Azərbaycan İsrail ilə aqrar sahədə İşçi Qrupun fəaliyyətinin genişləndirilməsini müzakirə edib

Azərbaycan və İsrail arasında aqrar sahədə əməkdaşlıq, kənd təsərrüfatı sahəsində ticarət dövriyyəsinin artırılması, İşçi Qrupun fəaliyyətinin genişləndirilməsi müzakirə olunub.

SİA Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Məcnun Məmmədovla İsrailin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüşündə aparılıb.

Görüşdə həmçinin heyvandarlıq və toxumçuluq sahələrində ən müasir texnologiyaların transferi, aqrar tədqiqatlar və təcrübə proqramları sahələrində əməkdaşlığın genişləndirilməsi, suvarma sahəsində İsrail təcrübəsinin öyrənilməsi məsələləri müzakirə olunub, iki ölkə arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.

Görüşdə M. Məmmədov Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, ölkəmizdə həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən dəstək tədbirləri həyata keçirilir.

M. Məmmədov bu ilin yanvar ayında İsrailə səfəri zamanı bu ölkənin kənd təsərrüfatı və qida təhlükəsizliyi naziri Avi Dixter ilə görüşdüyünü, akvakultura və innovasiyalar sahəsində aparıcı mərkəzlərin, müasir heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olduğunu xatırladıb, aqrar sahədə səmərəli əməkdaşlığın qurulduğunu vurğulayıb.

R. Krausz isə öz növbəsində bildirib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Tərəflər aqrar sahədə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə