Əli Orucov: \"Partiyada mənim rəqibim yoxdur\" - AÇIQLAMA

Əli Orucov: \"Partiyada mənim rəqibim yoxdur\" - AÇIQLAMA

"Mən İctimai Palatanın Koordinasiya Şurasına namizədliyimi irəli sürmüşəm. Partiyanın Siyasi Şurası isə qərar verib ki, İctimai Palatada təmsil olunan AMİP-çilər Koordinasiya Şurasına namizədliklərini irəli sürə bilməzlər. Məsələnin kökü də məhz bundadır". Bunları SİA-ya açıqlamasında AMİP mətbuat və təbliğat katibi vəzifəsindən çıxması ilə bağlı partiyanın baş katibinin açıqlamasına cavab olaraq Əli Orucov söyləyib.

Ə. Orucov bildirib ki, partiyanın nizamnaməsi var və onu istefaya göndərmək istəyirlərsə, bunu nizamnamə qaydaları ilə həll edə bilərlər: "Partiyada hər kəsi, eləcə də məni, Arzuxan Əlizadəni Yusif Bağırzadəni də daha yaxşı əvəz edə biləcək kifayət qədər insan var\".

\"Koordinasiya Şurasına namizədliyinizi geri çəkəcəksiniz?\" sualına isə Əli Orucov belə cavab verib: "Mən qərar verirəmsə, deməli düşünüb qərar verirəm. Mənim Koordinasiya Şurasında təmsil olunmağım isə Şura üzvlərindən, səsvermənin nəticələrindən asılıdır. Bəlkə heç məni seçməyəcəklər".

AMİP lideri Etibar Məmmədovla bu məsələ ilə bağlı hər hansı fikir mübadiləsinin olmadığına da toxunan Ə. Orucov bu məsələlərdə partiya liderinin adının hallanmasına qarşı olduğunu vurğulayıb: "Etibar Məmmədov mənim liderimdir, ağsaqqalımdır. Onun məsləhətlərinə, tövsiyələrinə həmişə ehtiyacım var. O, partiyaçıların məsələlərinə qarışmır. Bu, daxili məsələlərdir. İstəməzdim ki, bu kimim şeylər mətbuata çıxsın ictimailəşsin. Bunlar partiya daxilində həll olunmalı idi. Ona görə də Etibar Məmmədovun bu məsələlərə adının qarışdırılmasının tam əleyhinəyəm".

AMİP baş katibi Arzuxan Əlizadənin niyə ondan xəbərsiz istefa xəbərini verməsində hər hansı bir qərəzin olması məsələsinə gəlincə, Ə. Orucov bunları deyib: "Arzuxan Əlizadə məndən canını qurtarmaq üçünmü bu kimi açıqlamalar verib deyə bilmərəm, bunu ondan soruşmaq lazımdır. Düşünmürəm ki, o, canını məndən qurtarmağa çalışır. Partiyada isə mənim rəqibim yoxdur. Yəni oradakılar mənim dostlarım, əqidə yoldaşlarımdır".

Xatırladaq ki, bu gün AMİP Siyasi Şurasının növbəti iclası keçirilib. İclasda AMİP-in İctimai Palata ilə münasibətləri və Koordinasiya Şurasına seçkilər məsələsi müzakirə olunub. Siyasi Şura AMİP-in İctimai Palatada fəaliyyətinin dayandırılması ilə bağlı 18 aprel 2011-ci il tarixli qərarı qüvvədə saxlayıb və İctimai Palatanın Koordinasiya Şurasına seçkilərdə İctimai Palatada təmsil olunan AMİP üzvlərinin namizəd qismində iştirakı məqsədəuyğun sayılmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə