"..., o zaman Ermənistan bu cür cəsarət sahibi olmazdı" Münasibət
" "Human Rights Watch" kimi mənasız məlumatlar yayan təşkilatlar indiki iqtidara qarşı qərəzli mövqedə olan xarici ölkələrin qurumudur". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə təşkilatın ölkəmiz haqqında yaydığı "Azərbaycanda vintlərin bərkidilməsi dövrü: vətəndaş cəmiyyəti və müxaliflərə qarşı hücumlar" adlı son hesabatı şərh edərkən deyib.

Onun sözlərinə görə, bu təşkilat özünü insan hüquqlarının müdafiəçisi kimi təqdim etsə də, faktiki olaraq Azərbaycanda bu istiqamətdə həyata keçirilən işləri görmək istəmir: "Azərbaycanda 1993-cü ildən bu günə qədər insan hüquqlarının qorunması istiqamətində xeyli işlər görülüb. Lakin bütün bunların qarşısında "Human Rights Watch" təşkilatı heç nə görmək istəmir və eyni ittihamlarla çıxış edir. Dəyişən isə sadəcə zamandır".
Adıçəkilən təşkilatın hər hansı bir şəxsin uydurulmuş məsələsini, yaxud da təsdiq edilməyən faktın Azərbaycana qarşı ittiham kimi istifadə etməyə çalışdığını deyən millət vəkili hesab edir ki, bunun arxasında müəyyən dairələrin maraqları durur: "Hansı ki həmin dairələr Azərbaycanın beynəlxalq aləmdəki imicinə xələl gətirmək və başqa ölkələrlə olan münasibətləri korlamaqda maraqlıdırlar. Bundan başqa, onlar demokratiyadan uzaq olan ölkələri Azərbaycanla eyniləşdirmək məqsədi güdürlər".
Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə də münasibət bildirib. O da öz növbəsində qeyd edib ki, bu kimi təşkilatlar təmsil olunduğu ölkələrin maraqlarına xidmət edir: "Human Rights Watch"-ın bundan əvvəl də yaydığı məlumatlar həqiqətə uyğun deyildi. Həmçinin, ölkəmizdə söz və mətbuat azadlığının olmaması və digər bu kimi gerçəkliyi əks etdirməyən ittihamlar irəli sürmək düzgün deyil. Qeyri-hökumət təşkilatları ilə bağlı qanuna dəyişikliklərin edilməsi ilə bağlı layihənin müəllifi mən olmuşam. O zaman da qeyd etdik ki, burada söhbət yalnız şəffaflıqdan gedə bilər. Belə ki, ölkədə fəaliyyət göstərən QHT-lər pul ala bilərlər, yəni biz bu məsələyə qadağa qoymamışıq. Lakin bu məsələ də rəsmi şəkildə həyata keçirilməlidir. Belə olduğu təqdirdə, hansı məhdudiyyətdən söhbət gedə bilər? Digər tərəfdən qarşıdakı prezident seçkilərində iştirak edəcək namizədlərin sayı artıq 22-ni keçib. Buna görə də bu təşkilatın son yaydığı hesabat qərəzlidir. Təbii ki, müstəqil bir ölkənin digər ölkələr tərəfindən xoşa gəlməməsi qəbul ediləndir".
"Əgər beynəlxalq hüquq müəyyən dövlətlər üçün fərq göstərmədən eyni gücü nümayiş etdirsəydi, o zaman Ermənistan bu cür cəsarət sahibi olmazdı".
Ç. Qənizadə Ermənistan prezidenti Serj Sarkisyanın separatçı Dağlıq Qarabağ Respublikasına səfəri ilə bağlı məsələyə də münasibət bildirib.
Onun sözlərinə görə, bu hal Ermənistanın yenə də beynəlxalq hüquq normalarına arxa çevirdiyini göstərir: "Hətta onlar vaxtilə işğal prosesində iştirak etmədiklərini desələr də, digər tərəfdən bunun əksinə həmin ərazilərə səfər etməklə dediklərini təsdiq etmiş olurlar. Bu da hər zaman olduğu kimi, Ermənistanın həyasızlığından xəbər verir. Eyni zamanda, bu hərəkət bir daha sübut etmiş olur ki, beynəlxalq hüquq zəifdir. Əgər beynəlxalq hüquq müəyyən dövlətlər üçün fərq göstərmədən eyni gücü nümayiş etdirsəydi, o zaman Ermənistan bu cür cəsarət sahibi olmazdı. Bu cür halların baş verməsi beynəlxalq hüququn axsamasından xəbər verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB