Həsən Kərimov: “Müsavat AXCP-dən müxalifətçilik sertifikatı almaq niyyətindədir” SƏRT CAVAB

Həsən Kərimov: “Müsavat AXCP-dən müxalifətçilik sertifikatı almaq niyyətindədir” SƏRT CAVAB

"AXCP heç kimə qarşı özünütəcrid siyasəti həyata keçirmir". SİA xəbər verir ki, bu fikirləri AXCP sədrinin müavini Həsən Kərimov Mustafa Hacıbəylinin AXCP-nin özünütəcrid siyasəti həyata keçirməsi bəyanatına münasibət bildirərkən deyib.

Həsən Kərimov bildirib ki, Müsavatdan fərqli olaraq, təmsil olunduğu partiya həmişə müxalifətin birliyinə çalışıb və bu istiqamətdə bütün iddialarından da lazım olduqca geri çəkilib: " AXCP "Milli Şura"da təmsil olunur. Əgər Mustafa Hacıbəyli kimləsə əməkdaşlıq etmək istəyirsə, buyurub gedib etsin. AXCP nə Müsavat, nə də onun ayrı-ayrı qolları ilə hər hansı bir əməkdaşlıq etmək fikrində deyil. Bu barədə partiya rəhbərliyi dəfələrlə bəyan edib".

AXCP rəsmisi Müsavat Partiyasının müxalifətçilik amilindən uzaq düşdüyünü deyib və indi hər hansı bir əməkdaşlıq barədə təkliflər edərkən, yadına AXCP düşür: "Mustafa Hacıbəyli və digərləri AXCP-dən müxalifətçilik sertifikatı almaq niyyətindədir. Təbii ki, biz də heç kimə sertifikat vermək fikrində deyilik. Bu gün Müsavat Partiyasında olan oyunlar və onun siyasi xətti hamıya məlumdur. Bu mənada, bizi ittiham etməyə çalışanların buna heç bir mənəvi haqqı çatmır".

Həsən Kərimov son olaraq, bir daha Müsavatın "Milli Şura"dan getməsini xatırladaraq deyib ki, bu kimi ittihamlar irəli sürməyin özü absurddur və anlaşılan deyil: "Bu şəxslər Milli Şurada təmsil olunmuşdularsa, bəs niyə çıxıb getdilər? Onların yenidən AXCP-ni özünütəcrid siyasəti yürütməkdə ittiham etməsi absurdur".

Qeyd edək ki, bir müddət öncə Müsavat Partiyasının başqanı Arif Hacılı AXCP sədri Əli Kərimli ilə görüşündə yeni əməkdaşlıq təklifi irəli sürsə də, qarşı tərəf Müsavat rəhbərinin həmin təklifini rədd etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə