Səxavət Əlisoy: “Mən Müsavatın təşkil etdiyi aksiyalarda iştirak etmirəm” AUDİO YAZI

Səxavət Əlisoy: “Mən Müsavatın təşkil etdiyi aksiyalarda iştirak etmirəm” AUDİO YAZI

"Hesab edirəm ki, Arif Hacılın oppentlərinə barışıq təklifinə Qubad İbadoğlu tərəfindən rədd cavabının verilməsi artıq Müsavat Partiyasının çökməsindən, parçalanmasından xəbər verir". Bunu SİA-ya Müsavat Partiyası başqanlığına keçmiş namizəd Səxavət Əlisoy Arif Hacılının etirazçı müsavatçılara barışıq təklifinə Qubad İbadoğlu tərəfindən rədd cavabı verilməsinə münasibət bildirərkən deyib.

Səxavət Əlisoyun sözlərinə görə, heç kimə sirr deyil ki, Arif Hacılının dəstəsi Müsavat Partiyasının qurultayından öncə min bir hoqqadan çıxıb: "Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi Arif Hacılını başqan etməkdən ötrü heç bir Nizamnamə tanımadan öz bildikləri şəkildə hərəkət ediblər. Bu insanlar özlərinə sərf edən şəkildə heç bir konfrans keçirmədən belə, özlərinə nümayəndələr seçiblər. Onlar Tovuz rayonunda keçirilən konfransda Arif Hacılının tərəfdarları olmadığına görə, həmin konfransın nəticəsini ləğv ediblər. Bu insanların bu cür oyunları saysız-hesabsızdır".

Səxavət Əlisoy bir daha xatırladıb ki, o, başqanlıq seçimində namizədliyini Qubad İbadoğlunun xeyrinə geri götürüb. Lakin hazırda İbadoğlunun atacağı addımları Səxavət Əlisoy üçün də sirr olaraq qalmaqdadır: "Mən öz namizədliyimi Qubad İbadoğlunun xeyrinə geri götürmüşəm. Qubad bəyin bundan sonra hansı addım atacağı mənim özümə də çox maraqlıdır".

Narazı müsavat funksioneri etirazçı müsavatçıların partiyanın mərkəzi qərargahı qarşısında piket aksiyası keçirilməsi ideyasına da münasibətini bildirib. Səxavət Əlisoy bununla bağlı deyib: "Qardaş, mən heç Müsavat Partiyasının təşkil etdiyi aksiyalarda belə iştirak etmirəm. Qalmışdı gedib piketdə iştirak edəcəm? (gülür-red.) Aksiyalarda, piket-miket, yiğım, mitinqlərdə iştirak xarakterimə ziddir".

Xatırladaq ki, bir qrup etirazçı müsavatçı bugünlərdə partiyanın qrargahı qarşısında yeni seçilmiş başqan Arif Hacılının idarəçiliyinə və qurultayda baş verən saxtakarlıqlara qarşı piket aksiyasının keçiriləcəyini bəyan ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə