Sərraf Balaxan: “Müxalifət ən iyrənc yolu tutub” AÇIQLAMA

Sərraf Balaxan: “Müxalifət ən iyrənc yolu tutub” AÇIQLAMA

"Dünya dövlətlərində iqtisadi, siyasi, sosial və hətta mədəni-əxlaqi böhranın yaşandığı bir məqamda həm siyasi, həm də iqtisadi cəhətdən böyük uğurlara imza ataraq, dünya dövlətlərini əməkdaşlığa, mədəni birliyə çağıraraq inkişaf edən Azərbaycan dövlətini qəbul etmək istəməyən daxili və xarici qüvvələr bu gün bütün çılpaqlığı ilə öz niyyətlərini ortaya qoyublar". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin ofisinin rəhbəri Sərraf Balaxan deyib.

Onun sözlərinə görə, hansısa vədlərə aldanan sapı özümüzdən olan baltalardan tutmuş, Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinə, qərəz dolu beynəlxalq QHT-lərə qədər bu çirkin işlə məşğul olanlar vardır: "Avropada yaşamaq istəyini vətənə, millətə xəyanət müqabilində reallığa çevirənlər, sifarişlər əsasında qərəz dolu gərəksiz informasiya yayan institutlar, hətta böyük güclərin bu niyyətləri hələ ki reallıq qarşısında zəif və acizdir. Düzgün strategiya üzrə inkişaf edən Azərbaycan hələ gələcək zamanlarda belə qüvvələrin daha çox narahatlığına səbəb olacaqdır. Bu gün sapı özümüzdən olan və dünya miqyasında kifayət qədər tanınan insanlar da vardır ki, hansısa maraqlara qurban gedərək öz dövlətində təkcə xalqı təmsil edən şəxsə - Prezidentə deyil, hətta öz dövətinə, millətinə belə müxalif mövqedə dayanırlar. İkinci və ən böyük təəssüf isə budur ki, bu insanlar Azərbaycan xalqının tarixi və hazırda da ən böyük düşməni olan ermənilərlə Azərbaycana qarşı kompaniyalarda əlbirdirlər. Bu artıq öz millətinə və xalqına xəyanətdir".

S.Balaxan deyib ki, bu xəyanətkar mövqeni tutan insanların dəstəkçisi isə bizim dövlətə və millətə müxalif olan müxalifətimizdir: "Onlar artıq şeytanla əlbir olduqlarını gizlədə bilmirlər. Bu tam çılpaqlığı ilə ortadadır. Bir müddət bundan öncə Əkrəm Əylislini dəstəkləmək üçün danışmaq istədilər, amma xalqdan qorxaraq susdular və bu susqunluqları da onlara baha başa gəldiyindən məcbur olub danışdılar amma konkret mövqe ortaya qoymadılar. Baş verən bu hadisə onların hakimiyyətə gəlmək arzularının, çılğın bir ehtiras olduğunu və hakimiyyəti əldə etmək üçün hətta erməninin köməyindən belə yararlana biləcəklərini isbatladı. Hazırda Azərbaycan dövlətinə, xalqın mənsub olduğu maddi və mənəvi sərvətlərə, əraziyə belə ermənipərəst yanaşma sərgiləyən Rüstəm İbrahimbəyova olan gizli sevgiləri də onların dolayı yolla ermənilərlə istənilən zaman iş birliyi quracaqlarına işarədir. Onlar bəlkə də, Rüstəm İbrahimbəyovun bu erməni sevgisindən üzdə məyus oldular, amma daxilən buna da hazırdırlar. Çünki yeganə məqsədləri hakimiyyəti nə yolla olursa-olsun ələ keçirməkdir. Bu sadə məntiq qanunudur, əgər sən düşmənin dostunu dəstəkləyirsənsə, demək düşməni də dəstəkləyirsən".

"Vətənə, millətə xəyanətin daha başqa formaları da var amma bizim müxalifət məncə ən iyrənc yolu tutubdur. Bu yol onları 20 ildir ki, insan yaşamayan bir səhrada gəzdirir. Bu gedişlə hələ də gəzməkdə davam edəcəklər, ta düşüncələrini dəyişənə, xalqın istək və arzularını ifadə edənə qədər".

Bütün xəbərlər Facebook səhifəmizdə