Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Lerikdə təşkil etdiyi "Yay məktəbi" layihəsinin ikinci turu uğurla davam etməkdədir. SİA-nın məlumatına görə, layihə çərçivəsində qrup rəhbərliyinin müəyyənləşdirdiyi plana uyğun olaraq növbəti tədbirlər keçirilib. Belə ki, tədbirlər çərçivəsində ikinci turun qrup rəhbəri "Səs" qəzetinin baş redaktoru, "Səs" İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyevin moderatorluğu ilə "Heydər Əliyev və Azərbaycan mətbuatı" mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada millət vəkili İqbal Məmmədov, Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının sədri Elxan Qəmbərov, eləcə də tədbiri işıqlandıran müxtəlif aparıcı media təmsilçiləri və gənclər iştirak ediblər.
Bəhruz Quliyev Azərbaycan mətbuatının 139 illiyi ərəfəsində olduğunu xatırladaraq qeyd edib ki, əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan mətbuatımız artıq bu gün dünyada da öz sözünü deyir: "Məhz Həsən bəy Zərdabi ənənəsini yaşatmaq üçün mətbuat işçiləri bu gün də əzmlə çalışmaqdadırlar. Müxtəlif dövrlərdə enişli-yoxuşlu yol keçən, zaman-zaman təzyiqlərə, senzuralara məruz qalan Azərbaycan mətbuatı məhz peşəkar jurnalistlərin əzmkarlığı, qətiyyəti sayəsində ayaqda qalmağı və inkişaf etməyi bacarıb".
Dəyirmi masanın aparıcısı onu da vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ölkəmiz və xalqımız yenidən öz müstəqilliyinə, azadlığa qovuşmağa müyəssər oldu: "Həmin vaxta qədər ölkəni idarə edən naşı siyasətçilər mətbuat sahəsinə də kəskin senzura tədbiq edirdilər. Söz və ifadə azadlığı kobud şəkildə pozulurdu. Məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün bu haqsızlıqlara son qoyuldu, senzura tədbiqi aradan qaldırıldı. Artıq bu gün Azərbaycanda yüzlərlə qəzet və jurnallar, dərgilər nəşr olunur, onlarla televiyiya və radio kanalları, sayt və portallar fəaliyyət göstərir. Əlbəttə ki, bütün bunlar həm də ölkəmizdə demokratik mətbuat prinsipinin reallaşmasında önəmli rol oynamaqdadır".
Bəhruz Quliyev eyni zamanda vurğulayıb ki, bu gün Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev cənabları Azərbaycanda jurnalistikanın inkişafı istiqamətində nəhəng işlər həyata keçirməkdədir: "Məhz cənab Prezident İlham Əliyevin qərarı əsasında ölkəmizdə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) fəaliyyət göstərir. Hər il onlarla mətbuat orqanı KİVDF-nin elan etdiyi layihələri çərçivəsində iştirak edərək, maddi-texniki bazasını artırır, müasirləşdirir, işçi heyətinin sosial məişət həyatına dəstək göstərir. Məhz ölkə rəhbərimizin təşəbbüsü sayəsində Bakının ən gözəl yerlərindən birində, dəniz sahilində jurnalistlər üçün möhtəşəm bina tikilərək istifadəyə verilmişdir və bu ənənə indi də davam etməkdədir. Artıq gələn il ikinci belə bir bina mətbuat işçilərinin ixtiyarına veriləcək. Bu, dövlətin mətbuata göstərdiyi diqqət və qayığının bariz nəticəsidir və əlbəttə ki, bütün bunlar Azərbaycan mətbuatının uğuru kimi tariximizə yazılmaqdadır".
Dəyirmi masada söz alan millət vəkili İqbal Məmmədov da çıxış edərək, mövzu ətrafında öz fikirlərini bildirib. Millət vəkili qeyd edib ki, bu gün bütün sahələrdə olduğu kimi Azərbaycan mətbuatı da şanlı yol keçməkdədir: "Bu yol həm də demokratiyanın, prüalizmin məntiqi nəticəsidir. Çünki demokratiya olmayan ölkədə mətbuat da lazımi səviyyədə ola bilməz. Bu gün Azərbaycan mətbuatının uğurları, müxtəlif səpgili qəzet və jurnalların nəşri, saytların fəaliyyəti belə deməyə zəmin yaradır ki, yaxın gələcəkdə ölkə mətbuatı daha böyük uğurlara imza atacaq".
Sonra dəyirmi masa iştirakçıları mövzu ətrafında bir-birindən maraqlı diskussiya bə müzakirələr aparıblar.
Eyni zamanda "Yay məktəbi" layihəsinin ikinci turu çərçivəsində iştirak edən gənclər "Gənclərin ictimai fəaliyyətə qoşulmasının könüllü olaraq təmin edilməsi" mövzusunda seminar keçiriblər. Seminarda çıxış edən YAP İcra katibliyinin əməkdaşı Raqu Qurbanova mövzu ilə bağlı çıxışında bildirib ki, bu gün partiyanın uğurlu fəaliyyətində gənclər də yaxından iştirak etməkdədirlər: "Məhz gənclərimizin bu kimi fəaliyyətləri könüllülük prinsipində həyata keçirilməkdədir. Burada heç bir məcburiyyət prinsipindən söhbət gedə bilməz. Çünki partiyaya üzv olan gənclər ilk olaraq bu təşkilata könüllü şəkildə qoşulur və onun uğurlu fəaliyyəti istiqamətində səylə çalışırlar. Onu da qeyd edim ki, bizim gənclər hər hansı bir tədbirdə iştirak etməmişdən öncə, digər gənclər arasında da təbliğat aparır, onları könüllülük prinsipində həmin tədbirlərdə iştirak etmələri üçün şərait yaradırlar. Çünki Yeni Azərbaycan Partiyası bütün gənclərə öz ictimai fəaliyyətləri üçün ən mükəmməl şəraitlər yaradır".
Daha sonra YAP Yasamal rayon təşkilatının gənclər birliyinin sədri Bəxtiyar Nəbiyev çıxış edərək öncə tədbirin təşkilatçılarına təşəkkürünü bildirib və gənclərin asudə vaxtlarının təşkilində, onların ictimai işlərdə iştirakının təmin olunmasında Yeni Azərbaycan Partiyasının və onun Gənclər Birliyinin böyük işlər gördüyünü xüsusi olaraq vurğulayıb: "Azərbaycan gəncliyinin formalaşmasında, dövlət quruculuğunda yaxından iştirak etməsində, gələcək uğurlarımızın əldə etməsində YAP-ın xidmətləri danılmazdır. "Yay məktəbləri"nin təşkili dediklərimizin bariz nümunəsidir. Bura bizim üçün bir məktəbdir. Hər kəs biliyini başqaları ilə məmuniyyətlə bölüşür, maraqlı diskussiyalar təşkil edilir. Bugünkü dəyirmi masa da dediklərimizə əyani sübutdur. Bir sözlə Yeni Azərbaycan Partiyası həm siyasi, həm də ictimai fəaliyyət üçün ideal məkandır. Azərbaycanın hər bir sağlam gənci bu meydanda özünü təsdiq edə bilər".
"Yay məktəbi"nin iştirakçıları seminarın mövzusu ətrafında müzakirələr aparıblar.
Qeyd edək ki, Lerkdə keçirilən "Yay məktəbi" layihəsinin ikinci turunda idman yarışları ilə yanaşı, intellektual və praktik oyunlar da keçirilir. Axşam saatlarında isə "Yay məktəbi" layihəsinin iştirakçıları istedad gecəsi və diskotekada xoş istirahət keçirirlər.
İsmayıl QULİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB