“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” - ŞƏRH

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” - ŞƏRH

"Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində verdiyi mesajlar təkcə ölkəmiz üçün deyil, bütövlükdə regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir. Bu mənada, dövlətimizin başçısının müsahibəsinin xarici ölkələrin mediasının diqqət mərkəzində olması təsadüfi deyil". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Cənubi Qafqazda formalaşan yeni reallıqlar regionun siyasi, iqtisadi-ticari, eləcə də nəqliyyat potensialının inkişafı istiqamətində də mühüm perspektiv formalaşdırıb:

“Bu gün Bakı Avrasiyanın mühüm geosiyasi məkanlarından birində yerləşən ölkə kimi Şərqlə Qərb, Şimalla Cənub arasında nəqliyyat və logistika əlaqələrinin genişləndirilməsində aparıcı rol oynayır. Son illər inkişaf etdirilən iqtisadi layihələr Azərbaycanı böyük mənada Avrasiyanın nəqliyyat xəritəsinin əsas mərkəzlərindən birinə çevirib. Bu geniş xəritədə Naxçıvanın xüsusi yeri var. Cənab Prezidentin səfəri və səfər zamanı verilən mesajlar Naxçıvanı dünyanın diqqət mərkəzinə çevirdi.

Uzun illər Ermənistan tərəfindən blokadaya alınmış Naxçıvan bu gün tamamilə fərqli perspektivlə üz-üzədir. Azərbaycanın əsas hissəsindən ayrı düşmüş muxtar respublikanın əlverişli coğrafi mövqeyi yeni kommunikasiya imkanlarının formalaşması ilə mühüm iqtisadi üstünlüyə çevrilə bilər. Bu baxımdan Zəngəzur dəhlizi xüsusi əhəmiyyət daşıyır. Dəhlizin reallaşması Naxçıvanı Azərbaycan daxilində mühüm nəqliyyat bağlantısı, daha geniş anlamda isə Şərqlə Qərb arasında yeni tranzit qovşağı kimi ön plana çıxarır. Bu proses həm muxtar respublikanın iqtisadi inkişafına, həm Azərbaycanın tranzit potensialının genişlənməsinə, həm də bütövlükdə regionda yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edəcək. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, “ əgər biz nəqliyyat dəhlizlərindən danışırıqsa, bu gün təbii ki, Naxçıvanın timsalında yeni nəqliyyat damarlarını görürük. Biz bunu yaradırıq. Bunu yaratmaq üçün bir çox işlər görülüb və görüləcək. Ona görə bu məsələlərə daim diqqət göstərilir və göstəriləcək”.

Millət vəkilinin sözlərinə görə, Naxçıvanın malik olduğu strateji coğrafi mövqenin yaratdığı imkanların tam reallaşdırılması baxımından ən mühüm istiqamətlərdən biri Zəngəzur dəhlizidir. Azərbaycanın təşəbbüsü kimi postmüharibə dövründə gündəmə gətirilən bu kommunikasiya layihəsi artıq regional nəqliyyat gündəliyinin mühüm elementlərindən birinə çevrilib. Dəhliz ideyasının ətrafında formalaşan siyasi və iqtisadi diqqət onun yalnız Azərbaycan üçün deyil, daha geniş coğrafiyada yerləşən dövlətlər üçün də əhəmiyyət daşıdığını göstərir. Dəhlizin əsas üstünlüklərindən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yeni nəqliyyat bağlantısının yaradılmasıdır. Lakin layihənin əhəmiyyəti bununla məhdudlaşmır. Bu marşrut Şərqdən Qərbə uzanan daha geniş nəqliyyat sisteminin tərkib hissəsinə çevrilməklə Xəzər hövzəsini Cənubi Qafqaz, Türkiyə və Avropa ilə daha səmərəli şəkildə əlaqələndirə bilər.
Azərbaycanın təşəbbüsü ilə gündəmə gətirilən dəhliz zaman keçdikcə müxtəlif ölkələrin və beynəlxalq nəqliyyat aktorlarının diqqət mərkəzinə daxil olub. Çünki müasir dünyada nəqliyyat dəhlizləri yalnız yükdaşımaların həyata keçirildiyi yollar deyil, həm də iqtisadi əlaqələrin, ticarətin və regional əməkdaşlığın əsas dayaqlarıdır. Naxçıvan üçün isə layihənin əhəmiyyəti daha böyükdür. Muxtar respublika bu dəhlizin mühüm həlqələrindən birinə çevrilərək Şərqdən gələn nəqliyyat axınlarının Qərbə istiqamətləndirilməsində əsas tranzit məkanlardan biri kimi çııxış edəcək. Bunun nəticəsində Naxçıvanda logistika mərkəzlərinin, yükdaşıma infrastrukturlarının və yeni biznes imkanlarının inkişafı üçün əlverişli şərait yaranacaq.

Ən mühüm məqam isə Naxçıvanın coğrafi mövqeyinin real iqtisadi üstünlüyə çevrilməsidir. Əsrlər boyu Şərqlə Qərb arasında keçid məkanı olmuş Naxçıvan müasir nəqliyyat infrastrukturu hesabına bu tarixi funksiyanı yeni məzmunla bərpa edir. Bu baxımdan Zəngəzur dəhlizi sadəcə bir yol layihəsi deyil, Naxçıvanın gələcək geoiqtisadi mövqeyini müəyyənləşdirə biləcək strateji layihə kimi qiymətləndirilir.

Pərvin Kərimzadə qeyd edib ki, Zəngəzur dəhlizinin əsas strateji perspektivlərindən biri də Naxçıvan üzərindən Türkiyəyə, oradan isə Avropaya çıxış imkanlarının genişlənməsidir. Bu baxımdan Naxçıvan Azərbaycanı Qərb bazarlarına bağlayan mühüm nəqliyyat halqasına çevrilmək potensialına malikdir.
Dəhliz çərçivəsində Naxçıvana dəmir yolu bağlantısının bərpası istiqamətində görülən işlər bu perspektivi daha da gücləndirir. Digər tərəfdən, Türkiyə ərazisində Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin həyata keçirilməsi iki qardaş ölkə arasında nəqliyyat əlaqələrinin yeni mərhələyə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təməlqoyma mərasimi 22 avqust 2025-ci ildə baş tutan layihə Zəngəzur dəhlizinin mühüm hissələrindən biri kimi təqdim edilir. Xəttin ümumi uzunluğu 224 kilometrdir və Qars-İğdır-Aralıq-Dilucu marşrutu üzrə çəkilir. Dilucu məntəqəsi Türkiyənin Naxçıvanla sərhədində yerləşir. Bu layihə Naxçıvanın Türkiyə və daha geniş Avropa nəqliyyat sisteminə inteqrasiyası üçün yeni imkanlar yaradacaq.

"Naxçıvanın coğrafi mövqeyi onu yalnız Azərbaycanın digər əraziləri ilə əlaqələndirilən məkan kimi deyil, həm də Avrasiyanın böyük nəqliyyat şəbəkəsində tranzit seqmenti kimi təqdim edir. Xəzərdən başlayan nəqliyyat marşrutlarının Naxçıvan və Türkiyə üzərindən Avropaya çıxması qlobal mənada yeni iqtisadi və logistika imkanları yaradır. Beləliklə, Zəngəzur dəhlizi Naxçıvanı yalnız Şərqə bağlayan marşrut deyil. Əksinə, onun strateji mahiyyətində Şərq-Qərb əlaqələrinin təmin edilməsi dayanır. Bu baxımdan Naxçıvan gələcəkdə Qərb dünyası üçün Şərqin qapılarından birinə çevrilə bilər" - deyən Pərvin Kərimzadə əlavə edib ki, bu bağlantı dövlətlərarası münasibətlər baxımından da mühüm nəticələr doğura bilər. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, kommunikasiyaların açılması və regional iqtisadi əlaqələrin genişlənməsi qarşılıqlı asılılığı artıraraq uzunmüddətli sabitliyə xidmət edə bilər. Yəni nəqliyyat xətti zamanla siyasi və iqtisadi əməkdaşlığın mühüm alətinə çevrilə bilər. Əslində, Azərbaycanın müharibədən sonra irəli sürdüyü kommunikasiya təşəbbüslərinin əsas məntiqi də bundan ibarətdir: regionda qarşıdurma və təcrid modelindən əməkdaşlıq və qarşılıqlı fayda modelinə keçid. Naxçıvanın Azərbaycanla birbaşa quru əlaqəsinin bərpası bu yeni yanaşmanın ən mühüm nəticələrindən biri ola bilər.

"Bütün bunların fonunda beynəlxalq birlik regionun perspektivlərinə böyük ümidlərlə baxır. Ona görə də, Prezident İlham Əliyevin müsahibəsinin xarici medianın diqqət mərkəzində olması dövlətimizin başçısının beynəlxalq miqyasda güclü və nüfuzlu lider və Azərbaycanın dünya üçün çox önəmli ölkə olmasını bir daha təsdiqləyir" - deyə, deputat vurğulayıb.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə