Rauf Zeyni: “İstintaqa müdaxilə etməyə ehtiyac yoxdur” AÇIQLAMA

Rauf Zeyni: “İstintaqa müdaxilə etməyə ehtiyac yoxdur” AÇIQLAMA

"Xədicə İsmayılın öz vəkili vasitəsilə KİV-lərə pozucu xarakterli müraciət ünvanlaması ilə bağlı onu deyə bilərəm ki, hazırda onun barəsində istintaq aparılır. Hüquq-mühafizə orqanları bu istintaqı aparana qədər təbii ki, istintaqın gedişatına müxtəlif təsir göstərmək istəyən qüvvələr ola bilər". Bunu SİA-ya Milli QHT Forumunun sədri Rauf Zeyni deyib.

Forum sədrinin sözlərinə görə, Azərbaycanda qanunların aliliyi tam təmin olunub: "Bu mənada hesab edirəm ki, istintaqın gedişinə müdaxilə etməyə heç bir ehtiyac yoxdur. Təbii ki, istintaq yekunlaşandan sonra hər hansı bir fikir bildiriləcək. Prosesə hər hansı bir cəhdin olunması yolverilməzdir. Çünki, bu gün istənilən halda kimlərsə həm daxildən, həm də xaricdən istintaqın gedişatına təsir göstərmək istəyəcək ki, bunu öz xeyirlərinə yönəltsinlər. Düşünürəm ki, artıq bir çox məsələlərdə də təcrübə göstərir ki, istintaq araşdırılıb və yekunlaşana qədər ona müdaxilə etməyə ehtiyac yoxdur".

R. Zeyni bildirib ki, ümumiyyətlə Azərbaycanın inkişafına, ölkəmizdə demokratik mühitin, dövlətçiliyin gücləndirilməsinə birmənalı yanaşmayan (daxili və xarici) qüvvələr var: "Onlar Azərbaycanda gedən müsbət prosesləri qəbul etmək və görmək istəmirlər. Təbii ki, həmin qurumlar müxtəlif təxribatlarla, müxtəlif formada təsirlərlə bu prosesləri ayrı istiqaməyə yönəltmək istəyirlər. Azərbaycan xalqı müdrik xalqdır. Bundan sonra isə biz dövlətçiliyimizə hər hansı bir təhdidə yol verməməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə