"Forum Azərbaycanın qlobal miqyasda mövqeyini daha da möhkəmləndirəcək" - ŞƏRH

"Forum Azərbaycanın qlobal miqyasda mövqeyini daha da möhkəmləndirəcək" - ŞƏRH

"Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda 4-cü Şuşa Qlobal Media Forumunun keçirilməsi təkcə regional deyil, həm də qlobal miqyasda beynəlxalq hüququn aliliyinin, informasiya təhlükəsizliyinin təmin olunması və etimad mühitinin reabilitasiyası istiqamətində fundamental doktrinal platforma rolunu oynayır".

Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, dünyanın 54 ölkəsindən 160-a yaxın mötəbər media nümayəndəsinin, ekspertin, rəsmi şəxsin, eləcə də 30-a yaxın beynəlxalq informasiya agentliyinin və 60-dan çox aparıcı media qurumunun bu dialoqa cəlb edilməsi, Azərbaycanın qlobal informasiya memarlığının formalaşdırılmasında və yeni tendensiyaların müəyyənləşdirilməsində güclənən mütləq mövqeyinin, artan hüquqi-siyasi nüfuzunun bariz göstəricisidir:

"​Şuşa Qlobal Media Forumunun mütəmadi olaraq beynəlxalq gündəliyin ən aktual çağırışlarına həsr edilməsi və qlobal intellektual elitanın cəmləşdiyi strateji mərkəzə çevrilməsi, birbaşa Prezidenti İlham Əliyevin uzaqgörən xarici siyasət kursunun, postmünaqişə dövrünün reallıqlarını və beynəlxalq hüququn fundamental prinsiplərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətindəki qətiyyətli və ardıcıl fəaliyyətinin məntiqi nəticəsidir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən hüquqi və siyasi strategiya, Azərbaycanı beynəlxalq arenada sadəcə enerji tərəfdaşı və ya hərbi-siyasi güc kimi deyil, həm də qlobal humanitar və informasiya diplomatiyasının əsas aktorlarından, qayda müəyyənedici subyektlərindən biri kimi mövqeləndirmişdir. Ölkəmizin qlobal informasiya siyasətindəki bu mütləq mövqeyi uzun illər məruz qaldığımız transmilli dezinformasiya hücumlarına qarşı dövlət başçısının rəhbərliyi ilə nümayiş etdirilən strateji dayanıqlılığa, milli informasiya məkanının qorunması prinsiplərinə və beynəlxalq hüququn ümumi tanınmış normalarına əsaslanır.

4-cü Şuşa Forumunun gündəliyinə daxil edilmiş mövzuların strukturu, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 1-ci və 2-ci maddələrində təsbit olunmuş beynəlxalq sülhün və təhlükəsizliyin qorunması, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət olunması prinsipləri ilə tam sinxronluq təşkil edir. Forum çərçivəsində medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu və ictimai etimadın bərpası kimi məsələlərin müzakirəsi, BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktının 19-cu maddəsində təsbit edilmiş ifadə azadlığının daşıdığı xüsusi vəzifə və məsuliyyət prinsiplərinə, habelə ATƏT-in Helsinki Yekun Aktının prinsiplərinə əsaslanır. Bu isə medianın destruktiv məqsədlər üçün deyil, cəmiyyətlər arasında etimadın yaradılması üçün istifadə olunmasını hüquqi bir zərurət kimi irəli sürür.

Eyni zamanda, transmilli xarakter daşıyan və dövlətlərin daxili sabitliyini hədəf alan dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması çağırışları, dövlətlərin suveren bərabərliyi prinsipinin rəqəmsal məkanda da qorunmasının vacibliyini və kiberinformasiya manipulyasiyalarının beynəlxalq hüquqa zidd əməllər olduğunu bir daha aktuallaşdırır.

​Forumdan gözlənilən ən mühüm nəticələrdən biri də süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika üzrə universal normativ-etik çərçivələrin müəyyənləşdirilməsidir ki, bu da UNESCO-nun informasiya və kommunikasiya sahəsindəki qlobal sənədlərinin, o cümlədən İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin müddəalarının rəqəmsal əsrə adaptasiyası baxımından böyük əhəmiyyət kəsb edir. Cəmiyyətlər arasında rəqəmsal həmrəyliyin gücləndirilməsinə və qlobal müstəvidə sülhün təmin olunmasına hədəflənən praktiki addımların atılmasına töhfə verməyi qarşısına məqsəd qoyan 4-cü Şuşa Qlobal Media Forumu, Azərbaycanın qlobal miqyasda informasiya siyasətini yönləndirən intellektual əməkdaşlıq mərkəzi kimi statusunu və mütləq mövqeyini daha da möhkəmləndirəcək".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə