Aydın Hüseynov: “Azərbaycan heç bir kənar qüvvədən asılı deyil” AÇIQLAMA

YAP rəsmisi beynəlxalq təşkilatları ittiham etdi
Aydın Hüseynov: “Azərbaycan heç bir kənar qüvvədən asılı deyil” AÇIQLAMA

"Azərbaycana qarşı ikili standartların tətbiqi bəzi xarici təşkilatların ənənəsinə çevrilib". Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəqil siyasət yürütməklə öz xalqının, öz dövlətinin maraqlarını ifadə edir: "Maraqlıdır ki, MDB ölkələrinə daxil olan respublikalardan hansı biri iqtisadi və siyasi baxımdan müstəqil siyasət yürüdür və eyni zamanda həmin ölkələr özünün müstəqil siyasət yürütməməsi ilə yanaşı öz xalqının maraqlarını ifadə edir? Azərbaycanın timsalında biz görürük ki, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin iqtisadi, siyasi strategiyasına öz sədaqətliliyini nümayiş etdirərək Ulu Öndərimiz tərəfindən müəyyənləşən o hədəflərə daha uğurla çatmaq üçün bütün imkanlardan istifadə edir. Təbii ki, burada ilk növbədə ölkənin müstəqil siyasət yürütməsi lazımdır. MDB-yə daxil olan digər respublikalar isə müstəqil siyasət yürütmür. Bu və digər formada başqa bir ölkənin diktəsi ilə öz işlərini həyata keçirir. Məsələn, Ukraynada bu gün baş verən proseslər bütün dünya ictimaiyyətinə bəllidir və Ukraynaya göstərilən dəstəyin Azərbaycana göstərilməməsi birbaşa ikili standartın bariz nümunəsidir. Çünki vaxtilə SSRİ tərkibində olmuş həm Azərbaycan, həm də Ukrayna öz resursları hesabına özünü təmin etməyə qadir olan ölkələrdir. Ancaq etiraf etmək lazımdır ki, son dövrlər xüsusilə də Ukraynada "Maydan hərəkatı"ndan sonra orada Avropanın eləcə də digər super qüvvələrin maraqları toqquşdu və bu gün hər kəs öz marağını ortaya qoydu. Bildiyiniz kimi Ukraynanın daxilində müharibə gedir ona görə də bu gün Ukrayna dövləti öz daxilindəki stabilliyi əldə etmək üçün bu addımı atır. Düzdür, Ukrayna beynəlxalq arenada müəyyən dərəcədə bəzi təsirlərə məruz qalıb, Krımı itirib və ya başqa problemlərlə üzləşib. Azərbaycanın isə artıq 20 ildən çoxdur ki, 20 faiz torpaqları işğal altındadır, 1 milyondan çox qaçqını var. Buna baxmayaraq ölkəmiz çox müstəqil siyasət həyata keçirir, nə iqtisadi baxımdan, nə də siyasi baxımdan heç bir kənar qüvvədən asılı deyil. Çünki bu yürüdülən siyasət Azərbaycan xalqına və dövlətçiliyinə xidmət edir. Dağlıq Qarabağdakı separatçı qüvvələr ABŞ-dan daim maddi yardım alır, özünü respublika elan edir, heç bir beynəlxalq qanunlara məhəl qoymur, heç bir beynəlxalq normalara əməl etmir, istədiyi kimi seçkilər keçirir, bir sözlə beynəlxalq ictimaiyyətə meydan oxuyur. Əslində Dağlıq Qarabağdakı separatçı rejimin, bir qrup terrorçunun və eyni zamanda Ermənistanın bu hərəkətlərinin qarşısının alınması üçün onlara beynəlxalq iqtisadi sanksiyalar tətbiq olunmalıdır. Avropanın eləcə də digər ölkələrin, ölkəmizə qarşı bu tərzdə yanaşmasının yalnız bir məntiqi var, Azərbaycan müstəqil siyasət həyata keçirir, nə iqtisadi, nə də siyasi baxımdan heç bir kənar qüvvələrin təsiri altında deyil və yalnız öz xalqının, öz dövlətinin maraqlarını ifadə edir".

Səbiyyə Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə