ICAO-nun baş katibi: “Ermənistan tərəfindən “Xocalı” hava limanının istimarı yolverilməzdir”

ICAO-nun baş katibi: “Ermənistan tərəfindən “Xocalı” hava limanının istimarı yolverilməzdir”

Kanadanın Monreal şəhərində Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Fuad Quliyev və Xarici əlaqələr şöbəsinin müdiri Eldar Bağırzadə "Hava nəqliyyatının davamlı inkişafı" şüarı altında keçirilən Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) mənzil-qərargahında Altıncı Ümumdünya Avianəqliyyat Konfransında iştirak ediblər. SİA-nın məlumatına görə, konfransın gedişində avianəqliyyat sahəsinin inkişafı məsələləri müzakirə edilib, ICAO-nun uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitin qorunması sahəsində fəaliyyəti ilə bağlı məruzələr dinlənilib. Konfransın əsas vəzifəsi bazara çıxış, aviaşirkətlərin mülkiyyət formaları və onların milli mənsubiyyətinə nəzarət, istehlakçıların hüquqlarının qorunması və mülki aviasiya müəssisələrindən alınan vergilərin unifikasiyası kimi sahələrdə qlobal tənzimləmə sisteminin formalaşdırılması ilə bağlı təlimatçı sənədlərin və fəaliyyət planının hazırlanması olub.

Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri ICAO-nun Baş katibi cənab Raymon Benjaminlə görüşərək əməkdaşlığın inkişafı məsələlərini, eləcə də hava daşımalarının təhlükəsizliyinin artırılması ilə bağlı problemləri müzakirə ediblər. R. Benjamin Azərbaycanın işğal olunmuş ərazisində, hərbi qarşıdurma zonasında yerləşən Xocalı mülki hava limanının istimarının yolverilməzliyi barədə ICAO-nun mövqeyini ifadə edib.

ICAO Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın işğalı ilə bağlı qəbul etdiyi bütün qətnamələri dəstəklədiyini bildirib. Həmçinin vurğulanıb ki, Azərbaycan tərəfinin icazəsi olmadan və sertifikatlaşdırma keçirilmədən "Xocalı" hava limanını birtərəfli qaydada istismara vermək cəhdləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə böyük zərbə vurmaqla Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının, həmçinin beynəlxalq hüquq normalarının açıq-aşkar pozulması kimi qiymətləndirilir.

Avropa İttifaqı nümayəndə heyətinin xahişi ilə Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında "Birgə səma" Sazişi mətninin hazırlanması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Avropa İttifaqını Avropa Komissiyası Aviasiya və beynəlxalq nəqliyyat departamentinin direktoru cənab Metyu Boldvin, Aviasiya sahəsində xarici siyasət şöbəsinin müdiri cənab Klaus Geil və Avropa Komissiyasının ICAO-dakı nümayəndəsi cənab Kristofer Ross təmsil edib. Tərəflər Saziş layihəsinin müvafiq hökumət orqanlarında razılaşdırılmasının gedişi barədə bir-birini məlumatlandırıb.

Konfransın gedişində həmçinin Avropa Mülki Aviasiya Konfransının müşavirəsi baş tutub. İştirakçılar regionda mülki aviasiyanın inkişaf perspektivlərini, həmçinin 2013-cü ilin 24 sentyabr – 04 oktyabr tarixlərində Monrealda keçiriləcək ICAO Assambleyasının 38-ci Sessiyası zamanı nəzərdə tutulan seçkilərdə Türkiyənin Qara Dəniz-Xəzər rotasiya qrupunun tərkibində iştirakını müzakirə ediblər.

Eyni zamanda ABŞ, Yəmən, Macarıstan, Ukrayna, Banqladeş və Səudiyyə Ərəbistanının nümayəndə heyətləri ilə mülki aviasiya sahəsində ikitərəfli dövlətlərarası əlaqələrin inkişafı məsələləri ətrafında müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə