Şahin İsmayılov: “Gələn il Azərbaycanda Tələbə Birliyinin idarə heyətinin növbəti iclası keçiriləcək” MÜSAHİBƏ
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılovun SİA-ya müsahibəsi:
- Şahin müəllim, bu gün Dövlət Bayrağı Günü qeyd olunur. Gənclər təşkilatının sədri kimi gənclərdə milli atributlara münasibəti necə dəyərləndirirsiniz?
- Bayraq hər bir dövlətin vizitkartıdır. Bu Azərbyacan dövləti üçün də keçərlidir. Dövlət bayrağına məhəbbət, sevgi, sədaqət hər bir şəxsdə, o cümlədən də gənclərimizdə yüksək səviyyədə olmalıdır. Bayraq bizim hər bir zaman yüksəklərdə tutmağa çalışdığımız ayrılmaz bir hissəmizdir.
Bayraq günün təsis olunması böyük bir tarixi hadisə idi. Artıq bu hadisə hər bir Azərbaycan vətəndaşının qürurla qeyd etdiyi bir bayrama çevrilib. Gənclər bayrağa qarşı oduqca həssas və diqqətli olmalıdırlar. Çünki bayraqsız dövlət mümkün deyil. Çünki bizləri hər zaman dalğalanan bayrağımız təmsil edir. Gənclərin bayrağa olan münasibətinə gəlincə isə onlar hər zaman bayrağımıza sədaqət və sevgilərini nümayiş etdiriblər. Onlar müxtəlif vasitələrlə bayrağa olan məhəbbətlərini nümayiş etdirməyə çalışırlar. Biz gənclər əlimizdən gələn qədər bayrağımızı yüksəklərdə dalğalandırmağa çalışırıq. Subyektiv fikrim isə bundan ibarətdir ki, Azərbaycan gənci bayrağına bağlı və ona sadiqdir.
- ATGTİ Dövlət Bayrağı Günü münasibəti ilə hansı tədbirləri keçirib?
- Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Dövlət Bayrağı Gününə həsr olunan "Üçrəngli İdeya Müsabiqəsi"ni həyata keçirib. Dünən müsabiqənin bağlanış və mükafatlandırma mərasimi keçirilib. Bu layihənin həyata keçirilməsində əsas məqsəd gənclərə vətənpərvərlik ruhunun və dövlətçilik ənənələrinin aşılanması, dövlət atributlarının təbliğidir. Layihə çərçivəsində keçirilən müsabiqəyə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri dizayn proqramlarında hazırlanan əl işlərini təqdim etməklə qoşulublar. Təqdim olunan işlərdə üçrəngli bayrağımızın rənglərinin əks olunması mütləq şərt kimi irəli sürülüb. Bundan başqa biz "Güclü Lider Güclü Azərbaycan" qolbağlarını 60 min tələbəyə paylamışıq. Bu kampaniya Azərbaycanın bütün ali və orta ixtisas təhsil müəssisələrini əhatə edib. Eyni zamanda bu gün artıq ikinci dəfə keçirəcəyimiz "Bayraqdar" intellektual yarışmasını keçirəcəyik. Həmçinin bu gün dövlət bayrağımız, bayrağa aid müxtəlif atributların, suvenirlərin Bakı şəhəri sakinlərinə paylanılması kampaniyasını da həyata keçirəcəyik. Çalışacağıq ki, fəaliyyət göstərdiyimiz sahədə hər bir kəsi üç rəngə boyaya bilək.
- Artıq ilin sonuna doğru gedirik. Bu ana qədər ATGTİ hansı nailiyyətlər əldə edib?
- Bu ana qədər Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı bir çox nailiyyətlərə iza atıb. Buna baxmayaraq ilin sonuna qədər daha iki layihəmizin və "Tələbə təcrübə Proqramı"nın təqdimat mərasimi keçiriləcək. İlin yekunlarına dair tədbir dekabr ayında geniş bir şəkildə keçiriləcək. Mərasidə il boyu fərqlənən təşkilatlarımıza, üzvlərimizə, sıx əməkdaşlıq etdiyimiz KİV nümayəndələrinə mükafatlandıracağıq. İl boyu görülən işlər təhlil ediləcək. Nailiyyətlərimizi, nöqsanlarımızı araşdıraraq qarşıdakı ildə daha yaxşı fəaliyyət göstərməyi qarşımıza məqsəd qoyacağıq.
- ATGTİ-nin beynəlxalq əməkdaşlığı nə yerdədir?
- Hazırda 12 beynəlxalq tələbə gənclər təşkilatı ilə ikitərəfli memorandumumuz var. Gələn il Azərbaycanda keçirməyi planlaşdırdığımız Tələbə Birliyinin idarə heyətinin növbəti iclası keçiriləcək. Tədbirdə 37 ölkədən 45 təşkilat iştirak edəcək. Bundan başqa gələn il daha 4 beynəlxalq tədbirin Bakıda keçirilməsini planlaşdırırıq. Bu tədbirlər zamanı ölkəmizə 70 ölkədən nümayəndələr gələcək. Gələn xarici ölkələrdə keçiriləcək bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəyik. Qeyd edim ki, təkcə bu il 1000-ə yaxın tələbə beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB