Arif Hacılı qardaşını İŞƏ SALDI

Əli Kərimlini “vurmaq” üçün tarix təkrarlanır
Arif Hacılı qardaşını İŞƏ SALDI

Müsavat Partiyasının başqanı Arif Hacılının qardaşı, müsavatyönlü "Əhrar" Partiyasının sədri Vaqif Hacıbəyli AXCP sədri Əli Kərimlini sosial şəbəkə vasitəsilə ittiham atəşinə tutub. SİA-nın məlumatına görə, Arif Hacılının Əli Kərimli ilə yeni əməkdaşlıq cəhdlərinin boşa uğramasını qəbul etməyən Vaqif Hacıbəyli hələ 2013-cü il prezident seçkiləri ərəfəsində yazdığı qeydlərini yenidən paylaşaraq, AXCP sədrini şantajçılıqda, demoqoqiyada və hikkəli olmaqda iyyiham edib. Hacıbəyli bildirib ki, 2013-cü ildən 3 il keçsə də, Əli Kərimli haqqında eyni fikirləri indi də yazmaq mümkündür. SİTAT: "Ətrafındakı bəzi "ağıllılar" anonim imzalarla cavab verdilər ki, Əli bəy müxalifətə yaxşı torba tikib, tərpənə bilmirlər. Nəhayət onun özünün cari durumla bağlı şərhi bu gün məlum olub. Ənənəvi şantaj, demoqoqiya və hikkə. Nə olsun? Nədir qazancın? Musavat pis - yaxşı təbliğatını aparırdı, onları iflic etdiz. Təriflədiyiniz Milli Şuranın hansı səmərəsi var?"

"Əhrar" sədri ittihamlarına davam edərək, AXCP və Milli Şuranın Müsavata qarşı çıxışını həmin qurumların ziyanına işlədiyini qeyd edib: "Milli Şuranın anti-musavat siyasi kursunun bu qurumun siyasi nüfuzuna öldürücü siyasi təsir göstərdiyinin fərqində deyilsinizmi..?"

Xatırladaq ki, son günlər Müsavat və AXCP-Milli Şura arasında referendumda iştirak etmək istiqamətində gərginlik müşahidə olunur və tərəflər sosial şəbəkələr vasitəsilə qarşılıqlı ittihamlar irəli sürməyə başlayıblar. Vaqif Hacıbəyli isə Əli Kərimliyə qarşı formalaşan 2013-cü ildəki fikirlərinin indi də qüvvədə qaldığını deyir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə