Lökbatan qəsəbəsinin seçiciləri ilə keçirilib. "Həmrəy olaq, HƏ deyək" şüarları ilə keçirilən görüşdə "Yeni Azərbaycan" təşviqat qrupunun Qaradağ rayon şöbəsinin və Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov çıxış edərək bildirib ki, Azərbaycan Konstitusiyasına təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət göstərir: "Mən əminəm ki, xalqımız ölkəmizin daha da inkişafı, vətəndaşların həyat şəraitinin daha da yaxşılaşmasına xidmət edən bu dəyişikliklərə dəstək verəcək. Sentyabrın 26-da keçiriləcək referendumun nəticələrində biz bu dəstəyi daha aydın görəcəyik. Çünki təklif olunan dəyişikliklər ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatında aparılan islahatların nəticəsidir və bu islahatlar xalqımız tərəfindən daim dəstəklənib. Mən bir daha bütün vətəndaşlarımızı referendumda fəal iştirak etməyə və Konstitusiyaya təklif olunan bu dəyişikliklərə səs verməyə çağırıram". Çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Mixail Zabelin qeyd edib ki, ölkə vətəndaşlarının böyük əksəriyyəti bu əlavə və dəyişikliklərə yekdilliklə səs verəcək. Çünki bu, ölkəmizə yeni inkişaf tendensiyası gətirəcək: "Biz bu gün Konstitusiyaya əlavə və dəyişikliklərdən danışarkən tam məsuliyyətimizlə bildiririk ki, bu dəyişikliklər zərurətdən irəli gəlir və ölkənin daha güclü olmasına, daha sürətli inkişafına, daha əhatəli islahatların həyata keçirilməsinə şərait yaradacaq". Görüşdə çıxış edən Rus icmasının sədr müavini Natalya Paramanova, 288 saylı orta məktəbin direktoru Cahangir Süleymanov, Qaradağ rayonunda yerləşən Heydər Əliyev Mərkəzinin direktoru Hicran Xəlilova və başqaları Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə bağlı danışıblar.

Tədbirdə iştirak edən lökbatanlı seçicilər sentyabrın 26-da referendumda fəal iştirak edəcəklərini diqqətə çatdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə