"Azərbaycan humanitar yardımlarla beynəlxalq nümunə yaradır" - MÖVQE

"Humanitar yardımla bağlı qeyd etmək lazımdır ki, hələlik bir çox dövlətlər bu məsələdə dövlət səviyyəsində ciddi humanitar yardım göstərmirlər".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Azərbaycan isə bu sahədə fəal mövqe nümayiş etdirir: "Məsələn, Azərbaycan Ukraynaya humanitar yardım göstərir və ümumilikdə bu istiqamətdə aktiv fəaliyyət aparır.

Göründüyü kimi, Azərbaycan artıq beynəlxalq müstəvidə humanitar təşəbbüsləri ilə seçilən ölkələrdən biridir. Digər dövlətlər də bu baxımdan Azərbaycandan nümunə götürə bilərlər. Bu yanaşma həm də ölkə rəhbərliyinin humanitar dəyərlərə verdiyi önəmi göstərir və müharibələrə qarşı mövqeni ifadə edir. Azərbaycan daim sülh siyasətini təbliğ edən və münaqişələrin sülh yolu ilə həllini dəstəkləyən bir ölkə kimi çıxış edir.

Hesab edirəm ki, Azərbaycanın Cənubi Qafqaz regionunda yaratdığı sülh və təhlükəsizlik mühiti artıq beynəlxalq səviyyədə də qəbul olunmaqdadır. Azərbaycan təkcə regionda deyil, ümumilikdə beynəlxalq müstəvidə sülhün və təhlükəsizliyin tərəfdarı kimi çıxış edir, humanitar problemlərə səbəb olan müharibələrin əleyhinə olduğunu açıq şəkildə göstərir. İrana göndərilən humanitar yardım da Azərbaycanın qonşu İran xalqına və dövlətinə olan etimadının və humanitar münasibətinin göstəricisidir. Maraqlıdır ki, bir çox ölkələr hələlik bu addımı atmayıblar. Hətta müsəlman ölkələri arasında da bu addımı atan ilk ölkələrdən biri məhz Azərbaycan olub.

Bütün bunlar onu göstərir ki, Azərbaycan dost və tərəfdaş ölkələrlə münasibətlərdə açıq mövqe sərgiləyir. Eyni zamanda milli maraqlarını qorumaqla yanaşı, regionda və dünyada yeni böhranların yaranmasında maraqlı olmadığını da nümayiş etdirir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə