"İlham Əliyevin yaratdığı inkişaf modeli Nobel mükafatına layiqdir"
"İlk olaraq deyə bilərəm ki, Pakistanın nüfuzlu ingilisdilli "Pakistan Observer" qəzeti Prezident İlham Əliyevi "2013-cü ilin adamı" elan etməsi fəxr və qürurverici amildir. Ölkə başçısı buna layiqdir". Bu fikirləri SİA-ya açıqlamasında siyasi ekspert Cümşüd Nuriyev Prezident İlham Əliyevin növbəti dəfə ilin adamı elan edilməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hazırda dünyada iqtisadi-siyasi sahədə ciddi problemlər mövcuddur: "Bütün bunlara baxmayaraq, son 6 ildə dünyada cərəyan edən gərginlik Azərbaycandan yan keçib. Baş verənlərin fonunda ölkəmiz iqtisadi inkişaf tempini artıra bildi. Son 10 ildə Azərbaycanın ticarət balansında heç bir mənfilik yoxdur. Siyasi sahəyə gəlincə isə durmadan irəli addımlayırıq. BMT TŞ-ya 2 illik üzvlük müddətimiz buna bariz nümunədir. Digər tərəfdən Azərbaycan son 10 ildə yeni bir ilkə imza atdı. Bu da təbii ki, sırf İlham Əliyevin adı ilə bağlıdır. Bu da "Şahdəniz-2" layihəsi idi".
Cümşüd Nuriyev onu da bildirib ki, 1990-cı illərin əvvəllərində iqtisadiyyatı tənəzzülə uğrayan Azərbaycan hazırda regionun lider dövlətinə çevrilib: "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatın bütün sahələrində yüksək tərəqqiyə nail olunub, Azərbaycan inamlı addımlarla inkişaf edir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1990-cı illərin əvvəllərində Azərbaycan demokratik inkişaf və dövlət quruculuğu yoluna qədəm qoyub. Bu siyasət İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İlham Əliyev 2003, 2008 və 2013–cü illərdə keçirilən ümumxalq seçkilərində inamlı qələbə qazanaraq dövlət başçısı seçilib. Bir sıra aparıcı beynəlxalq təşkilatlar və dövlətlərdən olan müşahidəçilər seçkilərin demokratik və şəffaf keçirildiyini vurğulayıblar".
Hazırda Azərbaycan Avropa bazarında söz sahibi olduğunu deyə siyasi ekspert fikirlərinə əlavə edib ki, bu tək enerji sahəsində deyil, eləcə də qiymətli kağızlar bazarına da aiddir: "Qərbin aparıcı neft şirkətləri ilə "Əsrin müqaviləsi" imzalandıqdan sonra Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etməyə başlayıb. Neft yataqlarının istismarı istiqamətində həmin sazişə dair danışıqlarda İlham Əliyev aparıcı rol oynayıb, ölkə rəhbərliyinin həyata keçirdiyi müdrik neft strategiyasının icrası xalqın rifah halının yüksəlməsinə səbəb olub. Bu siyasətin davamı olaraq neft və qazın nəqli marşrutları müəyyən edilib, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi–Ərzurum qaz kəmərləri tikilib, Azərbaycan qazının Avropaya nəqlini təmin edəcək Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) layihələri icra olunmaqdadır".
"Dünyanın bir çox aparıcı ölkələrinin nüfuzlu jurnallarının dəfələrlə İlham Əliyevi ilin adamı elan etməsi heç də təsadüfi deyil. "Pakistan Observer" qəzetinin də atdığı addım yeni bir çalardır. Çünki Pakistan Asiyanın ən böyük müsəlman ölkəsi olmaqla yanaşı, Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlətdir. Bununla yanaşı, yeganə nüvə silahı olan ölkə də məhz Pakistandır. Nəzərə alsaq ki, həmin ölkə hazırda müharibə şəraitindədir və orada tez-tez siyasi çəkişmələr hökm sürür, belə şəraitdə Prezident İlham Əliyevin ilin adamı seçilməsi onun adına layiqdir" – deyə, Cümşüd Nuriyev məsələ ilə bağlı fikirlərinə əlavə edib.
O həmçinin vurğulayıb ki, İlham Əliyev dünyada mövcud olan 3 iqtisadi inkişaf modelinə yeni model əlavə etdi: "Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək inkişaf modeli formalaşıb. Bu model iqtisadiyyat sahəsində Nobel mükafatına layiqdir. Təəssüf ki, ölkəmizə qarşı bir sıra qısqanclıq var. Bu qısqanclıq da Azərbaycanın qazandığı uğurlar hesabına olur. Bəzi ölkələr də bunu qəbul etmək istəmir. Hərhalda dünyaya bəyan edək ki, İlham Əliyev tərəfindən hazırlanan və hayata keçirilən modelin Nobel mükafatına layiq görülə biləcəyi diqqətdən yayına bilməz".
Qeyd edək ki, Pakistanın nüfuzlu ingilisdilli "Pakistan Observer" qəzeti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi "2013-cü ilin adamı" elan edib. Qəzetin təsisçisi və baş redaktoru, tanınmış ictimai-siyasi xadim Zahid Malikin nəşrin birinci səhifəsində "İlham Əliyev-2013-cü ilin adamı: Bütün sahələrdə sürətli inkişafı təmin edən nümunəvi Prezident modeli" adlı xüsusi məqaləsi çap olunub. Məqalədə deyilir ki, Avrasiya məkanında özünü təsdiq edən parlaq siyasi xadim olan İlham Əliyev 2013-cü il 9 oktyabr tarixli seçkilərdə yenidən xalqın etimadını qazanaraq Azərbaycanın Prezidenti seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB