Səlim Müslümov: “Nazirlik sistemində şəffaflıq bərqərar olunacaq”

Səlim Müslümov: “Nazirlik sistemində şəffaflıq bərqərar olunacaq”

"Nazirlik sistemində şəffaflığın bərqərar olunması istiqamətində işlər davamlı olacaq". SİA-nın məlumatına görə bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, proses ölkə başçısının tapşırığı ilə həyata keçirilir.

Nazirlik sistemində şəffaflığın bərqərar olunması ilə bağlı işlərin bir müddət öncədən başlandığını dilə gətirən nazirin sözlərinə görə, 20 gün bundan qabaq nazirlikdə sosial müdafiə mərkəzləri rəhbərlərinin iclası olub ki, iclasda xeyli mərkəz rəhbəri də işdən azad olunub: "Bu proses bundan sonra da davam edəcək. Çünki cəmiyyətdə həddindən artıq pis fikir yaradan proseslər gedir. Nazirliyə təyin olunduqdan sonra şəffaflığın təmin olunması ilə bağlı ilk tələb etdiyim məsələ tibbi sosial ekspert komissiyalarının (TSEK) fəaliyyətində olan qüsurların aradan qaldırılması idi. Çünki ölkə başçısı bu sahə ilə bağlı ciddi tapşırıqlar verib. Mən o zaman məlumat aldım ki, 17700 şəxs yerlərdə TSEK-dən müayinədən keçiblər, əlillik verilməsi ilə bağlı qərar qəbul edilib, lakin onlara müavinət alması üçün arayış verilmir. Onlara baxanda mən dəhşətə gəldim. Çünki onların arasında 2011-ci ildən qalan ankoloji, dializ, I qrup xəstələri var idi ki, arayış ala bilmirdilər. Biz təcili olaraq bunları təmizlədik və bir gün içərisində 2280 nəfərə həmin arayışlar verildi. 5 gün ərzində 10 mindən çox şəxsin sənədlərinə baxılıb. Bunu etmək çətin idi? İki il yarımı idi ki, bu məsələ masa üzərində qalmışdı. İnsanlar da müraciət etməkdən yorulmuşdular. Ümumiyyətlə arayış məsələsi həll olunmalı avtomatlaşdırılmış şəkildə həyata keçirilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə