YAP Xəzər rayon təşkilatının təşkilatçılığı ilə partiyanın yaradılmasının 20-ci ildönümü ilə əlaqədar toplantı keçirilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycanın himni səsləndirildikdən, ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbiri giriş sözü ilə YAP Xəzər rayon təşkilatının sədri, YAP Siyasi Şurasının üzvü Namiq Əhmədov açaraqpartiyanın keçdiyi şərəfli yoldan geniş bəhs edib.
Namiq Əhmədov qeyd edib ki, 1992-ci il noyabrın 21-də təsis konfransını müxtəlif bölgələrdən olan 550 nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıraları çox keçmədi kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndi. Partiyanın şəhər və rayon təşkilatları təsis olundu. Onlar da özlərində ərazi ilk partiya təşkilatlarını birləşdirir. 20 illik tarixdə şərəfli yol keçən YAP biri-birindən əhəmiyyətli uğurlara imza atmaqla cəmiyyətdə nüfuzunu, siyasi çəkisini daha da artırır. Bu gün partiyanın sıralarında 600 minə yaxın üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, həyata keçirilən siyasətin gələcəyinə inamın təsdiqidir. YAP Xəzər rayon təşkilatının 1993-cü ildə təsis olunduğunu diqqətə çatdıran Namiq Əhmədov bildirdi ki, bu gün təşkilat özündə 100-dən artıq ərazi ilk partiya təşkilatını, 5000-dən artıq üzvü birləşdirir.
YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirib ki, yarandığı gündən partiya siyasi mübarizələrlə zəngin bir yol keçib.
"Yeni Azərbaycan Partiyası dövlətçiliyimizin qarantıdır" söyləyən Mübariz Qurbanlı "partiya hansı zərurətdən yaranıb" sualının daha dolğun şəkildə ulu öndər Heydər Əliyev tərəfindən 91-lərin müraciətinə cavabında cavablandırıldığını diqqətə çatdırıb. Həmin müraciətdə ümummilli lider Heydər Əliyev bildirmişdir: "Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi Partiyasının yaradılması obyektiv zərurətdəq doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər".
Mübariz Qurbanlı partiyanın bugünkü uğurlarının gələcəyə daha böyük əminliklə yanaşmağa əsas verdiyini diqqətə çatdırıb. Partiya ölkədə keçirilən bütün seçki proseslərində uğur qazanmaqla xalqın partiyası olduğunu təsdiqləyir.
Yubiley toplantısında çıxış edənlərdən Milli Məclisin deputatı Rauf Əliyev ölkəmizin uğurlarından danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, Yeni Azərbaycan Partiyasının iqtidar partiyası kimi fəaliyyəti Azərbaycanın bugünkü uğurlarını təmin edən ən başlıca şərt olub. Bu gün ölkəmizin bayrağı dünyanın ən nüfuzlu təşkilatlarının qarşısında dalğalanır.
Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov paytaxt və bölgələrdə geniş vüsət alan abadlıq, quruculuq işlərindən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin hərtərəfli inkişafı təmin edilmiş, dinamik iqtisadi inkişafı ilə dünyanın diqqətindədir.
Toplantıda Xəzər İnkişaf Fondunun sədri İlqar Mustafayev və başqaları çıxış edərək, partiyanın bu gün nəinki ölkəmizdə, regionda aparıcı siyasi təşkilat olduqlarını qeyd ediblər.
Tədbirdə təşkilatın sıralarına yeni daxil olanlara üzvlük vəsiqəsi, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən təşkilatın bir qrup üzvünə isə fəxri fərman və pul mükafatları təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB