Nəcəf Novruzov: “Gənclər sizinlə fəxr edir, Cənab Prezident!” MÜNASİBƏT

Nəcəf Novruzov: “Gənclər sizinlə fəxr edir, Cənab Prezident!” MÜNASİBƏT

"Qitə tarixində ilk dəfə Avropa Oyunlarının Azərbaycanda keçirilməsi və uğurla başa çatması Prezident İlham Əliyevin ölkəsinə, xalqına olan hörməti və sevgisinin təcəssümü idi. Oyunların açılışında müxtəlif ölkələrin prezidentlərinin, dövlət rəsmilərinin iştirakı bir daha onu göstərdi ki, Azərbaycan dünyada yerini, rolunu bəlli etmiş bir ölkədir və istənilən beynəlxalq tədbirə ev sahibliyinin öhdəsindən layiqincə gəlməyi bacarır". Bu fikirləri SİA-ya Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov İlk Avropa Oyunları ilə bağlı öz təəsüratlarını bölüşərkən deyib.

Nəcəf Novruzov qeyd edib ki, idman sağlamlıq, gözəllik mənbəyi olmaqla yanaşı həm də dostluq, həmrəylik, sülh, barış carçısıdır: "Olimpiya dəyərləri isə hər şeydən əvvəl dostluğu və sülhü tərənnüm edir. Yarışlar zamanı istər vətəndaşlarımız, istərsə də idmançılarımız tərəfindən bu dəyərlərə hörməti ən yüksək formada görmüş olduq. Bunu birinci Avropa Oyunlarına qatılan çoxsaylı atletlər və turistlər də təsdiqləyiblər. İlk Avropa Oyunlarında hörmət və mükəmməllik ruhunu yaşadacaq digər dəyərlərin də əks olunduğunu görmək biz gəncləri olduqca sevindirdi. Çünki bizim əsl simamız budur. Biz düşmənə də, dosta da qapımızı açmağı bacarırıq".

İdarə rəisi onu da qeyd edib ki, hər bir idmançımızın uğuru bizim xalqımızın uğurudur: "Nəzərə alsaq ki, bu yarışlar ilk dəfə keçirilir, o zaman təşkilatçı ölkənin üzərinə böyük məsuliyyət düşürdü. Həmçinin də idmançılarımız yarışlara hərtərəfli hazır olmalı idilər. Şükürlər olsun ki, idmançılarımız fəal çıxışları ilə, öz gücləri sayəsində Azərbaycanı ikinci yerdə qərarlaşmağa nail oldular. Bir çox yarışlara mən ölkəmizi təmsil edən idmançılarımıza dəstək vermək üçün qatıldım və idmançılarımızın qələbə sevincini yaşadım. Amma bu qələbələr içərisində mənə ikiqat qələbə sevinci yaşadan İlahm Zəkiyev oldu. Məhz Azərbaycan Respublikasının Silahlı Qüvvələri günündə Qarabağ qazisinin ölkəsinə qızıl medal qazandırması ikiqat bayram ovqatı yaşatdı bizlərə. Öz sağlamlığını, gözlərini Qarabağ uğrunda itirən İlham öz qələbəsi ilə Azərbaycanın igid oğullarının gücünü düşmənlərə bir daha göstərmiş oldu. Nə qədər ki İlham Zəkiyev kimi oğulları var biz ancaq tarixlər yazmağa davam edəcəyik".

Nəcəf Novruzov həmçinin vurğulayıb ki, möhtəşəm açılış və əsrarəngiz bağlanış mərasimləri sözün əsl mənasında dünyanı heyrətə gətirdi: "Gənc nəsil üçün bu uğurları görməkdən, yaşamaqdan böyük heç nə ola bilməz. Azərbaycan qitə tarixinə, Avropaya öz ilkini yazdı. Avropa Oyunlarının ilk məşəlini yandırdı. Məgər bütün bunlar bizlər üçün yetərli deyilmi bu yolda inamla, sədaqətlə addımlamağa. Biz gənclər sizinlə fəxr edirik Cənab Prezident! Bütün var-gücümüzlə, potensialımızla ətrafınızda birləşərək dünya tarixində öz möhürümüzü qoyacağımıza səmimi qəlbdən inanırıq".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə