"Milli Məclis dövlətçiliyin qorunmasında və inkişafında məsuliyyətini dərk edən və bu istiqamətdə xüsusi töhfələr verən dövlət qurumudur. Ona görə də hesab edirəm ki, parlamentin Nizamnaməsində və deputatların statusunda ciddi dəyişiklik etməyə ehtiyac var". SİA-nın məlumatına görə, bunu bu gün Milli Məclsin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı deyib. O, mətbuatda da bununla bağlı ictimai rəy yarandığını, medianın ictimai rəyi formalaşdıran çox ciddi bir tərəf olduğunu qeyd edib: "Təsadüfi deyil ki, mətbuata hakimiyyətin beşinci tərəfi də deyilir. Bu gün ictimai rəydə də Milli Məclisin səlahiyyətlərinin artırılması ilə bağlı fikirlər səslənir. Çünki son hadisələr də göstərdi ki, bəzi nazirlər öz səlahiyyətlərini aşaraq, ona verilən səlahiyyətlərdən sui-istifadə ediblər. Ona görə də Milli Məclis üzvlərinin hökumətin hesabatı zamanı daha geniş fikirlərini ifadə etməsi üçün deputat səlahiyyətlərinin artırılmasına çox ciddi ehtiyac var. Məncə, bu həm də dövlətimizin xeyrinə olar. Burada şəxsi korporativ maraqların axtarılması yolverilməzdir. Burada söhbət xalq tərəfindən seçilən Milli Məclis deputatlarının səlahiyyətlərinin artırılmasından gedir. Milli Məclisə seçilmiş deputatlar məmurlar haqqında dövlətimizin xeyri üçün hər-hansı tövsiyə və ya təkliflər vermək hüququna malik deyil".
O, bəzi məmurların millət vəkillərinin zənglərinə cavab vermədiklərini bildirib: "Bu gün elə nazirlər, komitə sədrləri və dövlət məmurları var ki, onlar millət vəkillərinin telefonlarına cavab vermir. Kimsə elə düşünməsin ki, millət vəkili hər-hansı dövlət məmuruna öz şəxsi xahişini etmək üçün zəng edir. Bu, əsla belə deyil. Mən 20 ildən artıq olan öz təcrübəmdən deyirəm ki, bu gün bir sıra nazirlər və digər dövlət məmurları cəmiyyət və insanlar üçün açıq deyillər. Ancaq millət vəkilləri cəmiyyət və xalq üçün açıqdır, insanlar deputatlara çıxa, dərdlərini deyə bilirlər. Vətəndaşların bizə dediyi problemlərin həlləri üçün nazirliklərə, digər dövlət qurumlarına sorğu göndəririk, ancaq bizə standart cavab göndərirlər. Heç bir müsbət nəticəsi də olmur. Məmurlara telefonla da zəng vurub sözünü deyə bilmirsən".
O, səsləndirdiyi problemlərin həlli üçün komitə sədrindən həm parlament rəhbərliyi, həm də dövlət səviyyəsində məsələ qaldırmasını xahiş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB