Politoloq: “Ermənistanda Serj Sarkisyana qarşı silahlı üsayan hazırlanır”

Mübariz Əhmədoğlu: “Ermənistanda hakimiyyət uğrunda mübarizənin yeni mərhələsi başlayıb”
Politoloq: “Ermənistanda Serj Sarkisyana qarşı silahlı üsayan hazırlanır”

"İyulun sonu avqustun əvvəlində qoşunların təmas xəttində baş verən hərbi insidentdə erməni tərəfinin məğlubiyyəti Ermənistanın ictimai-siyasi mühitində yeni strukturlaşma əmələ gətirib". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib.

M. Əhmədoğlu bildirib ki, hazırda Ermənistanda hakimiyyət uğrunda mübarizənin yeni mərhələsi başlayıb: "Ermənistanın baş naziri Ovik Abramyan və müdafiə naziri Seyran Ohanyan başa düşür ki, ABŞ və Rusiyanın üz çevirdiyi Serj Sarkisyan uzun müddət hakimiyyətdə qala bilməyəcək. Eyni zamanda vaxtilə Qarabağda döyüşən adamlar Serj Sarkisyanı Qarabağı satmaqda ittiham edirlər. Yəni, Qarabağ döyüşçüləri hesab edirlər ki,onlar Qarabağı hərbi cəhətdən udublar, ancaq Serj Sarkisyan siyasi baxımdan Qarabağı uduzur. Buna görə də Qarabağ döyüşçüləri Serj Sarkisyana qarşı silahlı üsayana qalxmaq istəyirlər. Bunun qarşısını almaq üçün Serj Sarkisyan bir neçə gün öncədən Qondarma "Dağlıq Qarabağ Respublikası" il dönümü ilə bağlı keçirilən tədbirlərə qatılıb".

Politoloq hesab edir ki, Serj Sarkisyanın səfəri çox ziddiyyətlidir: "O bu addımı ilə Rusiyaya göstərdi ki, Dağlıq Qarabağ müstəqilliyini SSRİ dağılmamışdan öncə elan edib. Bu isə o deməkdir ki, Dağlıq Qarabağ, o cümlədən Ermənistan SSRİ-nin dağılmasında iştirak ediblər. Amma Serj Sarkisyan bu addımı atmağa məcburdur".

Politoloq bildirib ki, erməni tərəfi Qondarma "Dağlıq Qarabağ Respublikası"nın 23 illiyi ilə bağlı keçirdiyi tədbirlərdə də istəyinə nail ola bilməyib: "Onlar 25-30 dövlətə tədbirlərdə iştirak üçün dəvətnamə göndərmişdi. Amma tədbirlərdə diaspor nümayəndələri, rusiyalı jurnalistlər, Litva nümayəndə heyəti gəlib. Fransa parlamentlərarası dostluq qrupunun üzvləri və Kaliforniya ştatından nümayəndə heyəti bu tədbirlərə qatılmadı. Ona görə də Serj Sarkisyanın Dağlıq Qarabağa gəlişi daxili auditoriyaya hesablamış addım idi. Bununla da Serj Sarkisyan ona qarşı qaldırılan ittihamlara əks arqument qoymağa çalışır".

Politoloq ATƏT-in Minsk qrupunun Serj Sarkisyanın işğal olunmuş Azərbaycan ərazilərinə səfərinə səssiz qalmasına da münasibət bildirib: "Serj Sarkisyan və ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində eyni mövqedən çıxış edirlər. Serj Sarkisyan ATƏT-in Minsk qrupunu aldadıb ki, onların xətti ilə münaqişənin tənzimlənməsinə razılıq verəcək. Guya onun Dağlıq Qarabağa səfər etməsində məqsəd oradakı ermənilərin başına ağıl qoymaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə