Beynəlxalq  İşçi Qrupun “Amnesty İnternational”ın hesabatına dair rəyi açıqlanıb

İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrup (BİQ) "Amnesty İnternational" təşkilatının "Heç vaxt çiçəklənməyən bahar: Azərbaycanda azadlıqlar tapdanır"(2011) adlı hesabatına dair rəyini açıqlayıb.

SİA-nın verdiyi xəbərə görə, hesabatda yer alan tənqidi fikirlərin həqiqətə söykənmədiyi, o cümlədən qərəzli olduğu qeyd olunub.

Rəydə bildirilib ki, müstəqillik dövründə Azərbaycanda demokratik dövlət quruculuğu, insan hüquqları və əsas azadlıqların təmin edilməsi sahəsində müasir tələblərə cavab verən qanunvericilik bazası yaradılıb, ölkədə demokratik təsisatlar, o cümlədən vətəndaş cəmiyyəti təsisatları formalaşdırılıb. Ölkədə çoxsaylı siyasi partiyalar və kütləvi informasiya vasitələri fəaliyyət göstərir. Bununla bərabər bir sıra hallarda ölkədə insan hüquqları və əsas azadlıqlarının pozulması hallarına rast gəlinir. İnsan hüquqları əsasən aşağı və orta səviyyəli məmurlar, hakimlər və sıravi polis işçiləri tərəfindən pozulur. Bunun başlıca səbəblərindən biri kimi həmin məmurların demokratik düşüncələrinin formalaşmamasını göstərmək olar, digər səbəb isə həmin məmurlarda demokratik idarəçilik praktikasının zəifliyindən və müasir hüquq normalarının şərhini dar anlamalarından ibarətdir.

Bundan əlavə, ölkədə korrupsiya hallarına rast gəlinir ki, bu da demokratik proseslərin genişlənməsini ləngidir. Ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparılmasına baxmayaraq, belə hallar hələ də müşahidə olunur: "Hesab edirik ki, insan hüquqları və əsas azadlıqların müdafiəsi, demokratik proseslərin genişləndirilməsi, vətəndaş cəmiyyəti institutlarının möhkəmləndirilməsinə təsir göstərən neqativ halların aradan qaldırılması üçün Azərbaycan hakimiyyətinin öz səylərini daha da artırması məqsədəuyğundur. Digər tərəfdən isə göstərilən sahələrdə böyük təcrübəyə malik olan beynəlxalq təşkilatlarla Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və müvafiq ixtisaslaşdırılmış təlim və treninqlərin keçirilməsi də proseslərin pozitiv məcrada inkişaf dinamikasına təkan vermiş olar".

Rəydə eyni zamanda Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü, Azərbaycanın 20% ərazilərinin işğalı, işğal edilmiş ərazilərdə aparılmış etnik təmizləmə siyasəti nəticəsində uzun illərdir ki, yüz minlərlə Azərbaycan vətəndaşının hüquqlarının kütləvi və kobud şəkildə pozulması və onların məcburi köçkün həyatı yaşamaları, indiyədək onların pozulmuş hüquq və azadlıqlarının bərpa edilməsi istiqamətində beynəlxalq ictimaiyyət tərəfindən heç bir addımın atılmaması cəmiyyətin bütün təbəqələrini, o cümlədən müxalifət və iqtidar düşərgələrinin nümayəndələrini eyni dərəcədə narahat edən əsas problem olaraq qalır: "Təəssüflə vurğulanmalıdır ki, "Amnesty İnternational" təşkilatı öz hesabatında uzun illər ərzində kütləvi və kobud şəkildə insan hüquqlarının pozulması kimi vacib və aktual məsələyə münasibət bildirməyib. İnanmaq istərdik ki, təşkilat öz gələcək hesabatlarında bu məsələyə geniş yer ayıracaq. Nəhayət məlumdur ki, nə universal, nə də regional səviyyədə heç bir hökumətlərarası beynəlxalq təşkilat tərəfindən "vicdan məhbusu" anlayışı ilə bağlı meyarlar müəyyənləşdirilməyib və bu məsələ ilə bağlı heç bir sənəd qəbul edilməyib. "Amnesty International" təşkilatı beynəlxalq QHT-dir və vicdan məhbuslarını müəyyən edərkən öz ekspertləri tərəfindən işlənib hazırlanmış meyarlardan istifadə edir. Məhz bu səbəbdən də təşkilatın öz araşdırmalarında istifadə etdiyi meyarlar ümumtanınmış hüquqi meyarlar kimi qəbul edilə bilməz və konkret bir beynəlxalq QHT-nin mövqeyini əks etdirir. Belə bir mövqeni isə qarşı tərəf obyektiv və ya subyektiv, qərəzli və ya qərəzsiz, kompetent və ya qeyri-kompetent mövqe kimi qiymətləndirə bilər. Belə olan halda isə hər iki tərəfin nümayiş etdirdiyi mövqe heç bir hüquqi qüvvəyə malik deyil".

Rəydə o da bildirilib ki, hazırda dünyada insan hüquqlarının və əsas azadlıqların müdafiəsi sahəsində yüzlərlə beynəlxalq QHT fəaliyyət göstərir və bu təşkilatların hər biri özlərinin hazırladıqları meyarlar əsasında bu və ya digər ölkədə vicdan məhbuslarının olması iddiası ilə çıxış etmiş olsalar, yəqin ki, yaranacaq vəziyyəti təsəvvür etmək elə də çətin olmaz: "Sözsüz ki, biz Amnesty İnternational təşkilatının ekspertlərinin kompetentliyinə şübhə etmirik. Lakin hesab edirik ki, hər bir ciddi araşdırmalar ümumi qəbul edilmiş hüquqi meyarlara əsaslanmalıdır. İnanırıq ki, "Amnesty İnternational" təşkilatı öz gələcək fəaliyyətində bu tövsiyəni də nəzərə alacaq".


İlkin Nəcəfli

Bütün xəbərlər Facebook səhifəmizdə