Elman Nəsirli: “Azərbaycanın işğalçı Ermənistandan dəfələrlə deyil, on dəfələrlə daha güclü olmasına çox qısa zaman qalıb"-MÜSAHİBƏ

6 İyul 2011 17:28 (UTC+04:00)

Politoloq Elman Nəsirlinin "Səs" qəzetinə müsahibəsi:

- ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona növbəti səfərləri başlayıb. Sizcə, növbəti müzakirələr və danışıqlar aparmaq Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi yardımçı ola bilər?

- Artıq bildiyimiz kimi, Kazan görüşü məyusedici nəticələrlə yekunlaşdı. Bəs, Kazan görüşündən nə gözlənilirdi? Gözlənilirdi ki, 2009-cu ilin sonunda irəli sürülmüş yeniləşmiş Madrid prinsipləri nəzərə alınacaq və Ermənistan həmin prinsipləri qəbul edə bilər. Eyni zamanda bundan sonrakı danışıqlarda da növbəti fazaya keçmək üçün şərait yaranar. Lakin bu görüş də onu göstərdi ki, Ermənistan vaxtı uzatmaq taktikasını həyata keçirir. Beynəlxalq ictimai fikri aldatmaq üçün permanent variantlardan istifadə edir. Danışıqlardan imtina etmir və bununla da fon yaratmaq istəyir ki, Ermənistan tərəfi sülhpərvər dövlətdir və guya istənilən halda münaqişənin həllində maraqlıdır. Baxmayaraq ki, danışıqlara getməmişdən öncə ictimaiyyət bilirdi ki, Ermənistan heç bir razılığa getməyəcək. Belə hesab edirəm ki, 2011-ci il daha çox münaqişənin həlli ilə bağlı yaxşı imkanların olduğu, lakin Ermənistan üzündən həmin imkanların itirildiyi il kimi qəbul edilə bilər. Çox təəssüflə bunu qeyd edirəm ki, hadisələrin gedişatı, Ermənistanın atdığı addımlar xoşagəlməz nəticələrə gəlməyə əsas verir.

Yaddan çıxarmayaq ki, 2012-ci ildə üç həmsədr dövlətin hər birində prezident seçkiləri ilidir və təbii ki, belə illərdə həmsədr dövlətlərin başları öz daxili işlərinə, daxili siyasətlərinə qarışacaq. 2013-cü ildə isə, həm Azərbaycanda, həm də Ermənistanda prezident seçkiləridir, heç şübhəsiz ki, belə olan halda danışıqlar prosesində bir müddət sakitçilik, durğunluq müşahidə ediləcək. Belə olan təqdirdə, məhz 2011-ci il gələcək illərdən daha şanslı il sayılırdı. Nəticə etibarilə Kazan görüşü məyusedici nəticələrlə sonuclandı və bu danışıqlar prosesində ciddi irəliləyişlər əldə olunmadı. Eləcə də, həmsədrlər öz ənənəvi funksiyalarını həyata keçirmək istəyirdilər. Onların isə məqsədləri belə olub ki, qarşı tərəflərin mövqelərini yaxınlaşdırsınlar və bu kontekstdə prezidentlərin növbəti görüşlərinə nail ola bilsinlər. Məndə belə inam var ki, həmsədrlərin regiona səfəri zamanı Ermənistan tərəfi həmsədrlərə tamamilə başqa informasiyalar verir, guya bu və ya digər məsələlərlə bağlı onların kompromisə gəlməyinə hazır olduqlarını nümayiş etdirirlər. Lakin son məqam gəlib çatanda-prezidentlərin görüşü zamanı, Ermənistanın mövqeyi dəyişir və bu, həmsədrlərin özünü də təəccübləndirir.

- İddialara görə, həmsədrlər bu dəfəki səfərləri zamanı, yeni təkliflər paketi ilə çıxış edəcəklər. Belə çıxır ki, problemin həlli ilə bağlı irəli sürülən əvvəlki layihələrdən imtina olunur?

- Son zamanlar Fransa xarici işlər nazirliyi tərəfindən də bu məsələ ilə bağlı müəyyən açıqlamalar verilib. Fransa xarici işlər nazirliyi tərəfindən müəyyən təkliflər irəli sürülüb və yeni təkliflər ideyası elə də nikbin deyil. Daha dəqiq desək, yeni ideyalar verilirsə, bu, köhnə ideyaların qəbuledilməzliyi anlamına gəlir. Köhnəni isə Azərbaycan qəbul etmişdi. Amma Ermənistan öncəki ideyaları qəbul etmir. Ermənistan köhnəni qəbul etmirsə, təbii ki, yeni ideyalar yaranır, yenisi yarandıqda isə Ermənistanın bunu qəbul etməsi marağı nəzərə alınır. Və belə qənaətə gəlmək mümkündür ki, əgər bu təkliflər yararlıdırsa, əvvəlki təkliflərdən, əvvəlki yeniləşmiş Madrid prinsiplərindən münasibətdə bir az da irəli yox, iki addım geriyə xarakterizə oluna bilər. Amma bir şey də var ki, bu təkliflərin necə olmasından asılı olmayaraq, həmin təkliflər Azərbaycana da təklif olunacaq. Müəyyən edilmiş təkliflər yeniləşmiş Madrid prinsiplərinin formasına və onun ruhuna ziddi olduğu qənaətinə gələrsə, Azərbaycanın milli dövlətçilik maraqlarına uyğun olmadığı qənaətinə gələrsə, təbii ki, həmin təkliflər qəbul olunmayacaq. Ermənistanın vaxtı udmaq taktikası isə əslində sülhə gedən yolu qısaltmır, digər variantlara gedən yolu kiçildir. Hesab edirəm ki, bu yol Ermənistana heç nə yaxşı vəd etmir. Azərbaycanın Silahlı Qüvvələrinin yaranmasının 93-cü ildönümünə həsr edilmiş paradda çıxış edən Prezident İlham Əliyev bir daha bəyan etdi ki, bütün dünya bir daha eşitdi ki, Azərbaycan güclənməkdədir, xüsusilə, hərbi baxımdan Azərbaycan ilbəil güclənir və bu, Azərbaycanın militarist dövlət olmağından irəli gəlmir, hər bir özünə hörmət edən dövlətin torpaqları işğal altında qalarsa, belə bir addım atar və bundan da artıq funksiyalar həyata keçirə bilər. Bu, həm də beynəlxalq vasitəçilərin münaqişənin dinc yolla həll edə bilməməsi vasitələrindən qaynaqlanır.

- Əgər Ermənistan konstruktiv dialoqdan yayınırsa, bu halda hansı meyarlar əsas götürülərək danışıqlar davam etdirilir və hansı başqa yollardan istifadə etmək mümkündür?

- Məsələ ondadır ki, BMT-də təmsil olunan 193 dövlət var və Azərbaycanı çıxmaq şərtilə həmin dövlətlərin böyük əksəriyyəti münaqişənin sülh yolu ilə tənzimlənməsini istəyirlər. Əgər indiki məqamda Azərbaycan hərbi əməliyyatlara başlasa, təbii ki, BMT-də təmsil olunan dövlətlər müəyyən mənada buna qarşı çıxa bilərlər. Baxmayaraq ki, BMT nizamnaməsinin 51-ci maddəsi bizə o hüququ verir. Həmin maddəyə görə ərazisi işğala məruz qalan dövlət özünü fərdi və kollektiv müdafiə hüququna malikdir. Xatırladaq ki, 11 sentyabr hadisələrindən sonra Amerika Birləşmiş Ştatları məhz bu maddəyə istinad edərək Əfqanıstana qarşı hərbi əməliyyatlara başladı. Azərbaycan da digər işğala məruz qalmış dövlətlər kimi öz ərazilərini təcavüzdən azad etmək hüququna malikdir.

- ABŞ-Fransa-Rusiya tərəfləri müharibədən qaçmağı tövsiyyə edirlər. Sülh yolu ilə isə, təcavüzkar Ermənistan işğal etdiyi torpaqları azad etmək istəmir. Sizcə, həmsədr dövlətlər bunu nəzərə alırlarmı?

- Onu da xatırlatmaq vacibdir ki, BMT nizamnaməsinin 25-ci maddəsi mövcuddur və bu maddədə göstərilib ki, BMT Təhlükəsizlik Şurasının verdiyi qərarlar məcburi xarakter daşıyır. Azərbaycana aid isə 1993-cü ildə 4 qətnamə qəbul edilib. Bəs niyə və nəyə görə 25-ci maddə hələ də icra edilmir? Bu nöqteyi-nəzərdən. Bu kontekstdən Avropa Şurası Parlament Assambleyası da, İslam Konfransı Təşkilatı və digər nüfuzlu brynəlxalq təşkilatlar Ermənistanı təcavüzkar dövlət kimi tanıyır. Bu sənədlər bizim üçün sabah çox vacib və mühüm əhəmiyyət kəsb edən vasitələrdir. İndiki zamanda isə, Azərbaycanın taktikası yalnız güclənməyə doğru inkişaf edir. Azərbaycan özünün bugünkü iqtisadi və siyasi potensialı ilə daha da qüdrətli ölkəyə çevrilməkdədir və gələcəkdə bütün bunlar ölkəmizin Ermənistandan bir neçə dəfə deyil, on dəfələrlə güclü olmasına bariz nümunədir. Belə olan halda, müharibə variantı 99,9 faiz göstərici ilə öncüllük təşkil edəcək. Buna isə, daha dəqiq desək, Azərbaycanın işğalçı Ermənistandan dəfələrlə deyil, on dəfələrlə daha güclü olmasına çox qısa zaman qalıb.


RÖVŞƏN RƏSULOV