Məzahir Pənahov: “22 606 müşahidəçi qeydə alınıb” YENİLƏNİB - VİDEO
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclası komissiya sədri Məzahir Pənahov açıq elan edib və daha sonra Azərbaycan Respublikası MSK-nın 7 oktyabr 2015-ci il tarixli iclas protokolu səsə qoyularaq komissiya üzvləri tərəfindən təsdiq olunub.
MSK sədri Məzahir Pənahov bildirib ki, Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləmək üçün 22 606 nəfər müşahidəçi kimi qeydiyyatdan keçib: "Müşahidəçilərin 167-si MSK-da qeydiyyatdan keçib. Dairə seçki komissiyalarında isə 22 606 müşahidəçi qeydə alınıb. 20 ölkədən də 138 müşahidəçi seçkiləri izləmək üçün Azərbaycana gələcək. İndiyə qədər MSK-da 64 müraciətə baxılıb. 15 müraciət təmin olunub. İndiyədək 1 246 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".
MSK katibi Arifə Muxtarova 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlər haqqında ətraflı məlumat verib.
İclasda Xalid Bağırovun deputatlığa namizədliyinin qeydə alınmaması ilə bağlı MSK-ya etdiyi müraciətə baxılıb. 24 saylı Nizami birinci Seçki Dairəsindən namizədliyini öz təşəbbüsü ilə irəli sürən Xalid Bağırov DSK-nın qərarının əsassız olduğunu deyib. DSK qərarında X.Bağırovun seçiciləri aldadaraq imza topladığını əsas gətirərək onun namizədliyini qeydə almayıb. Eskpert Qrupunun araşdırması nəticəsində də imzaların bir hissəsinin aldadılaraq toplanılması üzə çıxıb. Bildirilib ki, X.Bağırovun DSK-ya təqdim etdiyi imzalardan 431-i etibarlıdır və bu da namizədin qeydə alınması üçün kifayət etmir. MSK X.Bağırovun deputatlığa namizədliyini qeydə almayıb.
Daha sonra "Azadlıq-2015" seçki blokunun təşəbbüsü ilə namizədliyi 66 saylı Biləsuvar Seçki Dairəsindən irəli sürülən Mirzəkulla Zəki, Ümid Partiyası tərəfindən 28 saylı Sabunçu üçüncü Seçki Dairəsindən namizədliyi irəli sürülən Aynur Bağırzadə, 9 saylı Binəqədi ikinci Seçki Dairəsindən namizədliyini öz təşəbbüsü ilə irəli sürən Ülvi Həsənov, 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən "Azadlıq-2015" seçki blokunun təşəbbüsü ilə namizədliyi irəli sürülən Nizami Abdurrazaqov, 38 saylı Nizami ikinci (Gəncə) Seçki Dairəsindən "Azadlıq-2015" seçki blokunun təşəbbüsü ilə namizədliyi irəli sürülən hüquqşünas Akif Hüseynov DSK-nın qərarından MSK-ya şikayət ediblər. MSK onların şikayətlərini təmin etməyib.
60 saylı Salyan-Neftçala Seçki Dairəsindən namizədliyi qeydə alınan Səlimağa Səlimli digər qeydə alınmış namizəd Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayevin seçkiqabağı qanunsuz təşviqat aparması ilə bağlı MSK-ya şikayət edib. MSK müraciəti baxılması üçün DSK-ya göndərib.
MSK-nın Ekspert qrupunun üzvləri Ramiz İbrahimov və digərləri isə müraciətlər haqqında fikir bildiriblər.
Sonda cari məsələlərə baxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB