Los-Ancelesdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Los-Ancelesdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə şəhərdə fəaliyyət göstərən xarici ölkələrin baş konsulları, elm və mədəniyyət xadimləri, Amerika Yəhudi Komitəsinin Los-Anceles nümayəndəliyinin rəhbərliyi, yerli universitetlərin professorları, icma üzvləri və başqaları iştirak ediblər.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək 20 Yanvar hadisələri barədə məlumat veriblər.

O deyib ki, həmin gecə sovet qoşunları tərəfindən çoxlu sayda günahsız insan amansızcasına qətlə yetirilib. Ümummilli Lider Heydər Əliyev faciədən dərhal sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək qətliamı kəskin şəkildə pislədi və bu, Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsini daha da ilhamlandırıb.

Baş konsul qeyd edib ki, bu qəddarlığı törədən sovet rejimi Azərbaycan xalqının azadlıq arzularını boğmaq niyyətində olsa da, rejim öz məqsədinə çata bilməyərək tam iflasa uğradı və Azərbaycan dövlət müstəqilliyini bərpa etdi.

Müstəqilliyinin bərpasından keçən dövr ərzində Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan diplomat Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin siyasi və iqtisadi mövqelərinin həm regional, həm də qlobal səviyyədə möhkəmləndiyini bildirib və müstəqilliyimizin dönməz xarakter aldığını diqqətə çatdırıb.

"Azerbaijan International" jurnalının baş redaktoru Betti Bleyer 20 Yanvar faciəsi barədə fikirlərini bölüşüb, bu qətliamın SSRİ-nin süqutunun başlanğıcı olduğunu bildirib.

Qanlı faciə barədə dünya birliyinə hər hansı məlumatın ötürülməməsi üçün sovet rejiminin Azərbaycanı informasiya blokadasına aldığını bildirən N.Ağayev "National Geographic" jurnalının məşhur fotoqrafı Reza Deqatinin həmin günlərdə SSRİ dövlət orqanlarından gizli şəkildə Bakıya gedərək baş verən hadisələri necə işıqlandırması və dünyanı məlumatlandırması haqqında danışıb.

Sonra CNN telekanalının R.Deqatidən Bakıda götürdüyü müsahibə nümayiş etdirilib.

Daha sonra tədbir iştirakçıları Qanlı Yanvar faciəsini əks etdirən fotosərgi ilə tanış olublar.

AzərTAc

Bütün xəbərlər Facebook səhifəmizdə