Aydın Mirzəzadə: "YAP-ın namizədinin favorit olacağı bəlli idi" AÇIQLAMA
"Ağdaş seçki dairəsində seçkilər çox obyektiv keçdi. Beləcə, Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizəd Cavid Osmanov qalib gəldi. Təbii ki, əvvəlcədən araşdırmalarda YAP-ın namizədinin favorit olacağını göstərirdi. Cavid Osmanov həmin rayonda çox milli bir partiya təşkilatının rəhbəridir, icra strukturunda çalışır, əhali arasında nüfuzu var, özünü siyasi cəhətdən yetkin və əhalinin sosial probleminin həllində bacarıqlı bir kadr kimi göstərib. Məhz bu baxımdan onun namizədliyi irəli sürüldü". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.
YAP rəsmisinin sözlərinə görə, bu məqamda müxalifət partiyasının lideri, keçmiş deputat İqbal Ağazadə özünü yenidən göstərmək qərarına gəldi: "Çünki o bilirdi ki, YAP öz namizədinin qələbə çalması üçün özünün informasiya resurslarından istifadə edəcək, eyni zamanda cəmiyyətin diqqəti o boş olan dairəyə yönələcək. Namizədliyi verilən gündən İqbal Ağazadə ənənəvi müxalifət metodu ilə çıxış etməyə başladı. Guya onun imza vərəqinə imza atanlara təzyiq göstərilir, onlardan imtina göstərilir, eləcə də onun seçki görüşlərinə maneçilik törədilir və s. Yəni biz bu cür çağırışları, ittihamları artıq illərdir ki, eşidirik. Müxalifət özünün seçki proqramından, öhdəliyindən, gördüyü işlərdən deyil, ilk növbədə YAP-ın ünvanına böhtan xarakterli fikirlər səsləndirməklə şöhrət qazanmağa çalışır. Bir qayda olaraq müxlifət bu metodlardan həmişə istifadə edir və məğlub olur".
A.Mirzəzadə əlavə edib ki, Ağdaşda YAP-ın çox güclü rayon təşkilatı var: "Təşkilatın sədri özünü partiya işində, ictimai işlərdə tanıtmış, nüfuz qazanmış bir şəxsdir. İqbal Ağazadəyə gəlincə, ötən il seçkilərdə məğlub olmuş bir nəfərin tanımadığı bir yerdən namizədliyini verməsi böyük risk idi və heç də özünü doğrultmadı. İqbal Ağazadə Azərbaycanda azsaylı kiçik müxalifət partiyasının lideridir. O parlamentdə olduğu dövrdə özünün radikal çıxışları ilə tanınırdı. Məhz bu baxımdan ötən seçkidə ona etimad göstərilmədi. Onun öz platformasından danışmaq, seçiləcəyi təqdirdə ölkə və rayon üçün görəcəyi işlərdən danışmaq əvəzinə bütün təbliğatını guya ona qarşı təzyiq edilməsi "faktlar"ı üzərində qurması onun ən böyük səhvindən biri sayıla bilər. Hesab edirəm ki, cəmiyyət bu gün bu kimi əsassız çıxışlara etinasızdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB