Mirhəsən Seyidov: “Forum gənclər arasında qarşılıqlı əlaqələrin qurulmasına şərait yaradır”

Mirhəsən Seyidov: “Forum gənclər arasında qarşılıqlı əlaqələrin qurulmasına şərait yaradır”

"Bu gün Azərbaycan, xüsusilə Bakı dünya miqyaslı beynəlxalq tədbirlərin ana mərkəzinə çevrilib. Heç təsadüfi deyil ki, Azərbaycan son 5-6 ildə dünya səviyyəli forumlara, konfranslara, musiqi, idman yarışlarına ev sahibliyi edir. Bu göstəricilər ölkəmizin bu cür tədbirlərə hər zaman hazırlıqlı olduğundan xəbər verir". Bunu SƏS TV-yə açıqlamasında "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.

Onun sözlərinə görə, Bakıda keçirilən Gənclər Siyasəti üzrə I Qlobal Forum bütün dünyada gənclər siyasəti üzrə qloballaşan problemlərin üzə çıxarılmasına, gənclər arasında qarşılıqlı əlaqələrin qurulmasına hesablanıb: "Bu forumda 100-dən çox ölkə, 700-dən artıq gənc iştirak edib. Forumun Azərbaycanda keçirilməsi ölkəmizin aparıcı gənclər təşkilatlarının, gənclər sahəsində qərar qəbul edən şəxslərinin bundan sonra digər ölkələrin gəncləri ilə daha sıx əlaqələr qurmasına şərait yaradır. Təbii ki, Azərbaycan gənclərinin yetərincə təcrübəsi var. Bununla yanaşı, biz digər ölkələrlə də təcrübə mübadiləsi aparırıq. Bu baxımdan Gənclər Siyasəti üzrə I Qlobal Forum kifayət qədər geniş platformadır".

Birliyin sədri qeyd edib ki, Azərbaycan gənci bu kimi forumlarda iştirak etməklə beynəlxalq rəqabətə davamlı gəncə çevrilmə imkanları əldə edir: "Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət proqramları əsasında Azərbaycanda reallaşdırılan dövlət gənclər siyasətinin 1-ci və 2-ci proqramı bu gün də çox uğurla həyata keçirilir. 2005-2009, 2011-2015-ci illər Azərbaycan gənclərinin dövlət proqramı yetərincə gənclərə və gənclər siyasətinin inkişafına töhfə verib. Gənclər siyasətinin ən əsas rollarından biri də Azərbaycan gənclərinin beynəlxalq aləmdə iştirakçılığının və rəqabətliliyinin artırılmasıdır. Düşünürəm ki, Gənclər Siyasəti üzrə I Qlobal Forum da bu baxımdan gənclər arasında böyük körpü rolunu oynayır".

Bütün xəbərlər Facebook səhifəmizdə