Davudoğlunun istefa SƏBƏBLƏRİ

"Türkiyənin növbəti baş nazirinin kim olacağı birinci növbədə Rəcəb Tayyib Ərdoğandan asılıdır. Çünki, Ədalət və İnkişaf Partiyası (AKP) çərçivəsində son söz ona aiddir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, faktiki olaraq AKP-nin bundan sonrakı sədrinin kimliyi o qədər də əhəmiyyət kəsb etmir: "Çünki, son söz Türkiyə prezidentinindir. Amma qənaətimə görə, Türkiyənin növbəti baş naziri Numan Kurtuluş ola bilər".

Türkiyənin baş naziri Əhməd Davudoğlunun istefasına səbəb olan məsələlərdən danışan politoloq söyləyib ki, Türkiyə prezidenti ilə Davudoğlu arasında yaranan müəyyən fikir ayrılıqları istefaya səbəb olan amillərdəndir: "Bundan başqa, son dövrlər Türkiyə iqtisadiyyatındakı geriləmə də burda öz sözünü deyir. Bilirsiniz ki, qardaş ölkəyə xarici investisiyalar bilavasitə Türkiyə prezidentinin nüfuzu və şəxsi qənaətinə görə qoyulurdu. Türkiyə hökuməti də həmin yatırımlara 100 fazilik zəmanət verdir. Lakin Davudoğlu bu zəmanəti 80-70 faizə endirmək istəyirdi. Bu, Türkiyənin maliyyə bazarlarında müəyyən sıxıntılar əmələ gətirmişdi. İqtisadi faktorun Türkiyə üçün önəmli olduğunu nəzərə alsaq, istefanın digər səbəbinə bu amillər də daxil ola bilər".

E. Mirzəbəylinin fikrincə, yeni baş nazir Türkiyənin xarici siyasətində yaranan müəyyən boşluqların aradan qaldırılması istiqamətində iş apara bilər.

"Qənaətimə görə, Ədalət və İnkişaf Partiyasına seçkidən sonra yeni nəfəs də lazım idi. Çünki partiyada müəyyən narazılıqlar baş qaldırırdı. O ki qaldı Davudğlunun istefasından sonra Türkiyədə yarana biləcək gərginliyə, hesab edirəm ki, bütövlükdə nə Türkiyədə, nə də hakim partiyanın daxilində prinsipal ziddiyət ola bilməz. Çünki partiyadakı bütün prosesləri Ərdoğan idarə edir və burada hər hansı ziddiyətin baş verməsi qeyri- mümkündür"- deyə, politoloq əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə