Elman Nəsirli: “Azərbaycanın işğalçı Ermənistandan dəfələrlə deyil, on dəfələrlə daha güclü olmasına çox qısa zaman qalıb"-MÜSAHİBƏ
Politoloq Elman Nəsirlinin "Səs" qəzetinə müsahibəsi:
- ATƏT-in Minsk qrupunun həmsədrlərinin
regiona növbəti səfərləri başlayıb. Sizcə, növbəti müzakirələr və danışıqlar
aparmaq Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi yardımçı ola bilər?
- Artıq
bildiyimiz kimi, Kazan görüşü məyusedici
nəticələrlə yekunlaşdı. Bəs, Kazan görüşündən nə gözlənilirdi? Gözlənilirdi ki,
2009-cu ilin sonunda irəli sürülmüş yeniləşmiş Madrid prinsipləri nəzərə
alınacaq və Ermənistan həmin prinsipləri qəbul edə bilər. Eyni zamanda bundan
sonrakı danışıqlarda da növbəti fazaya keçmək üçün şərait yaranar. Lakin bu
görüş də onu göstərdi ki, Ermənistan vaxtı uzatmaq taktikasını həyata keçirir. Beynəlxalq
ictimai fikri aldatmaq üçün permanent variantlardan istifadə edir.
Danışıqlardan imtina etmir və bununla da fon yaratmaq istəyir ki, Ermənistan
tərəfi sülhpərvər dövlətdir və guya istənilən halda münaqişənin həllində
maraqlıdır. Baxmayaraq ki, danışıqlara getməmişdən öncə ictimaiyyət bilirdi ki,
Ermənistan heç bir razılığa getməyəcək. Belə hesab edirəm ki, 2011-ci il daha
çox münaqişənin həlli ilə bağlı yaxşı imkanların olduğu, lakin Ermənistan
üzündən həmin imkanların itirildiyi il kimi qəbul edilə bilər. Çox təəssüflə
bunu qeyd edirəm ki, hadisələrin gedişatı, Ermənistanın atdığı addımlar
xoşagəlməz nəticələrə gəlməyə əsas verir.
Yaddan
çıxarmayaq ki, 2012-ci ildə üç həmsədr dövlətin hər birində prezident seçkiləri
ilidir və təbii ki, belə illərdə həmsədr dövlətlərin başları öz daxili işlərinə,
daxili siyasətlərinə qarışacaq. 2013-cü ildə isə, həm Azərbaycanda, həm də
Ermənistanda prezident seçkiləridir, heç şübhəsiz ki, belə olan halda
danışıqlar prosesində bir müddət sakitçilik, durğunluq müşahidə ediləcək. Belə
olan təqdirdə, məhz 2011-ci il gələcək illərdən daha şanslı il sayılırdı. Nəticə
etibarilə Kazan görüşü məyusedici
nəticələrlə sonuclandı və bu danışıqlar prosesində ciddi irəliləyişlər əldə
olunmadı. Eləcə də, həmsədrlər öz ənənəvi funksiyalarını həyata keçirmək
istəyirdilər. Onların isə məqsədləri belə olub ki, qarşı tərəflərin mövqelərini
yaxınlaşdırsınlar və bu kontekstdə prezidentlərin növbəti görüşlərinə nail ola
bilsinlər. Məndə belə inam var ki, həmsədrlərin regiona səfəri zamanı
Ermənistan tərəfi həmsədrlərə tamamilə başqa informasiyalar verir, guya bu və
ya digər məsələlərlə bağlı onların kompromisə gəlməyinə hazır olduqlarını
nümayiş etdirirlər. Lakin son məqam gəlib çatanda-prezidentlərin görüşü zamanı,
Ermənistanın mövqeyi dəyişir və bu, həmsədrlərin özünü də təəccübləndirir.
- İddialara görə, həmsədrlər bu dəfəki səfərləri
zamanı, yeni təkliflər paketi ilə çıxış edəcəklər. Belə çıxır ki, problemin həlli
ilə bağlı irəli sürülən əvvəlki layihələrdən imtina olunur?
- Son zamanlar Fransa xarici işlər nazirliyi
tərəfindən də bu məsələ ilə bağlı müəyyən açıqlamalar verilib. Fransa xarici
işlər nazirliyi tərəfindən müəyyən təkliflər irəli sürülüb və yeni təkliflər
ideyası elə də nikbin deyil. Daha dəqiq desək, yeni ideyalar verilirsə, bu,
köhnə ideyaların qəbuledilməzliyi anlamına gəlir. Köhnəni isə Azərbaycan qəbul
etmişdi. Amma Ermənistan öncəki ideyaları qəbul etmir. Ermənistan köhnəni qəbul
etmirsə, təbii ki, yeni ideyalar yaranır, yenisi yarandıqda isə Ermənistanın
bunu qəbul etməsi marağı nəzərə alınır. Və belə qənaətə gəlmək mümkündür ki,
əgər bu təkliflər yararlıdırsa, əvvəlki təkliflərdən, əvvəlki yeniləşmiş Madrid
prinsiplərindən münasibətdə bir az da irəli yox, iki addım geriyə xarakterizə
oluna bilər. Amma bir şey də var ki, bu təkliflərin necə olmasından asılı
olmayaraq, həmin təkliflər Azərbaycana da təklif olunacaq. Müəyyən edilmiş
təkliflər yeniləşmiş Madrid prinsiplərinin formasına və onun ruhuna ziddi
olduğu qənaətinə gələrsə, Azərbaycanın milli dövlətçilik maraqlarına uyğun
olmadığı qənaətinə gələrsə, təbii ki, həmin təkliflər qəbul olunmayacaq. Ermənistanın vaxtı udmaq taktikası isə
əslində sülhə gedən yolu qısaltmır, digər variantlara gedən yolu kiçildir. Hesab
edirəm ki, bu yol Ermənistana heç nə yaxşı vəd etmir. Azərbaycanın Silahlı Qüvvələrinin
yaranmasının 93-cü ildönümünə həsr edilmiş paradda çıxış edən Prezident İlham
Əliyev bir daha bəyan etdi ki, bütün dünya bir daha eşitdi ki, Azərbaycan
güclənməkdədir, xüsusilə, hərbi baxımdan Azərbaycan ilbəil güclənir və bu,
Azərbaycanın militarist dövlət olmağından irəli gəlmir, hər bir özünə hörmət
edən dövlətin torpaqları işğal altında qalarsa, belə bir addım atar və bundan
da artıq funksiyalar həyata keçirə bilər. Bu, həm də beynəlxalq vasitəçilərin
münaqişənin dinc yolla həll edə bilməməsi vasitələrindən qaynaqlanır.
- Əgər
Ermənistan konstruktiv dialoqdan yayınırsa, bu halda hansı meyarlar əsas
götürülərək danışıqlar davam etdirilir və hansı başqa yollardan istifadə etmək
mümkündür?
- Məsələ ondadır ki, BMT-də təmsil olunan 193
dövlət var və Azərbaycanı çıxmaq şərtilə həmin dövlətlərin böyük əksəriyyəti
münaqişənin sülh yolu ilə tənzimlənməsini istəyirlər. Əgər indiki məqamda
Azərbaycan hərbi əməliyyatlara başlasa, təbii ki, BMT-də təmsil olunan
dövlətlər müəyyən mənada buna qarşı çıxa bilərlər. Baxmayaraq ki, BMT
nizamnaməsinin 51-ci maddəsi bizə o hüququ verir. Həmin maddəyə görə ərazisi
işğala məruz qalan dövlət özünü fərdi və kollektiv müdafiə hüququna malikdir. Xatırladaq
ki, 11 sentyabr hadisələrindən sonra Amerika Birləşmiş Ştatları məhz bu maddəyə
istinad edərək Əfqanıstana qarşı hərbi əməliyyatlara başladı. Azərbaycan da
digər işğala məruz qalmış dövlətlər kimi öz ərazilərini təcavüzdən azad etmək
hüququna malikdir.
- ABŞ-Fransa-Rusiya
tərəfləri müharibədən qaçmağı tövsiyyə edirlər. Sülh yolu ilə isə, təcavüzkar
Ermənistan işğal etdiyi torpaqları azad etmək istəmir. Sizcə, həmsədr dövlətlər
bunu nəzərə alırlarmı?
- Onu da xatırlatmaq vacibdir ki, BMT nizamnaməsinin 25-ci maddəsi mövcuddur və bu maddədə göstərilib ki, BMT Təhlükəsizlik Şurasının verdiyi qərarlar məcburi xarakter daşıyır. Azərbaycana aid isə 1993-cü ildə 4 qətnamə qəbul edilib. Bəs niyə və nəyə görə 25-ci maddə hələ də icra edilmir? Bu nöqteyi-nəzərdən. Bu kontekstdən Avropa Şurası Parlament Assambleyası da, İslam Konfransı Təşkilatı və digər nüfuzlu brynəlxalq təşkilatlar Ermənistanı təcavüzkar dövlət kimi tanıyır. Bu sənədlər bizim üçün sabah çox vacib və mühüm əhəmiyyət kəsb edən vasitələrdir. İndiki zamanda isə, Azərbaycanın taktikası yalnız güclənməyə doğru inkişaf edir. Azərbaycan özünün bugünkü iqtisadi və siyasi potensialı ilə daha da qüdrətli ölkəyə çevrilməkdədir və gələcəkdə bütün bunlar ölkəmizin Ermənistandan bir neçə dəfə deyil, on dəfələrlə güclü olmasına bariz nümunədir. Belə olan halda, müharibə variantı 99,9 faiz göstərici ilə öncüllük təşkil edəcək. Buna isə, daha dəqiq desək, Azərbaycanın işğalçı Ermənistandan dəfələrlə deyil, on dəfələrlə daha güclü olmasına çox qısa zaman qalıb.
RÖVŞƏN RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə