YAP müxalifətin ittihamlarını əsassız hesab edir

YAP müxalifətin ittihamlarını əsassız hesab edir

"Yeni Azərbaycan Partiyası istər Avropa istiqamətində, istərsə də Şərq ölkələri istiqamətində geniş beynəlxalq əlaqələrə malikdir və beynəlxalq partiya təşkilatlarında təmsil olunur, onların keçirdiyi tədbirlərdə yaxından iştirak edir. Həmçinin Yeni Azərbaycan Partiyasının təşəbbüsü və dəvəti ilə ölkəmizdə dəfələrlə beynəlxalq konfranslar keçirilib". SİA-nın məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Ə.Əhmədov bildirib ki, bu yaxınlarda Beynəlxalq Mərkəzçi Demokratlar İttifaqının faktaraşdırma komissiyası və Avropa Xalqları Partiyasının nümayəndə heyəti Bakıda olub: "Biz həmin nümayəndə heyəti ilə görüş keçirmişik. Görüşdə Yeni Azərbaycan Partiyası ilə Beynəlxalq Mərkəzçi Demokratlar arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişaf etdirməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Bizim qarşıya qoyduğumuz məqsəd bu qurumlarda üzv kimi təmsil olunmaqdır. Güman edirəm ki, Beynəlxalq Mərkəzçi Demokratlar İttifaqının faktaraşdırma komissiyasının gələcəyi qənaət də bundan ibarət olacaq".

"Bu məsələ ilə bağlı müxalifət yalan informasiyaları yaymaqda davam edir ki, guya YAP-ın əməkdaşlıq qurmaq istədiyi Mərkəzçi Demokratlar İttifaqına daxil olan partiyalar yalnız müxtəlif ölkələrdəki müxalifət partiyalarıdır: "Bu, tamamilə yalandır. Bu beynəlxalq təşkilata 70-dən çox müxtəlif partiya daxildir. Onların arasında sağçı, mərkəzçi, hakimiyyətdə, eləcə də müxalifətdə olan partiyalar var. Biz həmin quruma daxil olmaq niyyətimizi ortaya qoyarkən bu qurumda hansısa partiyanın müxalifət, hansısa partiyanın hakimiyyətdə olmasını nəzərdə tutmamışıq. Bu, beynəlxalq aləmdə geniş nüfuz qazanmış böyük bir qurumdur. Bu partiyaların böyük hissəsi hakimiyyətdə olan sağçı partiyalardır. Ona görə də onların bizim niyyətimizə neqativ kölgə salmaq istəkləri indiyə qədər baş tutmadığı kimi, bundan sonra da yalana istinad etdiyinə görə iflasa uğrayacaq. YAP beynəlxalq əlaqələrini genişləndirir, bundan sonra da genişləndirəcək. Həm Avropa, həm də Asiya ölkələrində ciddi partiyalar YAP-ı yaxşı tanıyırlar", - deyə Ə.Əhmədov vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə