"Siyasi rəqabət milli dəyərlərdən üstün tutulmamalıdır" - DEPUTAT DANIŞDI

"Siyasi rəqabət milli dəyərlərdən üstün tutulmamalıdır" - DEPUTAT DANIŞDI

"Müxalif Müsavat Partiyasının lideri İsa Qəmbər və partiyanın rəhbər üzvləri Füzuli rayonunun Kürdlər kəndinə səfər ediblər. Məlum olduğu kimi, bu kənd İsa Qəmbərin ata-baba yurdudur. Əlbəttə, tanınmış bir şəxsin öz doğma kəndinə, ata-baba yurduna səfər etməsi tamamilə normal və təbii haldır".

Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, lakin səfərlə bağlı yayılan məlumatlarda nə İsa Qəmbərin, nə də onu müşayiət edən digər şəxslərin bu kəndin azad olunmasında iştirak edən Azərbaycan əsgərlərinə, eləcə də işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində həyata keçirilən siyasətə və bu prosesə rəhbərlik edən Ali Baş Komandan, Prezident İlham Əliyevə təşəkkür etdiyini eşitmədik:

"Siyasətdə kiməsə və ya hansısa siyasi qüvvəyə müxalif mövqedə olmaq mümkündür. Bu, siyasi fəaliyyətin və demokratik mübarizənin təbii hissəsidir. Lakin siyasi rəqibin tarixə düşən, dövlət və xalq üçün mühüm əhəmiyyət daşıyan fəaliyyətini qiymətləndirmək, həmin uğura görə təşəkkür və minnətdarlıq bildirmək də siyasi mədəniyyətin vacib elementlərindən biridir.

Gözləmək olardı ki, İsa Qəmbər öz ata-baba yurdunun işğaldan azad olunmasına görə Azərbaycan əsgərinə, şəhidlərimizə və Ali Baş Komandana təşəkkürünü ifadə etsin. Bu, heç də onun müxalif mövqeyindən imtina etməsi və ya siyasi baxışlarını dəyişməsi anlamına gəlməzdi. Əksinə, bu addım siyasi mədəniyyətin və dövlətçilik məsələlərində ümummilli maraqların siyasi fərqliliklərdən üstün tutulduğunun göstəricisi ola bilərdi.

Lakin biz İsa Qəmbərin çıxışlarında və səfərlə bağlı yayılan məlumatlarda belə bir mövqeyin ifadə olunduğunu görmədik. Maraqlıdır, o, ata-baba kəndində olarkən düşünürdümü ki, bu torpaqlar Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlətçilik siyasəti, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın birliyi nəticəsində işğaldan azad olunub?

İsa Qəmbər və onun siyasi çevrəsi uzun illər hakimiyyətə qarşı qəti və radikal müxalif mövqedə olublar. Onlar hakimiyyətin fəaliyyətini həmişə hallarda tənqid edib və əldə olunan uğurları müsbət qiymətləndirməyiblər. Lakin bütün siyasi fərqliliklərə baxmayaraq, həyata keçirilən siyasətin nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub, işğal altında olan torpaqlarımız azad edilib.

Vaxtaşırı mətbuatda və sosial şəbəkələrdə əslən Qarabağ və Şərqi Zəngəzurdan olan insanların öz doğma yurdlarına səfər etmələri, ata-baba evlərini ziyarət etmələri, yaxınlarının məzarlarını tapmaları ilə bağlı xəbərlər və görüntülər yayımlanır. Həmin insanlar öz doğma torpaqlarına qayıtmaq imkanına görə Azərbaycan əsgərinə, şəhidlərimizə və Ali Baş Komandana minnətdarlıqlarını bildirirlər.

Lakin İsa Qəmbər bu addımı atmadı. O, öz ata-baba yurduna sərbəst şəkildə gedib-gəlmək imkanı yaradan siyasi rəqibinə təşəkkür etməyi seçmədi.

Ancaq bu təşəkkürü Azərbaycan xalqı ifadə edir. Bu minnətdarlıq öz doğma yurdlarına qayıdan on minlərlə keçmiş məcburi köçkünün sevincində, Qarabağda və Şərqi Zəngəzurda yenidən qurulan şəhər və kəndlərdə, Xankəndidə fəaliyyət göstərən Qarabağ Universitetinin müəllim və tələbələrinin fəaliyyətində, eləcə də işğaldan azad edilmiş ərazilərdə formalaşan yeni həyatın hər bir nümunəsində özünü göstərir.

Azərbaycan xalqı əldə olunan tarixi qələbəni, ərazi bütövlüyünün və suverenliyin bərpasını yüksək qiymətləndirir. Bu uğurun əldə olunmasında əməyi olan Azərbaycan əsgərlərinə, şəhidlərimizə və ölkə rəhbərliyinə öz minnətdarlığını bildirir. Bu təşəkkür və minnətdarlıq xalqın yaddaşında, eləcə də işğaldan azad edilmiş torpaqlarda yenidən qurulan həyatda öz əksini tapır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə